Media subyektləri və fərdi jurnalist müsabiqələrinin keçirilməsi qaydalarında yeniliklər bilinib
13:52 SosialXəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Həm fərdi jurnalist müsabiqəsini, həm də çap və onlayn media subyektləri üçün keçirilən müsabiqələrdə yenilik edilib.
Bu barədə Media və Yayım Şurası məlumat yayıb.
Belə ki, "Media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təşkili məqsədilə müsabiqələrin keçirilməsi Qaydaları" və "Media nümayəndələri üçün müsabiqənin keçirilməsi Qaydaları" təsdiq edilib.
Müsabiqələrin qiymətləndirilməsi zamanı yazı və süjetlərin sosial şəbəkə hesabları üzrə - "X", "Instagram", "TikTok", "Facebook", "Telegram" və "YouTube" platformalarında yayımlanması və qarşılıqlı əlaqə sayı nəzərə alınacaq.
Qeyd edilib ki, onlayn media subyektinə məxsus fərdi rəqəmsal hesablarda qiymətləndirmə dövrü üzrə qeydə alınmış göstəricilər əsasında aparılır. Göstəricilərin süni artırılması nəticəsində yaranmış izləyici və qarşılıqlı əlaqə sayları qiymətləndirmədə nəzərə alınmır. Göstərilən sosial şəbəkələrdən hər hansı birində onlayn media subyektinə məxsus hesab mövcud olduqda həmin hesabın onlayn media subyektinə məxsusluğunun müəyyən edilməsi məqsədilə sosial şəbəkə hesabına keçid veb-saytda, veb-saytın domen adı isə həmin hesabın profil məlumatlarında yerləşdirilməlidir.
Vurğulanıb ki, onlayn media subyektləri üçün maliyyə yardımının ayrılması zamanı qiymətləndirmədə subyektin sosial şəbəkə izləyicilərinin sayı və ya paylaşımların sayı 0 olduqda paylaşım əsaslı qarşılıqlı əlaqə əmsalı 0 qəbul ediləcək.
Belə ki, hər bir onlayn media subyektinin hər bir sosial şəbəkə üzrə balı 100 ballıq şkala üzrə müəyyən edilir. Bal hesablanarkən izləyici sayı 30 %, qarşılıqlı əlaqə sayı 50 %, paylaşım əsaslı qarşılıqlı əlaqə əmsalı isə 20 % çəki ilə nəzərə alınır.
Sosial şəbəkələr üzrə ümumi bal altı sosial şəbəkənin hər biri üzrə müəyyən edilmiş balların bərabər çəki ilə nəzərə alınması yolu ilə həmin balların arifmetik ortası kimi hesablanır. Sosial şəbəkələr üzrə ümumi bal 100 baldan çox ola bilməz.