Azərbaycanda dollar qıtlığı yaranıb
Azərbaycanda dollar almaq istəyənlər bu xarici valyutanın ya məhdudiyyətlə, ya da heç satılmadığını deyir. Bəziləri bu vəziyyəti dolların daha da bahalaşacağının xəbərçisi kimi qəbul edir. Artıq bir həftədən çoxdur ki, ölkə bankları xarici valyuta satışını dayandırıblar.
1 Sentyabr 2016 12:53 SosialBanklar xarici valyuta satmaqdan imtina edir
Azərbaycanda dollar almaq istəyənlər bu xarici valyutanın ya məhdudiyyətlə, ya da heç satılmadığını deyir. Bəziləri bu vəziyyəti dolların daha da bahalaşacağının xəbərçisi kimi qəbul edir. Artıq bir həftədən çoxdur ki, ölkə bankları xarici valyuta satışını dayandırıblar. Banklar bunu daxili qərar adlandırsalar da, ekspertlər növbəti devalvasiya ehtimallarından narahatdırlar. Manatın növbəti və kəskin dəyər itirməsinin sentyabrın sonunda olacağı ehtimal edilir. Üstəlik, keçirilən valyuta hərraclarında xarici valyuta almaqla tələbatını ödəyə bilmədiyini göstərməyə çalışan bankların aldıqları dolları "qara bazar"a çıxardığı iddiaları da var... Bəs əslində nə baş verir? Son məlumata görə, hazırda 15-ə yaxın bank valyuta satmır. "Respublika" bankından dolların satışının dayandırılmasının səbəbini izah etməyiblər, yalnız "bu qərarın bank daxilində qəbul edildiyini" qeyd ediblər. "Atabank" və "AFB" bankda isə deyiblər ki, artıq bir neçə gündür dollar satmırlar. "Nikoil" bankında avqustun 30-da hər növ xarici valyuta satışını dayandırdıqlarını bildiriblər. Qeyd edək ki, avqustun 31-də 29 kommersiya bankı hərracda ölkənin Neft Fondunun çıxardığı 50 milyon dolları alıb. Qeyri-rəsmi məlumatlara görə, satış tələbatı dəfələrlə yüksək olub. İqtisadçı Samir Əliyev bildirib ki, hazırda ölkədə dollar qıtlığı mövcuddur. Konkretləşdirsək, bankların əlində olan dollar vəsaiti məhduddur. Çünki bankların özünün borc öhdəliyi var. Yəni vaxtilə xarici banklardan aşağı faizlə kredit götürüb onu Azərbaycan iqtisadiyyatına yönəldiblər, indi həmin kreditlərin qaytarılma vaxtıdır. Xarici kreditlər xarici valyutada, bir qayda olaraq - dollar, avroda götürülür. Əvvəllər də xarici borclar qaytarılırdı, amma paralel olaraq əlavə borclar götürülürdü. Ona görə də belə bir sıxıntı yaranmırdı, amma indi yenisi götürülmür, köhnələri qaytarılır və bunlar da xarici valyuta - dollar tələb edir. Bu baxımdan bankların dollara tələbləri artıb. Banklar da belə şəraitdə ya dolları bazardan alır, ya da əllərində olanla kreditlərini qaytarır. Xüsusilə Beynəlxalq Bank kimi iri bankların bazarda dollara olan tələbatı artıb. Onun sözlərinə görə, dollar qıtlığının digər səbəbi idxalla bağlıdır: " Biz bilirik ki, Azərbaycana böyük həcmdə idxal daxil olur, xüsusilə də qeyri-ərzaq - texnikadan tutmuş avadanlıqlara qədər hamısı xaricdən gəlir, Azərbaycanda istehsal olunmur. Xaricdən gətirilən bütün mallar da özlüyündə dollar tələb edir. Çünki mal alanda onun pulunu ödəmək üçün dollardan istifadə edilir. Bu baxımdan idxalın artması xarici valyutaya tələbatı artırıb. İdxalatçı şirkətlər banklara dollar üçün müraciət edir. Banklar, dollar qıtlığı olduğundan əllərindəki dolları satmağa yox, daha çox öz