“Yollarda qayda pozuntularının hər gün artması....”

Yollarda bir qayda olaraq sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi, yüksək sürət həddi onlara qarşı cərimələrin tətbiq edilməsini zərurətə çevirir. Bütün bunlara baxmayaraq sürücə və piyadalar hələ də yol hərəkəti qaydalarını pozmaqdadırlar. Müşahidə edilən mənfi tendensiya ondan ibarətdir ki, bu cərimələr azalan deyil, artan xətlə davam edir.

Cərimələmə mexanizminin səmərə verməməsinin göstəricidir

Yollarda bir qayda olaraq sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi, yüksək sürət həddi onlara qarşı cərimələrin tətbiq edilməsini zərurətə çevirir. Bütün bunlara baxmayaraq sürücə və piyadalar hələ də yol hərəkəti qaydalarını pozmaqdadırlar. Müşahidə edilən mənfi tendensiya ondan ibarətdir ki, bu cərimələr azalan deyil, artan xətlə davam edir. Hər halda son statistik göstəricilər belə deməyə əsas verir. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı rəqəmlərə görə, cari ilin 8 ay ərzində qeydə alınmış 2,1 milyon qayda pozuntusu nəticəsində 8,5 milyon manat cərimə toplanıb. 6 ayın yekunlarına görə isə, 1,38 milyon qayda pozuntusuna görə 40,2 milyon manat cərimə hesablanmışdı. Beləliklə də orta hesabla bu ilin ilk 6 ayında hər gün 7625, bu ilin ilk 8 ayında hər gün 8678 qayda pozuntusu qeydə alınıb. 1 qayda pozuntusuna görə hesablanan cərimə ilk 6 ayda 28 manat 96 qəpik, 8 ayda 27 manat 85 qəpik təşkil edib.

İqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, əslində qayda pozuntularının hər gün artması Baş Dövlət Yol Polisi İdarəsinin işinin düzgün qurulmamasının və cərimələmə mexanizminin səmərə verməməsinin, eləcə də yeganə vasitə kimi özünü doğrultmamasının göstəricidir: "Öncə qeyd edim ki, Baş Dövlət Yol Polisi İdarəsinin əsas vəzifəsi büdcəyə pul toplamaq deyil, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilidir. Hesab edirəm ki, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların təkmilləşdirilməsi sahəsində işini müasir tələblərə uyğun qurmalı, sürücülərin diqqətini cəlb edən sosial reklamlar yayımlamalı, piyadaların maarifləndrilməsi üçün məktəbəqədər müəssisələrdə, məktəblərdə şagirdlər, Universittetlərdə tələbələr arasında zəruri izahat işlərini gücləndirməlidir. Çıxış yolu cəza deyil, islahatlar olmalıdır". Qubad İbadoğlu 1 ilə yaxın müddətdə yaşadığı Birləşmiş Ştatlarla Azərbaycan yollarında olan müqayisələrdən, yol polisinin fəaliyyətindən, yollardakı vəziyyətdən də danışıb: "Birləşmiş Ştatlarda olduğum 1 il ərzində təxminən 9 ay avtomobil idarə etdim. Malik olduğum avtomobillə bu dövr ərzində 30 min mildən (48 min kilometrdən) çox məsafə qət etsəm də, avtomobilim bir dəfə də olsa yol polisi tərəfindən saxlanılmadı. Bir neçə ay avtomobil idarə edəndən sonra özüm də maraqla gözləyirdim ki, nə vaxtsa polis saxlayıb, sənədlərimi yoxlayacaq və mən də ona cəmisi 10 dollar rüsüm ödəməklə və 1 saat 20 dəqiqə vaxt sərf etdiyim imtahan vasitəsilə qazandığım ABŞ sürücülük vəsiqəsini təqdim edib, sürücülük hüququmu təsbit edəcəm. Amma, bu günün həsrəti ilə 9 ayda 1 dəfə də olsun avtomobilim saxlanılmadı. Çünki, Birləşmiş Ştatlarda yol polisi ilə daha çox avtomobillrin hərəkətinin sıx olduğu, eləcə də şagirdlərin məktəbə giriş-çıxış saatlarında yolların kəsişməsində rastlaşırdım. Onların xidməti vəzifələrini əsasən belə icra etdiyinin şahidi oldum. Digər tərəfdən Birləşmiş. Ştatlarda yollar və yol hərəkətin nişanları elə qurulub ki, qaydaları pozmağa ehtiyac qalmır, avtomobillərə U dönüşü, saga sola burulmaq üçün imkanlar yaradılır. Sürət həddi yollara adekvat olaraq tənzimlənir və magistral yollarda hərəkət kosmosdan peyk vasitəsilə müşahidə olunur. Bu ölkədə sürücülər də öz növbəsində qaydaları təqib etməklə həm rahat və həm də təhlükəsiz şəraitdə avtomobillərini idarə edə bilirlər. Belə olan halda yollarda da çox nadir hallarda qəzalarla rastlaşmaq olur". Qubad İbadoğlu deyib ki, Bakıya gəldiyi son 4 ayda özü şəxsən avtomobil idarə etməsə də, başqalarının avtomobillərinin dəfələrlə saxlanılmasının, cərimə meydançalarına daşınmasının, reydlərin artdığının şahidi olub: "Baxmayaraq ki, bununla yanaşı son illər yollarda müşahidə, nəzarət edici və hərəkət sürətini ölçərək qeydə alan çoxlu sayda kameralar quraşdırılıb və əslində bu infrastukturun inkişafı yol polislərinin işini asanlaşdırmaqla onları bu isti havada tozlu yollardan sərin kabinetlərə daşımalı idi".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31