Nəqliyyat vasitəsini idarə edərkən diqqətli olmaq cəmiyyətin təhlükəsizliyi üçün çox vacibdir
Son günlərin əsas müzakirə mövzularından biri də avtomobili idarə edərkən sürücünün yanındakı sərnişinlə söhbət etməsinə görə cərimə ödəyəcəyi ilə bağlı məsələdir. Demək olar ki, kütləvi informasiya vasitələri, sosial şəbəkələrdə bu mövzu geniş müzakirə predmetinə çevrilib. Əsas sual doğuran məqam ondan ibarətdir ki, yol polis əməkdaşı sürücünün avtomobili idarə edərkən söhbət etdiyini necə müəyyənləşdirəcək.
24 Oktyabr 2017 13:32 SosialBaş verən avtoqəzaların əsas səbəblərindən biri sürücülərin diqqətinin yayınması və bununla bağlı idarəçilikdə yol verdiyi qüsurlardır
Son günlərin əsas müzakirə mövzularından biri də avtomobili idarə edərkən sürücünün yanındakı sərnişinlə söhbət etməsinə görə cərimə ödəyəcəyi ilə bağlı məsələdir. Demək olar ki, kütləvi informasiya vasitələri, sosial şəbəkələrdə bu mövzu geniş müzakirə predmetinə çevrilib. Əsas sual doğuran məqam ondan ibarətdir ki, yol polis əməkdaşı sürücünün avtomobili idarə edərkən söhbət etdiyini necə müəyyənləşdirəcək. Məlumat üçün onu da qeyd etmək yerinə düşər ki, Dövlət Yol Polisi İdarəsinin rəsmilərinin verdikləri açıqlamalara görə, polis əməkdaşları sürücünün sərnişinlə söhbət edib-etmədiyini vuzual olaraq müəyyən edəcək. Digər maraqlı sual isə ondan ibarətdir ki, sürücülər üçün belə bir cərimənin müəyyən edilməsi zəruri idimi? Yaxud bu istiqamətdə mövcud olan qanunlarda, digər hüquqi sənədlərdə sürücülərin sərnişinlə söhbət etməsinə görə cərimənin müəyyən edilməsi kimi keçid müddəalar vardımı?
Qeyd edək ki, bir çoxları hesab edirlər ki, sürücülərin sərnişinlə söhbət etməsinə dair cərimənin müəyyən olunması üçün bu sahədə mövcud olan qanunlara dəyişiklik edilib və cərimələr də məhz həmin dəyişiklik əsasında tətbiq olunacaq. O da vurğulanır ki, sözügedən cərimələrin tətbiqi hələ bir neçə ay əvvəl avtomobildə uşaqlara görə, təhlükəsizlik oturacağının qoyulması ilə bağlı məsələ gündəmə gələrkən həyata keçirilməli idi. Lakin o zaman cəmiyyətin uşağa görə avtomobilə təhlükəsizlik oturacağının qoyulması təklifinə ciddi etiraz bildirməsi qeyd edilən ikinci məsələnin ertələnməsinə yol açıb. İndi isə sürücülərin sərnişinlə söhbət etdiyinə görə, cərimələnməsi aktullaşıb. Məsələ ilə bağlı fikirlərini bildirən millət vəkili Vüsal Hüseynov isə bildirib ki, səsləndirilən iddialar heç də doğru deyil və avtomobil idarə edərkən diqqəti yayındıran söhbət etmənin 40 manat cəriməyə səbəb olması barədə müzakirələr üzrə Qanunun tələbləri mövcuddur. Onun sözlərinə görə, bununla bağlı Qanunlara hər hansı yeni bir dəyişiklik edilməyib və qeyd edilən cərimə uzun illərdir ki, bizim Qanunvericiliyimizdə yer alıb: "Bu günədək də tətbiqi ilə bağlı təcrübədə hər hansı neqativ hal geniş ictimai müzakirə predmeti olmayıb. Bu məsələ əsas 2 Qanunla tənzimlənir. "Yol hərəkəti haqqında" Qanun və İnzabati Xətalar Məcəlləsi. Yol hərəkəti haqqında Qanunun 37-ci maddəsinin V hissəsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək qadağandır. Eynilə bu Qanunun pozulması üzrə məsuliyyətin müəyyən edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 342.1.2. maddəsində nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması kimi qiymətləndirilir və bu inzibati xətaya yol vermiş şəxsə 40 manat məbləğində cərimə müəyyən edilir. Bu müddəa və tələblər Yol hərəkəti haqqında Qanunun əsas məqsədi olan yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil edilməsi ilə uyğundur. Belə ki, baş verən avtoqəzaların əsas səbəblərindən biri kimi də sürücülərin söhbət zamanı başının qarışması, diqqətin yayınması və bununla bağlı idarəçilikdə yol verdiyi qüsurlardır. İnternetdə belə qəzaların yüzlərlə nümunəsi mövcud və bir sıra sosial roliklərdə elə bu məqamların üzərində qurulub. Birini paylaşırıq, 2 saniyəlik gözünü yoldan ayırmanın nəticələrini göstərir". Millət vəkili deyib ki, nəqliyyat vasitəsini idarə edərkən diqqətli olmaq təkcə bizim öz təhlükəsizliyimiz üçün deyil, eyni zamanda başqaların, piyada və sürücülərin, ümumi cəmiyyətin təhlükəsizliyi üçün çox vacibdir və bu baxımdan belə normaların olması normaldır: "Nəzərə alaq ki, burda söhbət yüksək sürətlə hərəkət edən və diqqətsizlik baş verdikdə həyat üçün təhlükəli olan fəaliyyətdən gedir. Bu məsələdə müzakirəyə səbəb olan məqam Qanunda yer alan "Diqqəti yayındıra biləcək söhbət"in anlayışının verilməməsi və bunun müxtəlif şərhi ilə bağlıdır. Bu isə sübut edilməni nisbətən çətin və ya mübahisəli etdiyi üçün üçün tətbiqi zamanı müzakirələrə yol açır. Hər bir halda yol hərəkəti qaydaları ilə bağlı əksər inzibati tənbeh tədbirləri kimi vətəndaşlar bu cərimə barədə protokolda öz qeydini edə bilər və protokolu mübahisələndirə, yəni prokotokoldan yuxarı inzibati orqana və ya məhkəməyə şikayət verə bilər".
Füzuli