Azərbaycanda milli və dini azadlığın inkişafı üçün hər bir şərait yaradılıb
Bu gün bütün sahələrdə sürətli inkişaf yolu keçən Azərbaycanda fundamental azadlıqlar, haqq və hüquqların ən yüksək səviyədə qorunduğunun şahidinə çevrilməkdəyik. 25 ildən artıqdır öz müstəqil yolunda uğurla addımlayan Azərbaycan Respublikası müstəqil, azad, demokratik bir ölkənin ata biləcəyi bütün addımları atır, zəruri islahatları həyata keçirir.
19 Oktyabr 2017 16:46 SosialBu sahədə pluralism mövcuddur
Bu gün bütün sahələrdə sürətli inkişaf yolu keçən Azərbaycanda fundamental azadlıqlar, haqq və hüquqların ən yüksək səviyədə qorunduğunun şahidinə çevrilməkdəyik. 25 ildən artıqdır öz müstəqil yolunda uğurla addımlayan Azərbaycan Respublikası müstəqil, azad, demokratik bir ölkənin ata biləcəyi bütün addımları atır, zəruri islahatları həyata keçirir. Biz zaman-zaman bu müsbət tendensiyanın şahidinə çevrilirik. Bu qətiyyətlə və əminliklə deyə bilərik ki, Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığı ilə yanaşı pluralism də tam nənada təmin olunur, inkişaf etdirilir. Özü də müsbət cəhət ondan ibarətdir ki, plüralizmin bütün istiqamətlərində bu tendensiya mövcuddur. Həm siyasi, həm mədəni, həm də dini və humanitar istiqamətlərdə Azərbaycanda yüksək səviyyədə pluralizm ənənələri mövcuddur ki, bunu da hər kəs, istər Azərbaycan cəmiyyəti, istərsə də beynəlxalq ictimaiyyət, dünya ölkələri, beynəlxalq təşkilat və qurumlar açıq şəkildə ifadə edirlər. Elə əksəriyyət din xadimləri də bu qənaətdədirlər. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyir ki, Azərbaycanın davamlı sosial-iqtisadi inkişafını müəyyən edən əsas amillərdən biri ölkədə ardıcıl yeridilən multikulturalizm və həmrəylik siyasəti olub. Onun sözlərinə görə, respublikada yayılmış mədəni və dini müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən siyasət nəticəsində regionlarda sosial yönümlü layihələri realizə etmək mümkün olub: "
Azərbaycanda etnik zəminində tolerantlığın və multikulturalizmin kök salması azərbaycanlıların tarix boyu özünü biruzə vermiş milli xüsusiyyətlərindən irəli gəlir. Azərbaycanın coğrafi mövqeyindən irəli gələrək, onun ərazisində şərq-qərb və cənub-şimal istiqamətlərindən iki ticarət yolları keçib. Eyni zamanda keçmişdə respublika ərazisində qonşu respublikalardan yönəlmiş hərbi yürüşlər, həmçinin burada etnik mozaikanın formalaşmasında öz təsirini göstərib". Əkrəm Həsənov vurğulayıb ki, ticarət yolları üzərində yaradılan karvansaraylar, sonralar tədricən yaşayış məntəqələrinə çevrilib: "Uzaq ölkələrdən gələn turistlərin bir hissəsi daimi yaşamaq üçün bu yaşayış məntəqələrində məskan salırdılar. Ümumiyyətlə bu haqda, hələ 1921-ci ildə nəşr olumuş Baharlının "Azərbaycan etnogenezi " əsərində daha geniş və dolğun məlumatlar yer tapıb". Natiq onu da xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda