Analar uşaqlarını niyə küçələrə atırlar?
Buna sosial problemlər, yoxsa mənəvi amillər vadar edir?
3 Avqust 2016 16:08 SosialBuna sosial problemlər, yoxsa mənəvi amillər vadar edir?
Paytaxtın Sabunçu rayonu, Elşən Mehdiyev küçəsinin 9 aylıq sakini Hüseynin anası xəstə yanına getmək adı ilə onu bir neçə saatlıq qonşuya verib və qayıtmayıb.Qonşular deyirlər ki, həmin qadın orada fəaliyyət göstərən kafelərdən birində işləyib. Ailə körpənin anasını tapmaq üçün aidiyyəti qurumlara müraciət etsə də bir nəticə yoxdur. Onlar Hüseyni aydiyyəti orqanlara təhvil vermək istəyirlər. Son vaxtlar yeni doğulan körpələrin binaların girişinə, küçəyə, zibilliklərə, kanalizasiya quyularına və sair yerlərə atılması halları çoxalıb. Araşdırmalar göstərir ki, bu cür analoji hadisələr paytaxtla yanaşı, ölkənin müxtəlif regionlarında da qeydə alınır. Statistik məlumatlara görə, Azərbaycanda valideyni tərəfindən ildə 30-a yaxın yeni doğulan körpə atılır. Lakin qeyri-rəsmi məlumatlara görə, atılmışların sayı göstərilən saydan kifayət qədər çoxdur. Bəs, valideynləri yenicə doğulan körpələrini küçəyə atmağa nə vadar edir?
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, bu problemin əsasında iqtisadi deyil, daha çox mənəvi amillər dayanır: "Çünki bütün dinlərin hamısı qəti olaraq belə halların əleyhinədir. İmanı olan adam belə iş görməz. Digər tərəfdən, mənəviyyatı zəngin olan adam da bu addımı atmaz. Bu məsələlərin belə olmasının səbəbləri daha çox indiki vaxtda nikah, ailə məsələlərinin get-gedə adiləşməsidir. Əxlaqi normaların get-gedə zəifləməsi, insanların bu sahədəki utanc hissinin azalması, təsadüfi ailələrin çoxalması cəmiyyət üçün arzuolunmaz bir vəziyyət yaradır". Bəzi iddialara görə isə valideynlər qanundakı boşluqlardan istifadə edərək bu cür addımlar atır və bir çox hallarda məsuliyyətdən kənarda qala bilir. Psixoloq Nail Həmidov hesab edir ki, bir sıra sosial problemlər bu halların yaranmasına səbəb olur. Atılan uşaqların əksəriyyəti nikahdankənar doğulan uşaqlardır. Nikahdankənar doğulan uşaqları üzə çıxara bilməyən qadınlar psixoloji gərginlik keçirirlər və bu, çox vaxt onlardan imtina etməklə nəticələnir. Həmin qadınlar bu vəzifəni üzərlərinə götürmək istəmədikləri üçün sanki məsuliyyətdən uzaqlaşmış kimi uşağı atmaqla sanki özlərini sığortalamış olurlar. Daha dəqiq, sosial tənqidə dözə bilməyən analar uşaqdan imtina etməyə məcbur olurlar. Onun sözlərinə görə, ölkədə erkən seksual həyatın profilaktikası ilə bağlı çox az təbliğat aparılır. Nəticədə hamilə qalan qadınlar yaşayacaqları problemləri əvvəlcədən dərk edə bilmirlər. Qəfil belə bir faktla qarşılaşan qadınlar dünyaya gətirdikləri körpənin qayğısına qala bilmir və uşağı atmalı olur. Ətraf da anaya bu cür hərəkət etməsi üçün psixoloji basqın edir. Ancaq onu da dərk etmək lazımdır ki, ananın bundan başla çıxış yolu qalmayıb. Hüquqşünas Azad Rzayev deyir ki, körpəsini bilərəkdən küçəyə, zibilliyə atan valideynlər qəsdən adamöldürmə cinayəti ilə məsuliyyətə cəlb oluna bilər: "Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etməyə və onların qayğısına qalmağa borcludurlar. Qanuna əsasən, valideynlərin öz övladlarından imtina etməsi proseduru nəzərdə tutulmayıb. Lakin müəyyən valideynlər var ki, onlar bu və ya digər səbəblərdən öz uşaqlarından imtina edirlər. Konkret uşağın hara və hansı şəraitdə atılmasından asılı olaraq valideynin məsuliyyəti ortaya çıxır və valideyn uşağı öldürmək istəməkdə ittiham oluna bilər. Çünki şüurlu şəkildə anlayır ki, köməksiz şəkildə qalan uşaq hər an ölüm təhlükəsi ilə üz-üzə qala bilər. Tez-tez şahidi oluruq ki, valideynlər uşaqlarını uşaq evlərinin qarşısına qoyur ki, onu götürsünlər. Bu valideynlərin də əməllərinə hüquqi qiymət verilmir. Belə hallarda bir qayda olaraq Ailə Məcəlləsinin tələblərinə uyğun dərhal prokurorluğa müraciət edilir və uşaq himayə, qəyyumluq qurumlarının köməkliyi ilə xüsusi müəssisələrə yerləşdirilir. Lakin valideyni axtarıb tapmaq, onu məsuliyyətə cəlb etmək heç kimin ağlına gəlmir".
İndi qayıdaq səslənin fikirlərin yozumuna. Sosial durumunun qaydasında olmaması belə, heç bir valideynə uşağı küçəyə atmağa haqq vermir. Çünki imkanı olmayan valideynlər uşaqlarını internatlara verə, maddi vəziyyətləri düzəldikdə isə yenidən götürə bilərlər. Azərbaycanda dövlət imkansız valideynlər üçün bu şəraiti yaradıb. Qeyd edək ki, bir çox xarici ölkələrdə arzuolunmaz körpələrin küçələrə atılmasının qarşısını almaq üçün xüsusi məntəqələr fəaliyyət göstərir. Övladından imtina edən valideyn uşağı həmin məntəqəyə qoyur və valideynin anonimliyi qorunur. Bu isə uşaqların küçəyə atılmasının qarşısını alır, onların həyati təhlükəsizliyini təmin edə bilir. Çox təəssüf ki, Azərbaycanda bir sıra ekspertlər guya cəmiyyətin hələ buna hazır olmadığını əsas gətirərək səslənən fikrə qarşı çıxırlar. Əvəzində isə arzuolunmaz uşaqların dünyaya gətirilməməsi üçün profilaktik tədbirlərin daha da gücləndirilməsinin gərəkliyini vurğulayırlar. Əslində heç kim profilaktik tədbirlərin aparılmasına qarşı çıxa bilməz. Ancaq yaxşı olardı ki, səslənən təkliflər paralel surətdə həyata keçirilsin ki, körpələrin atılmasının qarşısını almaq mümkün olsun.
Alim