Millət vəkili: "Xaricdə təhsil alan gənclərimiz Azərbaycanın təbliğatçılarıdır"
19 May 2016 11:13 Sosial"Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlərdə gənclər fəallıq nümayiş etdirməklə ölkə həqiqətlərimizin təbliğinə öz töhfələrini verməyə çalışırlar". Olaylar" xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində millət vəkili Elşad Həsənov dilə gətirib. Onun sözlərinə görə, dünyanın 70-dən artıq ölkəsində keçirilən tədbirlərdə iştirak edən soydaşlarımızı təmsil edən azərbaycanlı gənclər birlik, həmrəylik nümayış etdirirlər. O, deyib ki, Türkiyənin Taksim meydanında, Almaniyada, Böyük Britaniyada, Hollandiyada və digər ölkələrdə keçirilən aksiyalarda Dağlıq Qarabağ münaqişəsini yaradan səbəblər barədə dünya ictimaiyyətinə əsil həqiqəti catdıran, beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edən gənclərimizin gələcəkdə yaşadıqları ölkələrin parlamentlərində, dövlət strukturlarında təmsil olunması yaxın illərdə reallaşacaq proqnozlardır. Millət vəkilinin dediyinə görə, xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası, mədəniyyətlərarası dialoqun təşkilinə, lobbi quruculuğuna müasir dünyanın tələbləri baxımından diqqət yetirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi aktual məsələlərdə gənclərin fəallığına xüsusi önəm verilməsi, eyni zamanda etibarlı gələcəyimizin təminatı baxımından vacibdir: "Bir əsas məqamı da qeyd edək ki, xaricdə təhsil alan gənclərimiz öz növbəsində Azərbaycanın təbliğatçılarıdır. Gənclərimiz elmin sirlərinə dərindən yiyələnməklə, təhsil aldıqları ölkələrdə həqiqətlərimizin təbliğinə xidmət edən layihələrin reallaşdırılmasına, tədbirlərin keçirilməsinə səy göstərirlər. Bu gün harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə güclü, qüdrətli dövlətin vətəndaşı olmağı ilə qürur duyur, respubilkamızın daha da güclənməsinə, qüdrətlənməsinə öz töhfələrini verməyə çalışırlar. Bir sözlə, Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə əldə etdiyi uğurları müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu addımları kimi dəyərləndirən gənclərimiz dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla əsil vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər".