Ətin qiyməti bahalaşıb?
Son günlər paytaxtda fəaliyyət göstərən bazar və dükanlarda ətin qiymətinin bahalaşması barədə məlumat dolaşmaqdadır. Lakin aidiyyati qurumlar qiymət artımının iqtisadi əsası olmadığı qənaətindədirlər.
27 İyul 2016 14:43 SosialNazirlik "yox", ekspertlər "hə" deyir
Son günlər paytaxtda fəaliyyət göstərən bazar və dükanlarda ətin qiymətinin bahalaşması barədə məlumat dolaşmaqdadır. Lakin aidiyyati qurumlar qiymət artımının iqtisadi əsası olmadığı qənaətindədirlər. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, ətin qiymətində ciddi bahalaşma müşahidə edilmir. "Mal əti hər yerdə 7-8 manata, quzu əti isə 8-9 manata alıcılara təklif olunur"-deyə nazirlik rəsmisi vurğulayıb. M.Hacıyevn sözlərinə görə, ətin qiymətində cüzi artım ola bilər. Bu da bazarda tələb və təkliflə bağlıdır: "Amma bizə rəsmi şəkildə ətin qiymətinin artması haqqında məlumat daxil olmayıb. Bir daha qeyd edirəm ki, mövsümlə və tələb-təkliflə bağlı olaraq bazarlarda ətin qiymətində cüzi qiymət artımı ola bilər. Məsələn, biz bunu yumurtanın qiymətində də hiss edirik. 16 qəpiyə satılan yumurta bir ara 9 qəpiyə qədər düşmüşdü". M.Hacıyev qeyd edib ki, ətin qiymətinin qalxmasına yem məhsullarının bahalaşmasının heç bir təsiri yoxdur. Lakin fakt odur ki, ətin qiymətində 50 qəpik - 1 manat arası bahalaşma hiss olunur.
İqtisadçı alim Qubad İbadoğlu bildirib ki, ölkədə baş verən devalvasiya ətin bahalaşmasına səbəb olur. Mal ətinin qiymətinin bahalaşması digər ət bazarlarında, o sıradan qoyun əti, quş əti, həmçinin, balığın qiymətində də artırıcı təsirə malik olacaq. Onun sözlərinə görə, artıq bir neçə gündür ki, paytaxtda mal ətinun 1 kiloqramı 8 manat 50 qəpiyə satılır: "Belə ki, son günlərdə mal ətinin hər kiloqramı təxminən 1 manat qiymət bahalaşmasına məruz qalıb. Gözləntilərə görə, bu son hədd deyil, qiymət bahalaşması davam edəcək. Əslində iqtisadi məntiqlə mövsumi amillərə görə yay fəslində mal ətinin qiyməti sabit qalmalı idi. Çünki, yay aylarında yaşıl yem və qüvvətli yemin qiyməti digər mövsümlərlə müqayisədə ucuz olur. Belə olan halda ət istehsalında əsas xərc maddəsi olan yemin qiymətinin nisbətən ucuz olması məhsulun maya dəyərini aşağı salır. Digər tərəfdən də yay aylarında kabab mövsümünə görə qoyun ətinə tələbat mal ətini nisbətən yüksək olur. Yayda mal ətinə olan tələbatın azalması onun qiymətində sabitliyi qorumalı idi. Amma bütün bunlar ət bazarında təklifin yerli istehsal hesabına təmin olunduğu halda özünü doğruldur". O, təəssüflə qeyd edib ki, hələ də daxili mal əti bazarında idxal olunan diri heyvanların payı kifayət qədər yüksəkdir. "Müşahidələr göstərir ki, Rusiyadan ucuz qiymətə alınaraq gətirilən iri buynuzlu heyvanlar bir neçə aylıq bəsləmədən sonra bazarlarda alıcılara təklif olunur. Hazırda isə ölkədə davamlı devalvasiya və rus rublunun dəyərinin son zamanlar möhkəmlənməsi idxal olunan diri heyvanların manatla qiymətini artırır. Odur ki, hazırkı qiymətlərlə diri heyvanların ölkəyə gətirilməsi getdikcə sərfəsiz biznesə çevrilir. Bunu xarici ticarət statistikasında həmin mal mövqeyi üzrə azalan tendensiya da təsdiq edir. Belə ki, ötən ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə idxal olunan diri heayvanların dəyəri 57,1 faiz azalaraq 28,9 milyon dollardan 12,4 milyon dollara düşüb"- deyə, eskpert vurğulayıb. Ekspert hesab edir ki, mal ətinin qiymətinin bahalaşması digər ət bazarlarında, o sıradan qoyun əti, quş əti, həmçinin balığın qiymətində də artırıcı təsirə malik olacaq: "Xüsusilə də nəzərə alsaq təxminən ay yarımdan sonra Qurban bayramı gəlir, o halda da qoyun ətinə artan tələbatın onun qiymətini də bahalaşdıracağına şübhə qalmır. Ət bazarında qiymət bahalaşması ilk növbədə restoranlarda və kafelərdə ətli yeməklərin qiymətini bahalaşdıracaq".
Alim