Jurnalistlər üçün müsabiqə elan edilib
12:58 SosialMedia və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib. Müsabiqəyə müraciətlərin qəbulu noyabrın 27-si saat 18:00-da başa çatacaq.
Bu barədə Şuranın rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
Bildirilib ki, çap və onlayn media sahəsində çalışan jurnalistlər müsabiqəyə son üç ay ərzində dərc olunmuş, müəllifi olduqları və şərikli müəlliflik əsasında hazırlanmamış bir yazı təqdim edə bilərlər.
Yazılar aşağıdakı nominasiyalar üzrə qəbul olunur:
ən yaxşı reportaj;
ən yaxşı ictimai-siyasi təhlil;
ən yaxşı sosial-iqtisadi təhlil;
ən yaxşı müsahibə;
ən yaxşı mədəniyyət materialı;
ən yaxşı publisistik məqalə (köşə yazısı);
ən yaxşı jurnalist araşdırması;
ən yaxşı oçerk.
Audiovizual media sahəsində çalışan jurnalistlər isə son üç ay ərzində yayımlanmış, hazırlanmasında iştirak etdikləri və xronometrajı beş dəqiqədən çox olmayan bir süjeti müsabiqəyə təqdim edə bilərlər. Bu materiallar ən yaxşı ictimai-siyasi reportaj, ən yaxşı sosial-iqtisadi reportaj və ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj nominasiyaları üzrə qiymətləndiriləcək.
Müsabiqəyə təqdim olunan materiallar müvafiq sahədə bilik və təcrübəyə malik, nəticələrdə birbaşa və ya dolayı marağı olmayan üç müstəqil ekspert tərəfindən qiymətləndiriləcək.
Yeni qaydalara əsasən, materialın məzmunu ilə yanaşı, jurnalistin müraciətini təqdim edənədək şəxsi rəqəmsal hesablarında həmin materialla birbaşa əlaqəli və onu dərhal müəyyən etməyə imkan verən paylaşımlar da nəzərə alınacaq. Söhbət foto, video, audio, infoqrafika və digər bu kimi paylaşımlardan gedir.
Müsabiqənin yekununda yazılar üzrə hər nominasiya üzrə beş jurnalist, süjetlər üzrə isə hər nominasiya üzrə beş jurnalist və beş operator qalib elan edilərək mükafatlandırılacaq.