Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başa çatıb
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Daşkənddə keçirilən “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransdan sonra qonaqlar Buxara şəhərində olublar.
23 Oktyabr 2017 12:19 SosialQafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Daşkənddə keçirilən "İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında" mövzusunda beynəlxalq konfransdan sonra qonaqlar Buxara şəhərində olublar. "OLAYLAR"-ın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Milli Məclisin deputatları Eldar İbrahimov, Siyavuş Novruzov, Cavanşir Paşazadə və digərlərinin daxil olduğu nümayəndə heyəti şəhərlə yaxından tanış olub və silsilə görüşlər keçirib. Qonaqlar Buxara ilə tanışlığa Bahauddin Naqşibəndi məqbərəsini ziyarətlə başlayıblar. Onlara Bahauddin Naqşibəndi və məqbərənin tarixi haqqında məlumat verilib. Şeyxülislam kompleksin nəzdindəki Ali Mədrəsəsinin tələbələri ilə görüşüb, onlara xeyir-dua verib. Qonaqlar Buxaranın mərkəzindəki Mir Ərəb mədrəsəsində də tələbə və müəllimlərlə görüşüblər.
Qonaqlar IX-X əsrə aid İsmayıl Samani məqbərəsi, Samanilər bağı və digər tarixi yerləri gəzərək Buxarada keçirilən "Şəhər Günü" bayramına qatılıblar. Sonra şeyxülislam Allahşükür Paşazadə Mir Ərəb mədrəsəsində təhsil aldığı illərdə ona dərs deyən müəllimi, şair və alim, azərbaycanlı İbrahim Qasımovun məzarını da ziyarət edib, onun ruhuna dua oxuyub. Bununla da şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyətinin Özbəkistana səfəri başa çatıb.