Taleh Bağırov və digərlərinin məhkəməsində BMCMİ-nin əməkdaşı ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ceyhun İmamverdiyev ifadə verib.

O bildirib ki, idarəyə Taleh Bağırovun silahlı dəstə yaratması və Nardaran qəsəbəsində olması barədə daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər. T. Bağırovun oldu]u evə iki polis əməkdaşı daxil olan zaman qumbara atılıb və onlar yaralanıb. Xəbərdarlıq edilməsinə baxmayaraq, qarşı tərəf atəş açıb: "Biz də cavab atəşi açdıq. Mən güllə atanda hədəfi görmürdüm. Atdığım güllələrdən kiminsə ölüb-ölmədiyini bilmirəm".

Daha sonra o prokurorun və vəkillərin suallarını cavablandırıb. Bildirib ki, hal şahidlərini qrup rəhbəri dəvət edib və həmin evə birlikdə gediblər. Hadisə zamanı yaralanan şəxslərə isə ilkin tibbi yardım göstərilib,  onlar xəstəxanaya aparılıblar.

Vəkillər ondan hansı zərəri çəkməsini soruşublar. C. İmamverdiyev ona güllə dəysə də, qoruyucu jilet olduğundan xəsarət almadığını deyib: "Bizə atəş açılıb, müqavimət göstərilib, iki polis əməkdaşı ölüb, başqa nə zərər çəkməliyəm?"

Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31