Azərbaycan cəmiyyətində orta sinfin formalaşması və inkişafı ilə bağlı məsələlərin həlli prioritetlər sırasındadır
Müasir dövrdə cəmiyyət müxtəlif siniflərə, qruplara, təbəqələrə ayrılır. Cəmiyyətin sosial strukturuna müxtəlif yanaşmalar mövcuddur. Bu yanaşmalar nə qədər fərqli olsa da, cəmiyyətdə daim üç əsas sinfin – yüksək, orta və aşağı siniflərin mövcudluğunu mübahisəsiz qəbul edirlər.
28 İyul 2016 13:13 SosialCahangir Hüseynov: "Ölkəmizdə həyata keçirilən islahatlar məhz orta sinfin kəmiyyət və keyfiyyətcə inkişafına yönəldilib"
"Cəmiyyətimizdə orta sinif probleminin aktuallaşması həm də, dövlətimizin özünü sosial yönümlü elan etməsi ilə bağlıdır"
Müasir dövrdə cəmiyyət müxtəlif siniflərə, qruplara, təbəqələrə ayrılır. Cəmiyyətin sosial strukturuna müxtəlif yanaşmalar mövcuddur. Bu yanaşmalar nə qədər fərqli olsa da, cəmiyyətdə daim üç əsas sinfin - yüksək, orta və aşağı siniflərin mövcudluğunu mübahisəsiz qəbul edirlər.
Sabiq millət vəkili, tədqiqatçı alim Cahangir Hüseynovun sözlərinə görə, burada orta sinif özünəməxsus yer tutur: "Orta sinif özündə müxtəlif iqtisadi və siyasi maraqları birləşdirən, mürəkkəb struktura malik sosial birlikdir. Onu səciyyələndirmək üçün "cəmiyyətin orta hissəsi", "orta istehlak təbəqəsi", "orta sinif", "orta təbəqə", "orta siniflər" və ya "orta təbəqələr" kimi müxtəlif anlayışlardan istifadə olunur. "Orta sinif" anlayışı elmi ədəbiyyatda və gündəlik danışıq dilində geniş tətbiq edilir. Bu anlayışın məzmunca "təbəqə"yə nisbətən geniş olması və özündə müxtəlif sosial təbəqələri əhatə etməsi də onun qəbul olunmasını zəruri edir. "Orta sinif" anlayışı cəmiyyətin bu mühüm hissəsinə adı çəkilən təbəqələrdən ibarət vahid sosial birlik kimi yanaşır. Bu sinfə professional işçilərin bəzi təbəqələrini, həkimləri, müəllimləri, alimləri, jurnalistləri, incəsənət və mədəniyyət nümayəndələrini, orta gəlirə malik sahibkarları və fermerləri aid etmək olar. Başqa sözlə, orta sinfə cəmiyyətin yaradıcı xarakterli, peşəkar fəaliyyətilə sosial əhəmiyyət kəsb edən qarışıq sosial təbəqələri daxildir. Sosial tənzimləyici xüsusiyyətə malik olan və cəmiyyətin böyük hissəsini təşkil edən bu sosial sinif ixtisaslı, peşəkar işçi qüvvəsinin əsas mənbəyidir". Sabiq millət vəıkili deyir ki, cəmiyyətin sosial strukturunda yüksək və aşağı siniflər arasında özünəməxsus yer tutan orta sinif bir sıra əlamətlərinə: gəlir səviyyəsinə, istehlak standartlarına, maddi və intellektual mülkiyyətə malik olmasına, təhsil və qabiliyyət səviyyəsinə, yüksək ixtisaslı əməyinə görə seçilir və cəmiyyətdə xüsusi rol oynayır: "Onun bu rolunu obrazlı şəkildə, insan orqanizmində tarazlıq və sabitliyi təmin edən onurğa sütunu ilə müqayisə etmək olar. Bu sinfə bir qayda olaraq, iqtisadi müstəqilliyə sahib olanlar (sahibkarlar), eləcə də, cəmiyyət tərəfindən yüksək dəyərləndirilənlər - alimlər, həkimlər, vəkillər, ali və orta məktəb