760 nəfər əlillyi olan şəxs istirahətə göndərilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin ölkəmizin səfalı guşələrində istirahətinin təşkili işləri davam etdirilir. Nazirlik daha 30 nəfər əlilliyi olan şəxsi Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərib.
12 Avqust 2016 12:25 SosialAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin ölkəmizin səfalı guşələrində istirahətinin təşkili işləri davam etdirilir. Nazirlik daha 30 nəfər əlilliyi olan şəxsi Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərib.
Əlilliyi olan şəxslərin yola salınması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov cari ildə nazirlik tərəfindən 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahətin təşkil edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb: "Onlardan 760 nəfəri artıq Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib. Həmin şəxslərin qeyd olunan rayonlardakı istirahət və sağlamlıq mərkəzlərinə aparılması və istirahət müddəti başa çatdıqdan sonra geri qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə yerinə yetirilir".
V.Behbudov bu tədbirlərin nazirliyin "2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən həyata keçirildiyini qeyd edib. O bildirib ki, Proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyasına, onların reabilitasiya potensiallarının reallaşdırılmasına, yaradıcılıq imkanlarının dəstəklənməsinə, sosial-məişət problemlərinin həllinə, sosial xidmətlərlə təminatına və s. yönələn tədbirlər əksini tapır və həmin istiqamətlərin hər biri üzrə konkret işlər görülür.