müştərilərinin tələblərini yerinə yetirməyə yönəldirlər. Bu səbəbdən də bugün banklarda dollar qıtlığı var. Tədiyyə balansına baxsaq - tədiyyə balansı il ərzində ölkəyə gələn və ölkəni tərk edən xarici valyutanın vəziyyətini təyin edən maliyyə sənədidir . Yəni daha çox xarici valyuta ölkəni tərk edirsə və ölkəyə az xarici valyuta gəlirsə bu, mənfi deməkdir. Bizdə də hazırda tədiyyə balansında mənfi var. Çünki ölkəni daha çox dollar tərk edir, nəinki ölkəyə dollar gəlir. Bu baxımdan da dollar qıtlığı yaranıb, əhali də əlində olan vəsaiti dollara çevirərək bir hissəsini banka qoyub, bir hissəsini isə yastıq altında saxlayır. Düşünürəm ki, yaranmış dollar qıtlığı yaxın dövrlərdə də davam edəcək". Ekspert Azər Mehtiyev isə bildirib ki, fakt odur ki, ölkədə ciddi dollar qıtlığı mövcuddur: "Artıq dollar hərraclarında da görürük ki, bankların tələbatları hərraca çıxarılan dollar təklifini on dəfədən çox üstələyir. Düzdür, ola bilsin, banklar öz tələblərini daha çox göstərirlər ki, heç olmasa, müəyyən vəsait əldə edə bilsinlər. Ancaq eyni zamanda, banklar öz müştərilərinin dollara olan tələbatını ödəyə bilmirlər. Korporativ müştərilərlə işləməyə üstünlük verirlər. Dollara tələbatı artıran başqa bir səbəb odur ki, ölkəyə dollar gəlməsi kəskin şəkildə məhdudlaşıb. Neftin qiymətinin aşağı düşməsi nəticəsində gələn valyuta azalıb. Ölkəyə əsasən dollar neft-qaz satışından gəlir. Neft və qazın qiymətinin kəskin aşağı düşməsi ölkəyə dollar idxalını kəskin şəkildə azaldıb. Eyni zamanda, qeyd etmək lazımdır ki, son vaxtlar dövlət büdcəsindən TANAP layihəsinin maliyyələşdirilməsi üçün vəsait ayrılması ilə əlavə manatın dollara çevrilməsinə ehtiyac yaranır". Onun sözlərinə görə, faktiki olaraq dollar qıtlığı şəraitində manatın məzənnəsinin saxlanılması problemdir: "Çünki Mərkəzi Bankın da valyuta ehtiyatları aşağı səviyyədədir. Neft Fondunun vəsaitinin bundan sonra manatın məzənnəsinin sabitləşməsi üçün imkanları məhdudlaşıb. Düzdür, hələ ki, Neft Fondunun müəyyən qədər aktivləri var. Narahatedici məqam ondan ibarətdir ki, 2015-ci ağır ili yola verdik. Ancaq hələ də nə Mərkəzi Bankın, nə hökumətin ciddi şəkildə ortaya qoyduğu araşdırma, tədqiqatlar yoxdur ki, ümumiyyətlə manatın taleyi ilə bağlı real vəziyyət nədən ibarətdir? Bu ajiotajın yaranması səbəbləri nə ilə bağlıdır? Hansı həqiqi ideal iqtisadi tələblərdən formalaşır? Ajiotajın qarşısını hansı formada almaq mümkündür? Bu suallar cəmiyyəti narahat edir və manata olan basqıların güclənməsinə səbəb olur". A.Mehtiyev qeyd edib ki, manatın hansı həddə qədər ucuzlaşacağını söyləmək bir qədər çətindir: "Azərbaycanda hökumətin siyasətini proqnozlaşdırmaq mümkün deyil. Hökumətin siyasəti şəffaf, açıq deyil. Belə yanaşmanın olması ona gətirib çıxara bilər ki, hər an ən müxtəlif hadisələr baş verə bilər. Düzdür, Mərkəzi Bank hesab edir ki, artıq ötən ilin dekabrından manat üzən məzənnəyə keçib. Ancaq gözlə gördüyümüz odur ki, əvvəlki formada tənzimlənir. İndiki məhdudlaşdırma iqtisadi fəallığı aşağı salan amildir. Gözlə görünən odur ki, manatın məzənnəsi qaçılmaz şəkildə düşməkdə davam edəcək".
Alim