müəllimləri, ticarətçilər, sənətkarlar, iri və orta müəssisələrin menecerləri və mühasibləri, bankirlər, elmi - texniki və humanitar sahələrdə çalışanlar, başqa sözlə, cəmiyyətin özəyini təşkil edən insanlar daxil edilir. Orta sinfin nümayəndələri bir-birilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər, onlardan birinin fəaliyyəti digərinin uğur qazanmasını şərtləndirir. Məsələn, sahibkarlar alimlərin yaşayış vasitələri ilə təmin olunmasını öz üzərlərinə götürürsə, alimlər texnikada, texnologiyada kəşflər və yeniliklər yaradırlar ki, onları istehsala tətbiq etməklə sahibkarlar mənfəətlərini dəfələrlə artırırlar. Nəticə etibarilə, bundan bütün cəmiyyət üzvləri faydalanır. Onu da qeyd etmək yerinə düşər ki, hələlik bizim alimlərimiz orta sinif məfhumunu qəbul etməyə çətinlik çəkirlər. Bu məsələlər barədə alimlər müəyyən təhlil və araşdırmalar aparsalar da, hələlik onları qane edəcək cavablar tapılmır. Azərbaycan alimlərinin bir qismi hesab edir ki, orta sinif yalnız maddi imkanlarla bağlıdır. Hətta belə hesab edirlər ki, aylıq gəliri 500 manatdan çox olanları orta sinfə aid etmək olar. Digər bir qrup alim hesab edir ki, belə təsnifat o qədər də düzgün deyil. Orta sinfin, mən belə fikirləşirəm, cəmiyyətdə sosial tənzimləyici, ictimai inkişafın mənbəyi rolunu oynaması üçün onun həcminin böyük olması kifayət deyildir. Bunun üçün həmin təbəqənin cəmiyyətdə mühüm sosial, iqtisadi və siyasi funksiyaları yerinə yetirməsi üçün imkanları olmalıdır. Bunula belə cəmiyyətin sosial strukturunda orta sinfin mövqeyi və rolu ilə bağlı vahid rəy yoxdur, bu barədə nəzəri diskussiyalar və mübahisələr davam etməkdədir. Sosial strukturun izahının marksist ənənəsindən xilas olmayanlar hələ də cəmiyyətimizdə orta sinfin mövcud olmadığı barədə fikirlər söyləyirlər. Bununla yanaşı, müasir reallıqlara arxalanmaqla Azərbaycanda Qərbi Avropa və Amerika standartlarına uyğun gələn orta sinfin formalaşmaqda olduğunu qəbul edən tədqiqatçıların sayı da durmadan artmaqdadır". Cahangir Hüseynov bildirib ki, cəmiyyətimizdə orta sinif probleminin aktuallaşması həm də, dövlətimizin özünü sosial yönümlü elan etməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu mühüm sosial öhdəçiliyin hansı səviyyədə yerinə yetirilməsi, həm də orta sinfin inkişafı göstəricilərindən çox asılıdır: "Bu baxımdan, Azərbaycan cəmiyyətində orta sinfin formalaşması və inkişafı ilə bağlı məsələlərin həlli prioritetlər sırasındadır. Ölkəmizdə həyata keçirilən islahatlar məhz orta sinfin kəmiyyət və keyfiyyətcə inkişafına yönəldilmişdir. Onlar öz miqyası etibarilə çox geniş olub iqtisadi hədəflərlə yanaşı, həm də sosial və demokratik məqsədlərin reallaşdırılmasını əhatə edir. Belə ki, sosial ədalətin həqiqi göstəricisi kimi çıxış edən orta sinif vətəndaş cəmiyyətinin formalaşmasının sosial bazasını və hərəkətverici qüvvəsini təşkil edir. Bu istiqamətdə aparılan islahatların uğurları onların əhalinin əksəriyyətini təşkil edən orta sinif tərəfindən nə dərəcədə dəstəklənməsindən və deməli onun inkişafı üçün yaradılan şəraitdən asılıdır. Orta sinfin bu münasibətdə mövqeyi, onun bazar qanunlarını və dəyərlər sistemini mənimsəməsi çox önəmlidir. Orta sinif çoxaspektli sosial fenomen kimi özündə iqtisadi, sosial, siyasi, fəlsəfi və mənəvi tərəfləri birləşdirdiyi üçün onun təhlili, öz
