Havaya uçan pullar
Hər ilin bu vaxtları ailələrdə fərqli bir həyəcan başlayır. Ali məktəblərə imtahan verən abituriyentlərin valideynləri, qohumları, dostları, müəllimləri imtahan günlərində keçirdikləri həyəcanı sonrakı günlərdə də yaşayırlar. Nəticələr bəlli olandan sonra ixtisas seçimində yaranan gərginlik bir neçə gün davam edir.
16 Avqust 2016 13:10 SosialHər ilin bu vaxtları ailələrdə fərqli bir həyəcan başlayır. Ali məktəblərə imtahan verən abituriyentlərin valideynləri, qohumları, dostları, müəllimləri imtahan günlərində keçirdikləri həyəcanı sonrakı günlərdə də yaşayırlar. Nəticələr bəlli olandan sonra ixtisas seçimində yaranan gərginlik bir neçə gün davam edir. Yüksək bal toplayan abituriyent üçün bu məsələ asan həll olunur, hər kəs əvvəlcədən bəyəndiyi ixtisası seçib yazır. Amma nisbətən aşağı bal toplayan abituriyentlərin vəziyyətini təsəvvür etmək elə də çətin deyil. Bir çox hallarda topladıqları bala uyğun istəmədikləri, təsadüfü ixtisası seçirlər - təki ali məktəbə qəbul olunsunlar. Bunun da nəticəsi sonradan cəmiyyətdə özünü neqativ tərəfdən əks etdirir.
Bu il dörd qrup üzrə cəmi 10 nəfər 700, xeyli abituriyent isə 600-dən yuxarı bal toplayıb. Nəzərə alsaq ki, indi ötən əsrin 70-80-ci illəri deyil, sovet təhsil sistemi kökündən ləğv olunub, çoxlu sayda islahatlar aparılıb, elmi-texniki tərəqqi təhsildə daha qabarıq inkişaf edib, deməli, bu göstərici çox aşağıdı. Ali məktəblərə qəbulla bağlı hər il yüksək nəticə gözlənilsə də təəssüf ki, yenə də zəif bilik nümunələri ilə üz-üzə gəlirik. Əslində bunun kökü orta məktəblərdən gəlir. Bir neçə ay əvvəl orta məktəblərin buraxılış imtahanında ana dili və riyaziyyat fənnindən 78873 şagirdin "2" qiymət aldığının şahidi olduq. Təhsilin belə aşağı səviyyədə olmasının gələcək fəsadlarını ürək ağrısı ilə indidən görək bildik.
***
Ali məktəblərə imtahan verən abituriyentlər bütün fənnlər üzrə hazırlıqlı olmurlar. Onlar seçdikləri ixtisas qrupuna daxil olan fənnləri repititor yanına gedərək öyrənirlər. Bir çox hallarda test bankındakı suallarından kənara çıxmırlar. Pepititorlar çalışırlar ki, hazırladığı uşaqlar yalnız həmin suallar ətrafında öyrənsinlər. Təcrübə göstərir ki, bir çox hallarda uşaqlar testdəki sualların cavabını əzbərlədikləri üçün qəbul imtahanında tanış olmayan sualları cavablandırmaqda aciz qalırlar. Məhz bu səbəbdən də 200 baldan aşağı toplayanların sayı durmadan artır. Bu, fəlakətdi. Bu, artıq millətin gələcəyi üçün ağrılı problem olmaq statusundan çıxıb faciəyə çevrilib. 200 balla ali məktəblərə qəbul olunanlar dörd ildən sonra diplom alıb cəmiyyətə adaptasiya olunmağa çalışırlar. Amma ola bilmirlər. Bilik və savad dərəcəsi zəif olan həmin gənclər işsizlik girdabında çabalayırlar. Vaxtında bacardıqları işin qulpundan tutaraq hər hansı bir sənət öyrənmək əvəzinə, universitet dəhlizlərində vaxt keçirməyə üstünlük verdikləri üçün belə problemlə qarşılaşmalı olurlar. Aldıqları diplom işə yaramır, ailə büdcəsindən təhsilə xərclənən pullar havaya uçmuş hesab olunur.
