Məhz dövlətin qayğısı ilə mətbuat öz inkişafına nail olub

Mətbuatımızın yarandığı gündən bu günə qədərki, tarixinə, müasir inkişaf yoluna Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə birgə işıq tutmağa çalışdıq. İlk olaraq Məhəmməd bəy Azərbaycan mətbuatının yaranma tarixindən danışdı.

Məhəmməd Əsədullazadə: "Hər bir qəzet və elektron informasiya mərkəzləri inkişaf edib, dünyanın qabaqcıl ölkələrinin mediası ilə ayaqlaşır"

Mətbuatımızın yarandığı gündən bu günə qədərki, tarixinə, müasir inkişaf yoluna Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə birgə işıq tutmağa çalışdıq. İlk olaraq Məhəmməd bəy Azərbaycan mətbuatının yaranma tarixindən danışdı. " Azərbaycan mətbuatı Həsən Bəy Zərdabinin 19-cu əsrdə çap etdirdiyi "Əkinçi" qəzeti ilə başladı. "Əkinçi" qəzeti xalqımızın milli şüurunun oyanmasında və maariflənməsində müstəsna rol oynayaraq, mətbuatın inkişafına öz töhfəsini verirdi. Mətbuat hər bir xalqın mədəni və inkişaf perspektivlərini özündə əks etdirən sahədir. Məhz bu sahədə nailiyyətlər xalqın milli təşəkkülündə rol oynayır, ziyalıları bir mərkəzdə birləşdirir. Qeyd edim ki, 1875-ci ildə çapa verilən "Əkinçi" qəzetindən sonra Azərbaycan ziyalıları bir neçə jurnal və qəzet çap etməyə başladılar. Buna misal olaraq, "Molla Nəsrəddin" jurnalını və digər dərgiləri göstərmək olar. 20-ci əsrin əvvəllərində Azərbaycan Çar Rusiyasının tərkibində olmasına baxmayaraq, ziyalılarımız müstəqillik və milli birlik məfkurəsi, fikirləri ilə xalqın maarifləndirməsi istiqamətində mətbuata ciddi önəm verirdilər. 1911-ci ildən başlayaraq Azərbaycan (türk) dilində artıq qəzetlər çap edilirdi. Həmin dövrdə mətbuatın əsas missiyası xalqın özünüdərkinin formalaşması təbliğatı və dövrün siyasi məsələrini işıqlandırmaq idi.

1918-ci ilə kimi mətbuatda özünüdərk və xalqın milli oyanışı əks olunurdusa,1918-1920- ci illərdə müstəqil Azərbaycan Cümhuriyyətinin mətbuatı artıq formalaşmışdı. Bu müddət ərzində çaplı qəzet inkişaf edərək, dövrün tələblərinə uyğun öz inkişafını yaşayırdı. Azərbaycanın dövlət və siyasi xadimləri mətbuatda elmi və monoqrafiya məqalələri ilə çıxış edir, müstəqil Azərbaycanın gələcəyi naminə məqalələr yazırdılar. Təbii ki, bu da milli mətbuatın inkişafına daha da təkan verirdi"

1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunandan sonra mətbuatda yeni səhifə açıldı. Senzura və sovet sistemi çərçivəsində həyata keçirilən siyasət mətbuatın inkişafını əngəlləmədi. Əksinə, qəzet və jurnalların çapı artmağa başladı. 70 il ərzində müstəqil mətbuat olmasa da, mərkəzləşdirilmiş qaydada bu sahə inkişaf etdi. Azərbaycan jurnalistikası inkişaf etdi. Bunun nəticəsində müstəqil Azərbaycan mətbuatının inkişaf bazası təşkil olundu. Ölkəmizdə artıq mətbuatın inkişafı öz pik həddinə çatıb. İki minə yaxın mətbu orqana sahib olan bir ölkə olaraq, bu istiqamətdə daha da çox işlər görülür. Ölkə mətbuatının hazırkı vəziyyətinə nəzər saldıqda görünür ki, hər bir qəzet və elektron informasiya mərkəzləri inkişaf edib, dünyanın qabaqcıl ölkələrinin mediası ilə ayaqlaşır. Media sahəsi hazırda böyük imkanlara sahib olaraq, cəmiyyətin gələcək inkişafına təkan verir.

