Mərhəmət və xeyirxahlıq nümunəsi
İnsanlıq zirvəsini fəth etmək hər kəsə nəsib olmur. Bundan ötrü gərək ən azından ətrafındaklara yaxşılıq etməyi bacarasan, xeyirxah əməl sahibi olasan, mərhəmətlik kimi yüksək keyfiyyətlərə nail olasan. Almurad Əliyev məhz belə işıqlı şəxsiyyətlərdən idi.
11 Oktyabr 2017 15:54 SosialAlmurad Əliyev haqq dünyasına qovuşdu
İnsanlıq zirvəsini fəth etmək hər kəsə nəsib olmur. Bundan ötrü gərək ən azından ətrafındaklara yaxşılıq etməyi bacarasan, xeyirxah əməl sahibi olasan, mərhəmətlik kimi yüksək keyfiyyətlərə nail olasan. Almurad Əliyev məhz belə işıqlı şəxsiyyətlərdən idi.
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev oktyabrın 11-də vəfat etdi. A.Əliyev səhər saatlarında 83 yaşında Bakıdakı evində dünyasını dəyişdi. Mərhumun ailə üzvləri bildiriblər ki, o, uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. A.Əliyevin cənazəsi yaşadığı evdən götürülürək Sulutəpə qəbiristanlığında dəfn olunub. Mərhumun yas mərasimində yaxın qohumları ilə yanaşı, müxtəlif siyasi partiyaların təmsilçiləri iştirak ediblər...
"Olaylar"ın əməkdaşı yas mərasiminə qatılan şəxslərdən A.Əliyev barədə xatirələrini öyrənib. Mərhumun oğlu Hürrü Əliyev bildirib ki, atası bir aya yaxın imiş ki, xəstəlikdən əziyyət çəkirmiş. Son vaxtlar isə vəziyyəti qəfildən pisləşməyə doğru gedib: "Atamın ölümü bizi sözün həqiqi mənasında sarsıtdı. O, nəslin ləyaqətli ağsaqqalı kimi bizə həmişə örnək olub. Bizə düz yol göstərər, dəyərli məsihətlər verərdi: "Biz ailədə iki bacı, iki qardaşıq. Şəxsən mənim üçün Almurad ağa bir əlçatmaz varlıq idi. O, mənimlə ata-oğul münasibətindən başqa, həm də yaxın dost idi. Ümumuyyətlə, o, mənim üçün ən əziz, ən unudulmaz insan idi. Bütün işlərimizdə məsləhətləşdiyimiz nurani ağsaqqal idi. O, gözəl ailə başçısı olmaqla bərabər həm də nəslin ağsaqqalı idi. Ağa həmişə insanları mehriban olmağa, birliyə çağırardı. İstəyirdi ki, insanlar əl-ələ verib əmin-amanlıq şəraitində yaşasınlar. O heç vaxt xarakterini dəyişməzdi, Allah-təala necə yaratmışdısa ömrünü də eləcə başa vurdu".
Bayraqdar Elman Türkoğlu bildirib ki, əvvəlcə Almurad Əliyevi mərhum prezident Əbülfəz Elçibəyin böyük qardaşı kimi tanıyıb. Sonradan münasibətləri dərinləşdikcə onu yaxşı insan, nurani və ziyalı şəxsiyyət kimi kəşf edib: "Onun siması mənə mərhum Elçibəyi xatırladırdı. O səbəbdən də onunla tez-tez görüşüb söhbət etmək istəyirdim. Bilirdim ki, o daim Elçibəyə dəstək olub. Baxmayaraq ki, Elçibəy prezident idi, tanınmış şəxsiyyət idi, amma Almurad nəslin ağsaqqalı idi. Təəssüf ki, dədəm Elçibəyin qardaşı, gözəl bir insan aramızdan getdi, haqq dünyasına qovuşdu. Düzdür, yaranmışların hamısı gec-tez haqq dünyasına qovuşacaq. Ancaq baxır kim ömrü necə və hansı adla başa vuracaq. Yaxşının yeri cənnət, pisin yeri isə cəhənnəm olacaq. Almurad ağa da xatirələrdə yaxşı insan kimi qalacaq. Odur ki, istər onun ailə üzvləri, istər qohum-əqrəbası, istərsə də Elçibəyin ideyasının daşıyıcıları hər şeydən əvvəl bu adın müqəddəsliyini qorumalıdırlar".
Mərhumun yaxın qohumu Mirmöhsün Mahmudov bildirib ki, Almurad ağa onun yaddaşında ləyaqətli insan, dəyərli ziyalı kimi qalıb: "O, şəxsi keyfiyyətləri ilə çoxlarından fərqlənirdi. İstəyirdi hamıya yaxşılıq etsin, əlindən gələn köməyi göstərsin. Nəslin ağsaqqalı Almurad ağa artıq dünyasını dəyişdi. İndiyə qədər o, ailəsini aldığı pensiya ilə dolandırırdı. Hazırda onun övladları işsizdirlər, heç bir yerdə işləmirlər. Yaxşı olardı ki, onun övladlarına bir iş verilsin ki, bundan sonra ailələrini dolandıra bilsinlər".
Qeyd edək ki, A.Əliyev 1934-cü ildə Ordubad rayonunun Kələki kəndində anadan olub.
Alim