milli və dini azadlığın inkişafı üçün hər bir şərait yaradılıb. Əkrəm Həsənov qeyd edib ki, ölkəmizdə, hər bir islam və digər dini icmalar, qanunvericilik çərçivəsində, sərbəst qeydiyyatdan keçmək və fəaliyyət göstərmək imkanına malikdir: "Bunun əksinə olaraq, bəzi Qərbi Avropa ölkələrində, məsələn Fransa, Almaniya, Böyük Britaniya, Belçika və s. dövlətlərdə son onillikdə islamafobiya geniş yayılıb. Belə ideologiyanın dəstəklənməsi ekstremist qüvvələrin baş qaldırması və yayılmasına zəmin yaradıb". Əkrəm Həsənov hesab edir ki, belə meyllərin genişlənməsinin əsas səbəblərindən biri bu ölkələrdə dövlət tərəfindən müvafiq siyasətin yeridilməsidir: "Belə ki, son illər bir sıra Avropa ölkələrində, irqi, milli və dini zəmində baş vermiş dəhşətli cinayyətlər bu fikri bir daha təsdiqlənib. Misal olaraq, Norveçdə Breyvik adlı şəxs, əsasən müsəlman olan, 69 gənc oğlan və qızları vəhşicəsinə qətlə yetirib. Yaxud Almaniyada ekstremist qrupları tərəfindən yerli tüklərə mütamadı qarşı terror aktları törədilir". İlahiyyatçı onu da xüsusi olaraq qeyd edir ki, bəzən Azərbaycanın plüralizm və multikultural, tolerant siyasətindən sui-istifadə etməyə cəhd göstərilir. Yaxud Azərbaycanda bu sahədə yürüdülən siyasət tamamilə səhv anlaşılır: "Bəzi islam dininin ümumi qaydalarından xəbəri olmayan dindarlar dinin Azərbaycan modeli dedikdə yanlış anlayırlar. Onlar elə bilirlər ki, guya Azərbaycanda islam dininə uyğun yeni model tərtib olunur. Heç də belə deyil. Bildiyimiz kimi islamın öz sünnəyə uyğun modeli, yəni qaydası, üsulu, əsası var ki, onu da Allah təala Peyğəmbəri vasitəsi ilə müsəlmanlara öyrədib. Bildiyimiz kimi Allahın peyğəmbəri digər dinlərlə və onların nümayəndələri ilə xüsusi ilə yəhudilər, xristianlarla sülh müqaviləsi bağlayıb və bu müqavilənin şərtlərinə sonrakı xəlifələr və əhlalisi müsəlman olan ölkələr və onların idarəçiləri əməl ediblər. Lakin digər dinlərdə olduğu kimi islamın da radikal qolu olan xəvaric və təkfirçi fikirlərin çox yayıldığı müsəlman ölkələrində Peyğəmbərin sünnəsinə, dediklərinə əməl edilməyib, Peyğəmbərin bağladığı sülh müqaviləsi pozulub. Bu səbəbdən də bəzi müsəlman ölkələrində digər dinlərin təzyiqi olub. Ərəb baharı deyilən ərəb ölkələrində yaşanan hadisələr də məhz islamın radikal qolu olan xəvaric və təkfirçilərin radikallığı ucbatından baş verib. Bunu bilmək lazımdır ki, Azərbaycan tarixən olduğu kimi bu gün də Peyğəmbərin metoduna uyğun olaraq yəhudilərlə və xristianlarla sülh şəraitində, birgə, həmrəy yaşamaq siyasətini aparır və bunu bütün dünyaya təbliğ edir ki, bütün dünya islamın modelini düzgün anlasınlar". İlahiyyatçı bildirib ki, respublikamızda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır: "Mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq mühitinin gücləndirilməsi müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir".