Sovet təhsil sistemində ali məktəbləri dövlət maliyyələşdirirdi (rüşvətlə daxil olanlar da istisna deyil). Həmçinin də məzunları işlə təmin edir, onların məcburi qaydada, ən azı, üç il təyinatla göndərildikləri yerdə işləməsinə nəzarət edirdi. Son iyirmi ildə isə vəziyyət tam fərqlidi. Özəl unuiversitetlər bir yana, dövlət universitetlərində də ödənişli ixtisasların sayı çoxluq təşkil edir. Üstəlik də təhsil haqqı o qədər yüksəkdir ki, ailələr onu ödəməkdə çətinlik çəkirlər. Minlərlə tələbənin çox cüzi hissəsinin ödənişsiz oxuması bu faktı kölgədə saxlamır. Amma məsələ bu deyil. Problem odur ki, ali məktəblərdə təhsilin keyfiyyəti gündən-günə azalır. Əsas səbəb də odur ki, tələbə oxumur. Müəllim də tələbədən dərs tələb etməyə həvəs göstərmir. Bir-iki dəfə tələbəyə aşağı qiymət yazsa da, sonda yorulur. Hətta semestr imtahanlarında qiymət alması üçün tələbənin istifadə etdiyi müxtəlif variantlara belə göz yumur. Təki imtahan başa çatsın, rəhbərlik qarşısında hesabat versin ki, tələbələr imtahandan uğurla çıxdılar, zəif hazırlıqlı olanı yoxdu, ya da ki, 1-2 nəfərdi ki, onlar da təkrar imtahan verəcəklər.
***
Bəs, tələbə niyə oxumur? Əvvəla o, universitetə ödədiyi məbləği əlində əsas tutur, düşünmür ki, bu, onun əleyhinə işləyir. İkincisi 150-200 balla universitet auditoriyalarında oturan tələbə təbii ki, yüksək bilik əldə etməyin ona nə dərəcədə fayda verəcəyini bilmək gücündən məhrumdu. Avropada, ABŞ-da, Yaponiyada insanlar təhsilə xərclədikləri pulun əvəzində universitetdən keyfiyyət tələb edir, maksimum bilik əldə etməyə, seçdikləri ixtisasın nəzəriyyəsini və praktikasını öyrənməyə cəhd edirlər. Bizdə isə deyirlər ki, pul ödəmişəm, oxumağa borcli deyiləm, universitet zəhmət çəkib diplomumu versin. Üçüncü səbəb də odur ki, topladığı az balın müqabilində elə-belə, əhəmiyyətsiz bir əşya alırmış kimi seçdiyi sənət tələbənin ürəyincə olmadığı üçün tələbəlik illərində gün keçirir. Digər səbəblər də var ki, onları sadalamağa ehtiyac görmürəm. Beləliklə də ölkədə hər dörd ildən bir diplomu heç nəyə yaramayan gənclər ordusu yaranır.
Amma narahatlıq doğuran məsələ təkcə bu deyil. Problemin ən böyüyü imtahanlarda normal bal toplayan bir çox abituriyentin ali təhsildən imtina etməsidi. Universitetdə yüksək məbləğdə ödəniş tələb olunduğu üçün kasıb ailənin övladı həmin təhsil ocağına ayaq aça bilmir. Elə ailə tapılır ki, bankdan kredit götürür, yaxud da borc alaraq ilkin ödənişi yerinə yetirir. Bəzən də birinci kursu başa vuran həmin tələbə sonrakı illərdə məbləği tam ödəyə bilmədiyi üçün diplom ala bilmir, illərlə universitet arxivində yatıb qalan diplomunu alacağı günü gözləyir. Ailə tanıyıram ki, ötən il iki övladı I və IV qruplara imtahan verdilər, lakin ödənişli ixtisaslara düşdükləri üçün universitetdə oxumaqdan imtina etdilər. Oğlan əsgərliyə getdi, qız isə mağazada satıcı işləyir. Atasız bir ailədə böyüyən iki gənc beləcə, ali təhsildən məhrum olub gələcək həyat yollarını təsadüflərin ümidinə yönləndirdilər.
Son illər qəbul imtahalarından keçid balını toplaya bilməyənlər üçün çox asan bir variant meydana gəlib. Yalnız attestatla, imtahansız Türkiyənin və Rusiyanın ali məktəblərində oxumağa getmək üçün həmin ölkələr Azərbaycanda hər cür şərait yaradıblar. Rusiyaya yollanan gənclər üçün oxumaq problemə çevrilmir, çünki orda da yüksək dərs keyfiyyəti, eləcə də tələbədən oxumağı ciddi tələb edən yoxdu. Bir çox hallarda isə adlarını hansısa bir özəl universitetə yazdırır, dərslərə getmirlər. Ona görə də beş ildən sonra aldıqları diplom Azərbaycanda Təhsil Nazirliyi tərəfindən tanınmır. Amma Türkiyədə bunun əksidi. Yəni qardaş ölkədə ali məktəbə qəbul olunmaq asan, oxumaq çətindi. Ötən illərin təcrübəsi göstərir ki, Türkiyəyə gedənlərin çoxu kor-peşiman geri dönürlər. Çox az hissəsi zəhmətlə aldıqları universitet diplomu ilə gəlib Azərbaycanda çalışır, ya da orda qalıb münasib bir sahədə işə başlayırlar.
***
Azərbaycan xalqı təhsilə verdiyi pula xəsislik etmir. Ali təhsil azərbaycanlılar üçün prioritet məsələdi. Hər kəs istəyir ki, övladı universitetdə oxuyub cəmiyyətdə üstün bir mövqe tutsun. Təhsilin aşağı keyfiyyətdə olması valideynləri ruhdan salır, bəzən istəsələr də həmin yüksək məbləği tapmağa meyl göstərmirlər. Xarici ölkələrdə isə belə deyil. Məsələn, ABŞ-ın Priston, İngiltərənin Şeffild, Kanadanın Toronto kimi özəl universitetlərində təhsil haqqı çox yüksəkdir. Amma bu universitetlərdə tələbəyə o qədər yüksək bilik verilir ki, bu, ödənilən pula dəyir. Belə olmasa idi, həmin özəl universitetlərin adı dünyanın 100 ən yaxşı universiteti arasında ön sırada olmazdı.
Azərbaycanda, hələ ki, yuxarıda adı çəkilən xarici özəl universitetlərin standartlarına cavab verən yeganə ali təhsil ocağı ADA-dır. Dövlət universiteti olan bu ali məktəbin illik təhsil haqqı 4800 manatdı. Amma bu təhsil ocağında xüsusi qayda var: 670-700 bal yığan tələbələr birinci il tamamilə pulsuz təhsil alırlar. Əgər tələbə semestr imtahanlarını yüksək balla verə bilsə, qarşıdakı ili də ödənişsiz başa vura bilər.Yaxşı olar ki, bu təcrübə ölkənin digər universitetlərində də tətbiq olunsun. Daha bir fakt. Neftlə zəngin olan Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) bütün dövlət universitetləri pulsuzdur və hər tələbəyə 700 dollara qədər təqaüd verilir. Küveytdə isə minə yaxın ali məktəb var ki, onları da dövlət maliyələşdirir. O ölkədə subaylara 700, evlilərə isə 1200 dollar təqaüd verilir.
Təkrar edirəm: Azərbaycan xalqı yüksək keyfiyyətli təhsil ocağına vermək üçün pul olan əlini heç vaxt sıxıb xəsislik etmir, necə deyərlər "elm dalınca uzaq Çinə belə getməyə" həvəs göstərir. Yetər ki, bu məsələ ilə bağlı təhsil sistemində bir balaca islahat aparılsın. O zaman yay aylarında ailələrdə yaşanan imtahan, ali məktəb, təhsil pulu həyəcanı da xoş bir hiss olacaq, gələcəyə olan ümidlər ölməyəcək...
Züleyxa Nadir