İnsan niyə əsnəyir? - Elmi izah
18 May 2016 19:00 SosialƏsnəmə - baş beyində oksigen çatışmazlığına qarşı orqanizmin reaksiyasıdır. Aile.lent.az immunitet.az-a istinadən bildirir ki, yuxuya getmə zamanı tənəffüsün tezliyi avtomatik olaraq aşağı düşür, ona görə də yuxu zamanı orqanizm daha az enerji sərf edir. Bu zaman yuxunu qovmağa çalışdıqda, beyində oksigen çatışmazlığı baş verir və onu aradan qaldırmaq üçün insan əsnəməyə başlayır. Əsnəmə zamanı ağciyərlərə daxil olan havanın miqdarı artır. Qanda oksigenin və karbon qazının qatılığı yuxu arteriyasının bölünmə nahiyəsində yerləşən və qanın kimyəvi tərkibinə həssas olan xüsusi xemoreseptorlar vasitəsilə tənzim olunur. Siqnallar həmin reseptorlardan beyinə gedərək burada emal olunur. Tənəffüsün əsas mərkəzi uzunsov beyində yerləşir. Tənəffüs mərkəzi sərbəst işləyə bilsə də, beyin qabığı tərəfindən idarə olunur. Əsnəmə insanlar arasında qeyri-verbal əlaqənin siqnallarından biridir. Əlaqənın bu növündə informasiya sözlərlə deyil, jestlər, pozalar və mimikalar vasitəsilə ötürülür. Bir nəfər əsnəyəndə ətrafdakıların da qeyri-iradi olaraq əsnəməsi məhz bu fenomenlə izah olunur.