Narkomaniyaya qarşı layihəyə start verildi

"Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Narkomaniya bəlasından qorunmada QHT-lərin rolunun artırılması" layihəsinə start verib.
Layihə barəsində danışan təşkilatın sədri, layihə rəhbəri Nəzakət Həsənova deyib ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Onun sözlərinə görə, aparılan araşdırmalar onu deməyə əsas verir ki, geniş aiditoriyaya malik olan bu problemin həlli ilə bağlı dünya dövlətləri daim mübarizə aparır. Bu mübarizə istər hüquq mühafizə orqanları, istərsə də vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir. Ancaq bütün bunlara baxmayaraq problemin köklü həllinə hələ də nail olmaq mümkün olmayıb: "Azərbaycanda Narkomaniyaya qarşı mübarizə ilə bağlı aparılan araşdırmalar onu deməyə əsas verir ki, bu istiqamətdə aparılan işlər yüksək səviyyədə təşkil olunub. Məhz dövlətin huquq mühafizə orqanlarının apardıqları əməmliyyatlar nəticəsində mövcud problemin daha geniş vüsət almasının qarşısı alınır. Daxili İşlər, Milli Təhlükəsizlik, Sərhəd Qoşunları və digər qurumların rəsmi məlumatları da onu deməyə əsas verir ki, ümumbəşəri problemin qarşısının alınması istiqamətində Azərbaycanda təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Aparılan araşdırmalar isə onu deməyə əsas verir ki, atılan addımlara baxmayaraq bu gün problemdən əziyyət çəkənlərin sayı durmadan artır. Əsasən gənc nəsil arasında yayına narkomaniya onların həyat və fəaliyyətinə ciddi təsir göstərir. Eyni zamanda sağlamlıqlarında ciddi problem yaradır ki, bu da normal ailə modelinin inkişafına, sağlam gələcək nəsil yetişməsinə ciddi əngəllər törədir. Bu baxımdan Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Narkomanlıq eynən narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir; o, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir. Bütün bu kimi halların qarşısını almaq üçün regionlarda olan gənclər arasında narkomaniyaya qarşı ümbarizə sahəsində davamlı addımların atılması zərurətə çevrilib". N.Həsənova deyib ki, layihə çərçivəsində İsmayıllı və Şirvanda gənclər arasında narkomaniyaya meyilliliyin qarşısını alması yönündə maarifləndirmə işi aparılacaq: "Layihəyə cəlb olunacaq ekspertlərin köməkliyi ilə İsmayıllı, Şirvan və Samuxda gənclərlə bu istiqamətdə fərdi söhbətlər aparılacaq, Narkomaniyaya yox deyək adlı 100 metrlik məsafəyə qaçış idman yarışı təşkil olunacaq. Eyni zamanda facebook sosial şəbəkəsində narkomaniyanın törətdiyi bəlalarla bağlı maarifləndirmə işinin davamı olaraq "Narkomaniya gəncliyimizi əlimizdən ala bilməytəcəksən" devizi altında qurup yaradılacaq. Sosial şəbəkə vasitəsi ilə həyata keçiriləcək maar ifləndirmə işində ekspertlər gəncləri bu yoldan çəkindirmək üçün onun törətdiyi bəlalar barəsində ətraflı məlumatlar verəcəklər. Bununla yanaşı ölkədə fəaliyyət göstərən müxtəlif KİV-lərdə maarifləndirmə işi aparılacaq, bu yöndə silsilə yazılar dərc olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00