Söz və məlumat azadlığının təmiantı üçün ölkədə mükəmməl qanunvericlik bazası var
Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da ciddi dönüş yaranmağa başladı, siyasi plüralizmin, söz, məlumat azadlığının təmini istiqamətində mühüm tədbirlər həyata keçirildi. Nəticədə müstəqil respublikamız bu gün söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında qabaqcıl yerlərdən birini tutur.
11 Oktyabr 2017 17:13 SosialAzərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da ciddi dönüş yaranmağa başladı, siyasi plüralizmin, söz, məlumat azadlığının təmini istiqamətində mühüm tədbirlər həyata keçirildi. Nəticədə müstəqil respublikamız bu gün söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında qabaqcıl yerlərdən birini tutur. Millət vəkili Rəfael Cəbrayılov deyir ki, respublikada bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır.
Xatırlatmaq lazımdır ki, Onu da etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində mətbuatın formalaşma və inkişaf yolu heç də rəvan olmayıb. 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edilsə də, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşiblər. Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, silahlı dəstələrə arxalanan müxtəlif siyasi qrupların məkrli iddialarını gerçəkləşdirmək üçün qeyri-qanuni cəhdlər göstərməsi, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum söz, mətbuat, məlumat azadlıqlarının təmin edilməsinə, bu sahədə dövlətin və vətəndaşların mənafelərinin qorunmasına ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı siyasi hakimiyyət çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci il aprel ayının 12-də hərbi senzura tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi. 1992-ci ildə hakimiyyətə gələn AXC-nin bir illik fəaliyyəti dövründə ölkədə söz və mətbuat azadlığı sahəsində vəziyyət daha da pisləşdi. O zamankı ölkə rəhbərinin 15 aprel 1993-cü il tarixli sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyətini daha da sərtləşdirmişdi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başladı. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə start verildi. "Jurnalist əməyi qeyri-adi əməkdir, çox səylər və hünər göstərilməsini tələb edən əməkdir" - deyən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Konstitusiyaya bu müddəanın daxil edilməsi respublikamızın da qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlirdi. Belə ki, 1948-ci ildə BMT tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi, eyni zamanda 1966-cı ildə yenə BMT tərəfindən qəbul edilən Mədəni və Siyasi hüquqların qorunmasına dair Konvensiyanın 19-cu maddəsi, 1950-ci ildə Romada qəbul edilən Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın 10-cu maddəsi bütünlükdə hər kəsin məlumat azadlığını - informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi və yayılması hüququnu təsbit edirdi.
1996-cı il noyabrın 15-də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin iş metodlarında müsbətə doğru ciddi dəyişikliklər edildi. Buna baxmayaraq, ölkədə demokratikləşmə prosesinin tədricən dərinləşməsi əlavə qərarların qəbulunu da zəruri edirdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" isə vətəndaşların Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Həmin Dövlət Proqramından az sonra Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Fərman, eləcə də kütləvi informasiya vasitələri əməkdaşlarının beynəlxalq mərkəzlərin tədqiqat və təhsil proqramlarında, beynəlxalq konfrans, seminar və digər tədbirlərdə iştirakı üçün geniş şərait yaradılmasını nəzərdə tuturdu.
Həmin fərmanla 1966-cı il 27 oktyabr tarixdə yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Fərmanla, həmçinin Azərbaycan Respublikası Prezidentinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərmanı, eləcə də bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab olundu. Bu qətiyyətli addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyənləşdirdi.
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli fərmanı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" təsdiq olundu. Proqram jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu.
Ulu öndərin təşəbbüsü ilə qəbul edilmiş 19 iyun 1998-ci il tarixli "Məlumat azadlığı haqqında", 10 iyun 1997-ci il tarixli "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", 3 aprel 1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", 12 mart 2002-ci il tarixli "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası qanunlarının qəbulu mətbuatın azad və müstəqil fəaliyyətinin təmin edilməsi sahəsində yaxşı imkanlar açmışdı. Eləcə də son 10 ildə "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "İnformasiya azadlığı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanunlar qəbul edilmiş, bu zaman Avropa Şurasının mütərəqqi rəy və təklifləri nəzərə alınmışdı.
Ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxmışdı. 2003-cü ilin martında ölkə jurnalistlərinin birinci qurultayında demokratik səsvermə yolu ilə Mətbuat Şurasının üzvləri və sədri seçilmişdi. Şura 8 illik uğurlu fəaliyyəti ilə cəmiyyətdə qəbul olunan, sayılıb-seçilən, eyni zamanda mətbuat-məmur, mətbuat-vətəndaş mübahisələrinin məhkəməyəqədərki həllində böyük nailliyyətlər qazanan nüfuzlu təşkilata çevrildi.
Milli Məclisin 2001-ci il 13 mart tarixində "Gömrük tarifi haqqında" Qanuna etdiyi dəyişikliyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının icracına, habelə fəaliyyətinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə gömrük rüsumundan azad edildi.
Azərbaycan milli mətbuatının 125 illiyi ilə əlaqədar 2000-ci ilin iyulunda jurnalistlərlə görüşən ulu öndər Heydər Əliyev demişdi: "Biz 1998-ci ildə senzuranı, hərbi senzuranı, bütün maneələri götürəndən sonra Azərbaycanda o qədər qəzet çıxır ki, çoxlarının adını bilmək mümkün deyil. Bilin ki, Azərbaycan Prezidenti kimi, mən hesab edirəm ki, bu, müsbət haldır. Mən hesab edirəm ki, bizim mətbuatımız keçid dövrünü yaşayır. Yəni bir var o, bağlıdır, mübarizə aparır ki, çıxsın. Azadlığa çıxandan sonra isə bağlılıqdan nə qədər əziyyət çəkibsə, çalışır ki, çoxlu mənfi şeylər, cürbəcür şayiələr versin. Müstəqil, yaxud müxalifət qəzetləri deyirsiniz, deyin, - onların arasında rəqabət gedir ki, hansı özünü daha çox göstərsin, daha çox sensasiya yaratsın. Mən buna da təəccüblənmirəm. Hesab edirəm ki, bu da bizim həyatımızın keçid dövrünün xarakterik cəhətlərindən biridir. Düşünürəm ki, qəzetlər tədricən daha da mükəmməlləşəcəkdir, sanballı olacaqdır. Zaman gələcəkdir ki, ola bilər, qəzetlərin sayı bu qədər olmayacaq, - çünki hər bir qəzet bu rəqabətə dözməyəcəkdir, - amma həmin qəzetlərin tənqidi də sivilizasiya səviyyəsindədir".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir