Övladlığa uşaq götürən ailələr nələri bilməlidir?
Son illər müşahidə edilən mənfi tendensiyalardan biri də ailə quran şəxs və ya şəxslərdə müşahidə edilən cinsi problem və bu problemin aradan qaldırılmasında tibbin bir qədər aciz durumda qalmasıdır.
16 Avqust 2016 14:16 SosialAsif Abdullayev: "Övladlığa götürülən yalnız yetkinlik yaşına çatmayan şəxs ola bilər"
Son illər müşahidə edilən mənfi tendensiyalardan biri də ailə quran şəxs və ya şəxslərdə müşahidə edilən cinsi problem və bu problemin aradan qaldırılmasında tibbin bir qədər aciz durumda qalmasıdır. Adətən belə mənfi hal bir çox hallarda qohum nigahlarda özünü göstərir. Həmçinin qan qruplarının bir-birinə uyğunlaşmaması da bəzən ailə quran şəxsləri övlad sevincindən məhrum edir. Belə hallarda bəzi ailələr çıxış yolunu uşaq övladlığa götürməkdə görürlər. Artıq bir neçə ildir ki, Azərbaycanda bu praktikadan istifadə edilir. Ancaq onu da etiraf etmək lazımdır ki, bəzən uşaq övladlığa götürmək heç də uğurlu alınmır. Tərəflərdən biri düşmüş olduğu mühitə uyğunlaşmaqda çətinlik çəkir. Bəzən isə uşaq övladlığa götürən ailə bu sahədə olan bəzi hüquqi prosedurları tam mənimsəmir və müəyyən vacib məqamlara diqqət yetirmir. Bəs görəsən uşaq övladlığa götürərkən nələrə diqqət edilməlidir?
Vəkil Asif Abdullayev deyir ki, uşağı övladlığa götürmək istəyənlər bəzi vacib məqamları bilməlidir: "Övladlığa götürülən yalnız yetkinlik yaşına çatmayan şəxs ola bilər (18 yaşına çatmamış). Uşağın doğumu qeydə alındıqdan sonra, onu övladlığa götürmək olar. Həmçinin ikinci dəfə ailə quran şəxs, öz həyat yoldaşının əvvəlki nigahdan doğulmuş övladını övladlığa götürə bilər. Valideynləri olan uşaqlar da, digər şəxslər tərəfindən övladlığa götürülə bilər. Valideynləri olan uşaqlar övladlığa götürülərkən, valideynlərin razılığı tələb olunur". Vəkil bildirib ki, bacı və qardaş bir qayda olaraq bir ailə tərəfindən övladlığa götürülə bilər: "Onların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Uşaqların marağlarına uyğun hallarda istisna olaraq bu cür övladlığa götürülməyə yol verilə bilər". Asif Abdullayev deyir ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda yol verilir: "Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Onu da qeyd edim ki, övladlığa götürmə məhkəmə qaydasında həyata keçirilir". Vəkil Asif Abdullayev uşaq övladlığa götürən şəxs və ya şəxslərin bir sıra sənədlər toplamalı olduğunu deyib: "Uşaqları övladlığa götürməyi arzu edən şəxs (şəxslər) uçota götürülmə üçün ərizə ilə birlikdə bəzi məlumatları və sənədləri təqdim etməlidirlər. Bu sıraya şəxsiyyətini təsdiq edən sənədin surəti, qısa tərcümeyi-hal, övladlığa götürməyə imkan verməyən xəstəliyinin olmaması barədə tibbi arayış, ümumi səhhəti barədə tibbi arayış, yaşayış sahəsi barədə məlumat (yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiqləyən sənəd və s.), ailə vəziyyəti barədə məlumatlar (nikah haqqında şəhadətnamənin surəti, nikahın pozulması haqqında şəhadətnamənin surəti), iş yeri (vəzifəsi), əmək haqqı və başqa gəlirləri haqqında məlumat, övladlığa götürmək istədiyi uşağın xüsusi əlamətləri (yaşı, cinsi, gözlərinin rəngi və s.) daxildir". Asif Abdullayev uşaq övladlığa götürülərkən tibbi vəziyyət, övladlığa götürən şəxslərin sağlamlıq durumu da mütləq nəzərə alınır: "Vərəm (aktiv və xroniki) - lokalizasiyasından asılı olmayaraq, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr, daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri - dekompensasiya mərhələsində olan xəstələr, bədxassəli onkoloji xəstəliklər - lokalizasiyadan asılı olmayaraq, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion xəstəliklər - dispanser qeydiyyatından çıxarılana qədər olan xəstələr, ruhi xəstəliklər - müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən xəstələr, həmçinin əmək qabiliyyətini itirməklə I və II qrup əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər övladlığa götürməyə imkan verməyən xəstəliklərdən hesab edilir".
Füzuli