Əkrəm Həsənov bir məqama da diqqət çəkib. O, bildirib ki, hazırda ölkəmizdə təhlükəli bir cərəyan formalaşır. Əkrəm Həsənov bildirib ki, bir neçə ildir bu barədə mediada məlumatlar verir: "Cərəyanı formalaşdıran, insanları yanlış yerə yönləndirən şəxslərin adlarını da vermişik. Həmin cərəyanın məqsədi müsəlmanlar arasında bölücülük salmaqdır. Onlar loru dilində desək özlərinin kruqunu böyüdürlər. Bəzi rayonlarda deyirlər ki, bu rayon bizə aiddir, başqaları burada islamı təbliğ edə bilməz. Biz gələcəkdə onların adlarını açıqlayacağıq. Biz onları doğru yola dəvət edirik, ədavətlərinə son vermələrini, müsəlmanlarla birlik və həmrəylik göstərmələrini tövsiyə edirik. Onlara indiki vaxtda islam alimləri tərəfindən hizbçi (qruplaşma yaradan), oturaq xəvaric və.s. kimi adlar verilir. Çünki özləri yalnız və yalnız yerlərində oturub gəncləri "cihad"a, digər müsəlmanlara qarşı qəzəbli olmağa dəvət edirlər. Onlar ümumi ictimaiyyətdə başqa mövqedə, öz aralarında isə tamam başqa mövqedə çıxış edirlər. Təhlükə böyüyür və onların çevrəsi genişlənir". Bir başqa məsələyə də diqqət çəkmək istərdim. Əslində bu toxunacağım məsələ də bir sıra dairələrin, fərdlərin ölkədə mövcud olan plüralizmdən sui-istifadəsi deməkdir: "Son günlər ayda bir dəfə, iki aydan bir insanları mitinq adı ilə küçələrə çıxaranlara təəccüb etmək lazımdır. Onlar bunu etməklə cəmiyyətə, ölkəmizin qüdrətlənməsinə hansı töhfəni vermək istəyirlər. Bu günlərdə biz müstəqillik günümüzü qeyd edirik. Ölkəmizin müstəqil olması üçün çox şəhidlər vermişik, torpaqlarımız düşmənlərimiz tərəfindən işğal olunub. Bu gün beynənxalq aləmdə ölkəmizin gücü, qüdrəti bütün dünyada söz sahibliyi var. Bu insanlar niyə bu ölkənin inkişafı üçün yığılıb faydalı işlər həyata keçirmək istəmirlər. Küçələrə çıxmaqla, gəncləri aldadıb qanun və hüquq pozuntusu yaratmaqla guya müxalif olanlar nəyə nail olmaq istəyirlər?. Bütün böyük dahi şəxsiyətlər, alimlər, ağıl sahibləri həmişə bildiriblər ki, yaşadığın ölkədə olan idarəçilərə, ölkə rəhbərinə işlərində kömək etməlisən, dəstək göstərməlisən. Həmçinin böyük islam alimləri mövcud hakimiyyətə qarşı çıxaraq məcburən başqa bir şəxsi mövcud hakimiyyətin yerinə gətirmək istəyini böyük günah. haram olaraq bildiriblər. Bu müxalifət adı ilə mitinq eləmək istəyənlərin saf niyətlərinin olmasına belə inananlara təəccüb edirəm. Bu ölkəyə canı yanan kimi göstərdikləri yalanlara inananlara belə təəccüb edirəm. Sənin bu xalqa, bu millətə halın acıyırsa əvvəlcə niyətini dəyiş, gözəl təkliflər və ideyalarla çıxış et, ölkənin inkişafına təkan verəcək addımlar at. Ey insanları mitinqə səsləyənlər, sizlər yalanlarınızla bu dünyada necə yaşayırısnız, özünüz bir daha papağınız olmasa da oturub fikirləşin ki, siz hansı yoldasınız. Nəticəyə gəlib cəmiyyətə faydanız dəyəcək işlərlə məşğul olun". İlahiyyatçı sonda diqqətini bu günlərdə prezidentin imzaladığı sərəncama çəkib. Bildirib ki, Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılması da dini plüralizmə, tolerantlığa verilən töhfədir: "Fərmanda da göstərilir ki, sözügedən fondun yaradılması ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi daşıyır".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir