İşaxtaranların əmək stajı problemi
Azərbaycanda kifayət qədər yeni iş yerlərinin yaradılmasına baxmayaraq hələ də vətəndaşların işə düzəlmək problemi mövcuddur. Məsələ orasındadır ki, sözügedən problemlər işəgötürənlər tərəfindən sünii şəkildə yaradılır.
28 İyul 2016 13:17 Sosialİşəgötürənlər qanunsuz tələblər irəli sürürlər
Azərbaycanda kifayət qədər yeni iş yerlərinin yaradılmasına baxmayaraq hələ də vətəndaşların işə düzəlmək problemi mövcuddur. Məsələ orasındadır ki, sözügedən problemlər işəgötürənlər tərəfindən sünii şəkildə yaradılır. Belə ki, bəzi hallarda dövlət orqanlarındakı vakansiyalar gizlədilir ki, bu da işaxtaranların sayının artması ilə nəticələnir. Yaxud, özəl sektorda sahibkarlar qanunvericilikdə tələb olunmayan sənədlər tələb edirlər ki, bu da işaxtaranlar üçün əməlli-başlı problem yaradır. Araşdırmalar zamanı bəlli olub ki, işəgötürənlər işaxtaranlardan əmək kitabçası, əmək stajı və tibbi arayış kimi sənədlər tələb edirlər ki, bu da vətəndaşların işə düzəlməsində ciddi maneə yaradır. Xüsusən, ilk dəfə işə düzələn vətəndaşılardan əmək stajının tələb edilməsi onların əmək hüququndan yararlanmasında çətinlik yaradır. Sözügedən tələb ali təhsil və hərbi xidməti başa vuran gənclər üçün əməlli başlı başağrısına çevrilib. Maraqlıdır, bəs qanunvericilik sözügedən məsələləri necə tənzimləyir? Ali məktəbi yenicə bitirənlər, həqiqi hərbi xidməti başa vuranlar iş stajını haradan əldə etməlidirlər?
Təhsil müddəti iş stajı hesab edilirmi?
Hüquqşünas Alim Hüseynli bildirib ki, əmək münasibətləri tərəflərin qarşılıqlı razılığı ilə bağladıqları müqavilə əsasında yaranır. Əmək stajı isə həmin münasibətlərə əsasən işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətlərə və yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə ƏM-də nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlərə əsasən hesablanır: "Əmək Məcəlləsi ilə yalnız hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştiraka, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezamamiyyətə göndərilməyə görə iş yeri və orta əmək haqqı saxlanılaraq həmin müddət əmək stajına daxil edilir. Hərbi xidmət hər bir vətəndaşın AR-nın Konstitusiyası ilə müəyyən edilmiş vəzifəsidir. Hərbi xidmətə çağırılan işçi ilə Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilir və belə olduğu təqdirdə əmək stajının müddəti həmin şəxsin yeni işə qəbul edildiyi tarixdən hesablanır". Onun sözlərinə görə, 2006-cı ilə kimi orta ixtisas və ali təhsil müəssisələri əmək stajı məsələsində müəyyən rol oynayırdı. Həmin vaxta kimi təhsil dövrü vətəndaşlar üçün sığorta stajı sayılırdı. 2006-cı ildən artıq sığorta stajı kimi nəzərə alınmır: "Belə təhsil 2006-cı ildən sonra olmuşsa, əmək stajı kimi nəzərə alına bilər. Amma bu, nə işçiyə, nə işəgötürənə, nə də DSMF-ə heç nə verməyəcək, daha doğrusu, nəzərə alınmayacaq. Çünki təhsil müddəti əmək kitabçalarında qeyd olunmur. Sadəcə pensiyaya çıxanda tələb olunarsa, diplom təqdim edilir. Məlumat üçün qeyd edim ki, əmək kitabçasında ancaq işçinin işə qəbul olunması, bir vəzifədən başqa vəzifəyə keçirilməsi və işdən azad olunması qeyd olunur".
Onun sözlərinə görə, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr, birliklər, sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən müəyyən olunur. Təbii fəlakət, qəza, dağıntı və başqa fövqəladə hallar nəticəsində sənədlərin tamamilə saxlanılmadığı və ya qismən saxlanıldığı, həmçinin milli münaqişə zəminində onların məhv olduğu, yaxud əldə edilməsi mümkün olmadığı hallarda iş stajının təsdiq edilməsi Nazirlər Kabineti və yaxud yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi iş stajını müəyyən edən komissiyalar tərəfindən həyata keçirilir.
İşə qəbul üçün hansı sənədlər təqdim olunmalıdır?
Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Dünyamin Novruzov bildirib ki, Əmək Məcəlləsinin 48-ci maddəsi əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədləri müəyyən edir. Belə ki, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir: "Əgər şəxs ilk dəfə əmək fəaliyyətinə başlayırsa, əmək kitabçası və dövlət sosial sığorta şəhadətnaməsi tələb edilmir. Eyni zamanda məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olanlar, Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər". Hüquqşünasın sözlərinə görə, əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir: "Göründüyü kimi, əgər vətəndaş hüquqşünas qismində hər hansı bir idarəyə işə qəbul olunmaq istəyirsə, bu zaman o, ali hüquq təhsilini təsdiq edən diplomunu təqdim etməlidir. Əks halda, əmək müqaviləsinin bağlanması mümkün olmayacaqdır".
Sağlamlıq haqqında arayış kimlərdən tələb olunur?
Əmək qanunvericiliyində əmək müqaviləsi bağlanarkən hansı hallarda işçi tərəfindən sağlamlıq vəziyyəti haqqında tibbi arayışın təqdim edilməli olması təsbit edilmişdir. Novruzov bildirib ki, şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər: "Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli, 1 saylı Qərarı ilə "İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı" təsdiq edilmişdir. Həmin siyahıda göstərilən peşələr (vəzifələr), iş yerləri üzrə (məsələn, bütün növ yeraltı işlərdə çalışan işçilər; məktəbəqədər uşaq müəssisələrinin işçiləri; əhaliyə sanitar-gigiyenik, məişət xidməti göstərən müəssisələrin işçiləri (hamamçı, duş işçiləri, bərbər, manikür, pedikür, kosmetika kabinələrinin işçiləri, camaşirxana, kimyəvi təmizləmə məntəqələrinin fəhlələri və s.) əmək müqaviləsi bağlanarkən sağlamlıq haqqında tibbi arayış tələb edilməlidir".
Nurlan