məzmunu və inkişaf yolu olan vahid sosial hadisə kimi nəzərdən keçirilməsi, sosial stratifikasiyanın bu vacib yarım sisteminin inkişaf tarixini, mahiyyət əlamətlərini, strukturunu, funksiyalarını, subyektlərini, inkişaf tendensiyalarını adekvat müəyyənləşdirməyə imkan verir. Orta sinfin sosial-fəlsəfi təhlili onu bir çox sosial amillər və şərtlərlə səciyyələnən ümumi ictimai münasibətlər kontekstində öyrənir ki, bu daha böyük əhəmiyyət kəsb edir. Açıq cəmiyyətin əsaslarının yaradılması prosesində ölkəmizdə orta sinfin inkişafı ilə bağlı praktiki məsələlərin həllində analoji təhlillər müstəsna əhəmiyyətə malikdir". Sabiq millət vəkili hesab edir ki, siniflərlə yanaşı təbəqələr də onun mühüm elementi kimi qiymətləndirilir: "İctimai təbəqələrin fərqləndirilməsi gəlirlərin və istehlakın miqdarı, həmçinin həyat tərzinə görə müəyyənləşdirilir. Təbəqələr əhalinin müxtəlif zümrələri mənasında başa düşülür. Təbəqə anlayışı həm sosial subyektləri, həm də zehni əmək adamlarının bütün kateqoriyalarını, başqa sözlə, ziyalıları əhatə edir. Bu mənada, hazırki zamanda "orta təbəqə", "şəhərli təbəqələr", "ziyalılar" və s. terminlərdən geniş istifadə olunur. Təbəqə sosial qrupların, ilk növbədə sosial siniflərin daxilində üfüqi bölgü vahidi kimi səciyyələnir. Təbəqələr elə sosial qruplardır ki, onların cəmiyyətdə yeri, yalnız sosial-iqtisadi münasibətlər sistemindəki vəziyyəti ilə deyil, eləcə də, təşəkkül tapan ənənələr və hüquqi aktlarla müəyyən olunur. Cəmiyyətin sosial strukturunda ziyalı təbəqəsi orta sinfin mühüm tərkib hissəsini təşkil edir. Ziyalılar peşəkar zehni əməklə məşğul olan adamlardan ibarət sosial təbəqədir. Bu təbəqə hələ quldarlıq və feodalizm cəmiyyətlərində zehni əməyin fiziki əməkdən ayrıldığı zaman meydana gəlmişdir. Əqli əmək nümayəndələrinin bu cəmiyyətlərdə oynadığı mühüm rolu antik Yunanıstan, qədim Roma dövləti və Şərqin quldar dövlətlərində elmin, maddi və mənəvi mədəniyyətin inkişaf səviyyəsində aydın görmək olar. Bu dövlətlərdə siyasi həyatın yüksək inkişafı da ziyalıların cəmiyyətdəki yüksək mövqeyi ilə bağlı olmuşdur. Müasir dövrdə biliklərin, təhsilin, mədəniyyətin rolunun artması və elmi-texniki inqilabın genişlənməsi ilə əlaqədar olaraq, ziyalıların sayı çoxalır. Cəmiyyət həyatının müxtəlif sferalarında elm və texnikanın nailiyyətlərindən geniş istifadə olunması zehni əməyə olan tələbatı daim artırır. Ziyalılıq insanın özünün nail olduqları, mənimsədikləri ilə deyil, başqalarına verdikləri ilə müəyyən olunur. Fikrimcə, ziyalılar adamların böyük sosial qrupu olub, ali və ya orta ixtisas təhsilinə malik, peşəkar surətdə yüksək ixtisaslı zehni əməklə məşğul olan şəxslərdən ibarət ictimai təbəqədir. Əgər əvvəllər kapitalist cəmiyyətlərində müstəqil kiçik sahibkarlar və xırda burjuaziya orta sinfin 80 %-ə qədərini təşkil edirdisə, bu gün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə orta sinfin 75 %-ə qədərini muzdlu zehni əmək işçiləri təşkil edir. Fiziki əmək nümayəndələri ilə müqayisədə onlar bir sıra üstünlüklərə - ali təhsil, yaxşı əmək şəraiti, yüksək gəlir və təqaüd, davamlı məzuniyyət və s. kimi xüsusiyyətlərə malikdirlər. Bu prosesin digər əks əlaməti isə
ondan ibarətdir ki, yeni təbəqənin həcminin artması ona əvvəllər təhsilin verdiyi imtiyazları verə bilmir. İndi bilik (istər texniki, istərsə də humanitar) kifayət qədər tez köhnəlir, diplomlu mütəxəssislər isə ya dövlətdən, ya da iri korparasiyalardan asılı vəziyyətə düşürlər. Sənaye inqilabı əl əməyinə əsaslanan yüksək səviyyəli sənətkarların dəyərini məhv etdiyi kimi, müasir elmi - texniki inqilab da saysız - hesabsız diplomlu işçi və peşəkarları oxşar vəziyyətə salmışdır". Cahangir Hüseynov deyib ki, orta sinfin zəruriliyi cəmiyyətin bütün sahələrini ictimai iaşə, turiz fəaliyyəti, sahibkarlıq cəömiyyətdə geri qalan bütün sahələrə özünün təsirini göstərməkdədir: " Bazar iqtisadiyyatı qanunları tezliklə bütün sahələrdə bərqərar olunmaqla sahibkarlıq fəaliyyətinə geniş imkanlar verilməli, vergi gömrük qaydaları tam şəffaflıqla idarə olunmalı, və bu sahələrə hüquq mühafizə orqanından ciddi nəzarət olunmalıdır. Əvvəlki mövzularımızda vurğuladığımız kimi insan bəşər övladı azad cəmiyyət onun sahibkarlıq imkanlarına dəstək olmalıdır. Həmçinin bu sahədə bank sektoru və dövlətin müəyyən maliyyə yardımları, ipoteka, subsidiya, kredit, uzun müddətli güzəştli şərtlər ilə orta sinfə dəstək olmalıdır. Belə olarsa, əhalinin vurğuladığımız kimi kasıb, yoxsul təbəqəsi azalar, orta təbəqənin imkanları böyüdükcən sahibkarlıq fəaliyyəti artar, vətəndaş cəmiyyəti inkişaf edər, kənd təsərrüfatı, sənətkarlıq, tikinti sektoru bütün infrasturuktur sahələr tezliklə daha sürətlə inkişaf edər, azad iqtisadi bazarların yaranması ilə Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilər. Bu sahənin də inkişaf etdirilməsi cənab prezidentimiz İlham Əliyevin apardığı siyasətin davamı olar, Azərbaycan dünyada tanınar, turizm potensialından bəhrələnər və iqtisadiyyatımızn da qeyri neft sektoru daha da inkişaf edər. Son olaraq onu qeyd etmək demək istərdim ki, orta sinfin vəziyyəti cəmiyyətin güzgüsüdür. Orta sinfin rifah halının cəmiyyətin dayanıqlı və davamlı, stabil və proqressiv olması ilə paralellik təşkil edir. Cəmiyyəti inkişaf etdirmək üçün orda formalaşmış orta sinfin mövqeyi nəzərə alınmalı, onun yaşayış səviyyəsi yüksəldilməlidir".
Süleyman