Əməlində başqa cinayət tərkibi olmayan narkomanlar həbs olunmayacaq
Əməlində başqa cinayət tərkibi olmayan narkoman məcburi qaydada dövlət hesabına müalicə ediləcək. Ancaq onlar həbs olunmayacaq. “Olaylar” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə dəyişiklik məsələsi müzakirə olunub.
20 Oktyabr 2017 15:45 SosialƏməlində başqa cinayət tərkibi olmayan narkoman məcburi qaydada dövlət hesabına müalicə ediləcək. Ancaq onlar həbs olunmayacaq. "Olaylar" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə dəyişiklik məsələsi müzakirə olunub. Cinayət Məcəlləsinə ediləcək dəyişikliklər barədə məlumat verən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsinin 1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaya görə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) bəndi dekriminallaşdırılmayacaq. Komitə sədri deyib ki, əvvəl bu maddənin dekriminnaldırlması nəzərdə tutulsa da, sonradan ictimai müzakirələr zamanı hüquqşünasların təklifinə əsasən məsələyə baxılaraq dəyişiklik məqbul sayılmayıb. Hazırda təklif olunan qanun layihəsinə əsasən, Cinayət Məcəlləsinə yeni - 74-1-ci (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azadetmə) maddəsi əlavə edilir. Yeni maddəyə əsasən, məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmış şəxs həmin tədbirlərin həyata keçirildiyi tibbi müəssisəsinin müdiriyyətinin məlumatı əsasında bu məcəllənin 75.1-ci (Böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə, xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinəcəlb edilə bilməz) maddəsində göstərilən müddət keçməmişdirsə, cinayət məsuliyyətinə cəlb edilir.