Azərbaycanda müvəqqəti qeydiyyatda olan əcnəbilər də icbari tibbi sığorta olunacaq
19 May 2016 13:42 Sosial"İcbari tibbi sığorta Azərbaycanda müvəqqəti qeydiyyatda olan əcnəbiləri də əhatə edəcək". Məlumata görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov jurnalistlərlə təlim zamanı deyib. V.Qurbanovun sözlərinə görə, tibbi sığorta haqları ölkənin sosial yönümlü layihələrinin büdcəsi hesabına formalaşdırılacaq: "Xidmət paketinin müddəti hər il yenilənmək şərti ilə 1 il müəyyən olunub. Keyfiyyətə nəzarət isə Səhiyyə Nazirliyi və Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək". Şöbə müdiri onu da qeyd edib ki, risk qrupuna daxil olan xəstəliklər - ürək-damar xəstəlikləri, habelə stasionar müalicə üçün dərmanların xidmət paketinə daxil edilməsi haqda rəy artıq formalaşıb, ancaq ambulator müalicənin dərman təminatının xidmət paketinə daxil edilməsi haqda müzakirə aparılır. Təlimdə çıxış edən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev bildirib ki, icbari tibbi sığorta ilə bağlı tibb müəssisələrinin akkreditasiya prosesinə nəzarət hələlik heç bir quruma həvalə olunmayıb.