Vətəndaş cəmiyyətlinin fəaliyyətində şəffaflıq və hesabatlılıq gücləndirilir
13:30 Sosialİstiqamət: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra keçdiyi inkişaf yolunda qazandığı naliyyətlər beynəlxalq aləmdə qəbul olunan reallıqdır. Dünyada öz mövqeyini qətiyyətlə qoruyan, hüquqi dövlət quran Azərbaycan hər bir vətəndaşın qarantına çevrilib. Bu gün Azərbaycan cəmiyyəti indiyə qədər görünməmiş böyük sürətlə inkişaf edir. Belə şəraitdə insan faktoru, insan hüquq və azadlıqlarının müdafiəsi ən önəmli vəzifələrdən birinə çevrilir. Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol bir daha göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. Dövlət bu hüquqları təmin etməklə özünün qoruduğu əsas dəyərləri göstərir. Azərbaycan da hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçdiyindən insan və vətəndaş hüquqları və azadlıqlarını təmin edir. Vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada əsas yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sahəsidir.
Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu bir-birini tamamlayan və qarşılıqlı şəkildə inkişaf etdirən iki əsas anlayışdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət formalaşdırmaq mümkündür. Elə bu səbəbdən də dövlət vətəndaş cəmiyyətlərinin yaradılması, onların ictimai və dövlət idarəolunmasında iştirakı üçün lazımi şərait yaradır. Vətəndaş cəmiyyəti insanların ictimai həyatda sərbəst iştirakını, hüquqlarının qorunmasını və müxtəlif sosial təşəbbüslərin inkişafını təmin edən mühüm ictimai sistemdir. Azərbaycan Respublikasının Konstitusiyası vətəndaşların birləşmək, fikir bildirmək, məlumat almaq və ictimai fəaliyyət göstərmək hüquqlarının hüquqi əsaslarını müəyyən edir.
Vətəndaş cəmiyyəti insanların öz hüquq və azadlıqlarını həyata keçirdiyi, dövlət orqanlarından asılı olmayan və könüllü fəaliyyət göstərən ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının, fondların, media qurumlarının və digər ictimai institutların məcmusudur. Dövlət vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında mühüm rol oynayır. Çünki demokratik və hüquqi dövlətin əsas göstəricilərindən biri güclü və fəal vətəndaş cəmiyyətinin mövcud olmasıdır. Dövlət isə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin və fondların yaradılması və fəaliyyət göstərməsi üçün qanunvericilik bazası formalaşdırılmalıdır. Məhz bu amil nəzərə alınaraq ölkəmizdə qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinin dayandırılması və ləğvi qaydalarının sərtləşdirilməsi təklif edilir. Yeni qanun layihəsi qəbul olunarsa, QHT-lərin fəaliyyətini bir ilədək müddətə məhkəmə qərarı olmadan dayandırmaq mümkün olacaq. Mövcud təşkilatlar isə 30 gün ərzində yenidən dövlət qeydiyyatı üçün müraciət etməli olacaqlar. Qanun qüvvəyə mindikdən sonra bütün qeydiyyatdan keçmiş yerli QHT-lər 30 gün ərzində nizamnamələrini yeni tələblərə uyğunlaşdırmalı və yenidən qeydiyyat üçün müraciət etməlidirlər. Azərbaycanda fəaliyyət göstərən xarici QHT-lərin filial və nümayəndəlikləri də bu tələbə əməl etməli olacaqlar. Sazişlərinin müddəti bitmiş və ya sazişi olmayan təşkilatlar həmin müddətdə yeni saziş bağlamaq, yaxud mövcud sazişin müddətini uzatmaq üçün tədbir görməlidirlər.
İctimai birliklər bundan sonra yalnız konkret sahələr üzrə (peşə, sosial-humanitar, mədəniyyət və incəsənət, təhsil və elm, ekologiya, hüquq, iqtisadi sahə və qanunla müəyyən edilmiş digər növlər) yaradıla biləcək. Fondlar isə ictimai faydalı fond, xeyriyyə fondu və ya qanunla müəyyən edilən digər növlər üzrə təsis oluna bilər. Hər bir ictimai birlik və ya fond yalnız bir konkret fəaliyyət növü üzrə yaradıla biləcək və nizamnamə məqsədlərindən kənar sahədə fəaliyyət göstərə bilməyəcək. Fond qismində yaradılan təşkilatların minimum nizamnamə kapitalı 10 min manatdan 100 min manata qaldırılır. Qanun qüvvəyə mindikdən sonra artıq dövlət qeydiyyatında olan bütün yerli QHT-lər, eləcə də xarici QHT-lərin filial və nümayəndəlikləri 30 gün ərzində nizamnamələrini yeni tələblərə uyğunlaşdıraraq yenidən dövlət qeydiyyatı üçün müraciət etməlidirlər.
"Qeyri-hökumət təşkilatları haqqında" qanuna edilən dəyişikliklərin əhəmiyyəti və təsirləri qanunvericiliyin müasirləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi və vətəndaş cəmiyyətinin fəaliyyət çərçivəsinin dəqiqləşdirilməsi baxımından fərqli tərəflərdən qiymətləndirilir. Dəyişikliklərin əsas əhəmiyyəti və mümkün nəticələri bir sıra yeniliklərdə göstərir. Bu yenilik ilk olaraq hüquqi boşluqların aradan qaldırılmasında özünü göstərir. Mövcud qanun 2000-ci ildə qəbul edildiyindən bir sıra təsnifat məsələləri açıq qalmışdı, yeni layihə təşkilatların növlərini və fəaliyyət sahələrini dəqiq müəyyənləşdirir. Yenilik ixtisaslaşma və peşəkarlıq baxımından da fərqlənir. Belə ki, QHT-lərin yalnız bir konkret sahə üzrə yaradılması tələbi təşkilatların diqqətini bir istiqamətə yönəltməsinə və daha peşəkar fəaliyyət göstərməsinə şərait yaradır. Qanuna edilən dəyişiklik maliyyə dayanıqlığı və şəffaflıq baxımından da əhəmiyyətlidir. Fondlar üçün nizamnamə kapitalının 100 min manata qaldırılması maliyyə baxımından daha ciddi və dayanıqlı qurumların yaradılmasını təşviq edir, həmçinin maliyyə hesabatlılığına nəzarəti artırır. QHT adlarında dövlət orqanlarına oxşar ifadələrin qadağan edilməsi vətəndaşların bu qurumları rəsmi dövlət strukturları ilə səhv salmasının qarşısını alacaq.
Dövlətin atdığı bu addım bir daha göstərir ki, vətəndaş cəmiyyəti fərdi hüquqların qorunmasında və sosial ədalətin təmin olunmasında fəal rol oynayır. Bu amil nəzərə alınaraq vətəndaş cəmiyyəti institutları tərəfindən dövlət qərarlarının hazırlanması və icrasında ictimai iştirakçılıq artırılır, şəffaflıq və hesabatlılıq gücləndirilir. Dövlət vətəndaş cəmiyyətlərinə vətəndaşların qərarların qəbulunda, ictimai müzakirələrdə və idarəetmə prosesində iştirakına şərait yaradır. Konkret olaraq, vətəndaş cəmiyyətlərin fəaliyyətini stimullaşdırır, onların layihələrinə maliyyə və təşkilati dəstək göstərir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap edilmişdir.