Milli mətbuatın inkişafında əsas təməl prinsiplərini obyektivlik və plüralizmdə görən Məhəmməd Əsədullazadə vurğuladı ki, hər bir KİV ölkədə medianın inkişafı üçün öz siyasətini elə qurmalıdır ki, xalqın və dövlətin milli maraqlarına uyğun olsun. Ölkəmizin artan imkanları, demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi müstəqil mətbuatın inkişafına, jurnalistlərin yaradıcılıq imkanlarının genişlənməsinə stimul verir. Söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın

inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçib. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur. Mətbuat müstəqil, peşəkar olmalıdır. Kütləvi informasiya vasitələri cəmiyyətdə baş verən prosesləri olduğu kimi, heç bir qərəzə, təhrifə yol vermədən ictimaiyyətə çatdırılmalıdır. Bu gün hansı ölkə informasiya bolluğuna malikdirsə, o varlı dövlət kimi qəbul olunur. Mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaratdı. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir imkanları daha böyük olan 180 kütləvi informasiya vasitəsi- qəzet, jurnal, informasiya agentliyi, jurnalist təşkilatı bir araya gələrək media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurumu - Azərbaycan Mətbuat Şurasını yaratdı. Mətbuat Şurasının qarşısında dayanan əsas məqsədlərdən biri jurnalistlərin peşə etikası kodeksinin tələblərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, "reket jurnalistika"sına qarşı mübarizədir. Qurum fəaliyyətə başladığı gündən KİV-lərin saflaşdırılması istiqamətində mühüm addımlar atmış, jurnalistlərin peşəkarlığının artırılması üçün müsbət nəticələr əldə etmişdir. MDB məkanında belə bir qurum ilk dəfə Azərbaycanda yaradılıb. Azərbaycan Mətbuat Şurasının MDB ölkələri üçün vahid model kimi götürülməsi də əldə etdiyi uğurlara əsaslanır. Ölkəmiz azad mətbuatın inkişafı sahəsində beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası və ATƏT-lə sıx əməkdaşlıq edir. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Hər sahə üzrə konkret proqramların mövcudluğu və uğurlu icrası ölkənin hərtərəfli inkişafına stimul verir. Azərbaycanın artan imkanları, beynəlxalq aləmdə yeri və rolunun möhkəmləndirilməsi, demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi azad mətbuatın inkişafına, jurnalistlərin yaradıcılıq imkanlarının genişlənməsinə stimul verir.

Müasir dövrdə həyatımızın bir parçası olan sosial şəbəkələr təbii ki, mətbuatımıza da öz təsir gücünü göstərir. Ölkəmizdə populyar olan facebook sosial şəbəkəsində insanların məlumat almaq və ötürməsinin daha da asanlaşdığını bildirən Məhəmməd bəy, qeyd etdi ki, bəzi informasiyaların verilməsi, insanlar arasında çaşqınlığa səbəb olur. Bu da cəmiyyətdə müəyyən problemlərə yol açır. Hər bir şəxsin istifadəsində olan sosial şəbəkədə məlumatların verilməsi mütləq öz həqiqiliyini qorumalıdır. Çünki, cəmiyyətin bir çox təbəqələri sosial şəbəkələri yaxından izləyir. Burada hər bir məlumat geniş rezonans doğura bilir.

Təbii ki, sosial şəbəkələrin media üçün müsbət tərəfləri də var. Hər bir xəbər kanalı öz informasiyasını sosial şəbəkələr vasitəsilə çatdırır və geniş oxucu kütləsi qazanır. Bu da bir növ sosial medianın inkişafına rəvac verir. Sosial şəbəkələrdən istifadə edən, buradan informasiya ötürən bir çox insanlar media qanunlarını da bilməli və yalan informasiya yaymamalıdırlar. Unutmamalıyıq ki, müasir dövrdə media və sosial şəbəkələr artıq bir vəhdət şəklindədirlər. Ona görə də müsbət və mənfi çalarlara rəğmən prosesi müsbət istiqamətə yönləndirmək lazımdır.

Hər bir mətbuatın inkişafı üçün maliyyə dəstəyinin xüsusi rolu olduğunu vurğulayan QHT sədri bildiridi ki, maddi imkanlar baxımından mətbuatda problemlər olacaqsa, əlbəttə burada medianın inkişafında ciddi manelər yaranacaq. Hesab edirəm ki, mətbuata dövlətin maliyyə ayırması məqbuldu və onun xəbər siyasətinə təsir imkanları yoxdur.

Belə ki, Heydər Əliyevin 1998-ci il 18 iyun tarixdə təsdiqlədiyi "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" vətəndaşların Konstitusiyada əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Həmin dövlət proqramından az sonra Azərbaycan Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman KİV-in sərbəst inkişafı, cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Həmin fərmanla informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən "Qlavlit" ləğv olundu. Fərmanla həmçinin hərbi senzuranın yaradılması haqqında 1992-ci ilin aprelində imzalanmış fərman, eləcə də bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu. Bu addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin vaxtdan etibarən sözsüz ki, Azərbaycan mətbuatında yeni bir mərhələ başlandı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması daha da asanlaşdı. Azərbaycan Prezidentinin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" fərmanı yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla bu sahədə liberallığı tam təmin etdi, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürdü. Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlət mətbuat üzərində nəzarət funksiyasından imtina etdi. 2003-cü ildə yaradılan və mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurası isə öz vəzifəsini uğurla həyata keçirir. Mətbuatın inkişafı sahəsində atdığı addımların nəticəsi kimi mətbuatın maddi-texniki və maliyyə bazasını möhkəmləndirmək üçün mühüm qərarlar qəbul edildi, güzəştlər tətbiq olundu. Qəzet kağızına əlavə dəyər vergisi ləğv edildi, KİV-in iqtisadi müstəqilliyinə təminat məqsədilə bir sıra qəzetlərə uzunmüddətli və güzəştli kreditlər verildi. Bundan başqa, ayrı-ayrı qəzetlərin dövlət orqanlarına olan borcları donduruldu, məhkəmələr tərəfindən cərimələnmiş qəzetlər təzminat ödəməkdən azad edildilər.

Dövlətin mediaya dəstəyi mütləqdi. Qeyd etdiklərimizdən aydın olur ki, məhz dövlətin qayğısı ilə mətbuat öz inkişafına nail olub. Hesab edirəm ki, dövlət mətbuata dəstək olmalı və inkişafı istiqamətində ciddi şəkildə dəstəkləməlidir.

Məhəmməd bəy hər bir ölkənin güclü informasiya vasitələrinə malik olmasını yüksək dəyərləndirir və bunu həmin dövlətin silahı adlandırır: "Dünyada gedən informasiya müharibəsinin əsas gücü müxtəlif dillərdə yayımlanan xəbər mediasıdır. Ölkə həqiqətlərinin dünya birliyinə çatdırılmasında mediamızın hazırkı vəziyyəti bir o qədər yaxşı deyil. Çünki, dünya miqyaslı müxtəlif dillərdə yayımlanan mediamızın imkanları bir qədər zəifdir. Ermənistanla müharibə şəraitində olduğumuzu nəzərə alsaq, informasiya siyasəti prioritet olmalı və hücum taktikası ilə proqramlar hazırlanmalıdır. Azərbaycanda medianın inkişafı üçün kifayət qədər vəsait ayrılır. Və bu sahədə keyfiyyəti artırmaq mütləqdi. Hesab edirəm ki, bizim güclü medaimız sahəsində Azərbaycanın haqq və ədalətli mövqeyini dünyaya duyura biləcəyik. Bu sahədə kifayət qədər imkanlar var. Sadəcə bu siyasəti davam etdirmək üçün güclü texnologiya və mütəxəssislər lazımdır. Ölkə daxilində güclü mediamız var və bunu dünya miqyasına çıxartmaq lazımdır".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31