“Region gəncləri arasında dini radikallıq və ekstremizmə qarşı maarifləndirmə” layihəsinə start verildi
18 May 2016 17:23 SosialGənc Politoloqlar Mərkəzi "Region gəncləri arasında dini radikallıq və ekstremizmə qarşı maarifləndirmə" layihəsinə start verib. Layihə barədə məlumat verən Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə üç ay davam edəcək. Layihənin əsas məqsədi region gəncləri arasında maarifləndirici seminarlar keçirməklə onların dini radikallıq və ekstremizmlə mübarizədə rolunu gücləndirməkdən ibarətdir: "Müasir cəmiyyətdə dinin insanların həyatında, xüsusilə gənclərin tərbiyyəsində və formalaşmasında böyük əhəmiyyəti var. Eyni zamanda, dinin düzgün təbliği cəmiyyətdə yarana biləcək hər hansı fikir ayrılığı, radikal fəaliyyət və ekstremizm kimi halların qarşısının alınmasına böyük töhvə verə bilər. Bu baxımdan Gənc Politoloqlar Mərkəzi olaraq bu cür maarifləndirici layihələrin gənclər arasında həyata keçirilməsini məqsədəuyğun hesab edirik. İnanırıq ki, layihənin icrası gənclərin ölkənin inkişafında müsbət rolunun güclənməsində faydalı olacaq". Onun sözlərinə görə, icrasına start verilmiş layihə Azərbaycanın 11 regionunu əhatə edəcək, 500-ə yaxın gəncin dini radikalizmlə mübarizə mövzusunda maariflndirilməsini təmin edəcək. Eyni zamanda, Bakıda keçiriləcək bir günlük konfrans zamanı gənclərin dini radikalizmlə mübarizədə rolu mövzusunda mütəxəssislərin rəyləri dinləniləcək. GPM rəhbəri bildirib ki, müasir dövrdə bəşəriyyəti təhdid edən qlobal təhlükələrdən biri də dini radikallıq və ekstremizm hallarının artmasıdır: "Yaxın Şərqdə və dünyanın digər ayrı-ayrı bölgələrində, xüsusilə Suriyada son beş ildə baş verən hadisələr və bəzi Azərbaycan gənclərinin də həmin radikal dini qruplaşmalara qoşulması onu sübut edir ki, bizim respublikamız da həmin təhlükədən sığortalanmayıb. Terrorizm, ekstremizm, separatizm habelə dini aqressivlək və radikallıqla mübarizədə əhalinin müxtəlif təbəqələri, xüsusən gənclər arasında düzgün dini maariflndirmə işlərinin aparılması ümumi dövlətçilik prinsiplərinə və təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Ölkədə dini tolerantlığın yüksək olmasına baxmayaraq, bir çox Azərbaycan gənclərinin dini biliklərinin aşağı səviyyədə olması onların qlobal miqyasda cərəyan edən dini radikallıq və ekstremizmin təsirlərindən uzaq qalmasına imkan vermir və bir sıra hallarda onların təsiri altına düşürlər". İlkin Əliyev bildirib ki, aparılan araşdırmalar zamanı bəlli olub ki, daha çox region gəncləri İŞİD-in təsiri altına düşərək Suriyaya cihada gedirlər. Ancaq bizim vətənimiz Azərbaycandır və bizim Dağlıq Qarabağ kimi problemimiz var. Yaxşı olardı ki, gənclərimiz Qarabağda vuruşmaq haqqında düşünsünlər: "Regionlarda dini savadı zəif olan gənclərimiz müxtəlif şirnikləşdirici vədlərlə Suriyada döyüşlərə cəlb edilirlər. Bəzən isə belə gənclər xarici ölkələrin xüsusi kəşfiyyat orqanlarının təsiri altlna düşürlər. Ona görə, qərara almışıq ki, maarifləndirici tədbirlərimiz daha çox regionları əhatə etsin". Tədbirdə o da qeyd edilib ki, Azərbaycanın daxilində də dini, etnik, sosial qarşıdurma yaratmağa cəhd edən qüvvələr var. Lakin Azərbaycanda ortaya qoyulan siyasi iradə buna imkan vermir. Həm də Azərbaycanda tarixən dini tolerantlıq mövcud olub, müxtəlif xalqlar birgəyaşayış qaydalarına riayət ediblər. Hələ multikulturalizm sözü olmayanda belə Azərbaycanda onun ənənələri mövcud olub. Azərbaycanda əsrlər boyu mövcud olan birgəyaşayış qaydaları multikultural dəyərlərini əhatə edib. Onun nəticəsidir ki, hazırda multikultural dəyərlər Azərbaycanda həyat tərzinə çevrilib. Müasir gənclərin vəzifəsi isə bu dəyərləri yaşatmaqdan ibarətdir. Çıxış edənlər bildiriblər ki, gənclərin işsiz qalması onların müxtəlif dini radikal qruplaşmalara meyl etməsilə nəticələnir: "Azərbaycanda kifayət qədər özəl universitetlər var. Lakin oranı bitirənlər iş tapmadığı halda müxtəlif vasitələrlə İŞİD-ə cəlb edilirlər. Hazırda respublikanın şimal və cənub rayonlarında belə hallara daha çox rast gəlinir. Odur ki, gənclər arasında maarifləndirmə işlərinin aparılması vacib şərtdir". Tədbirdə o da bildirilib ki, layihənin icrası zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və komitənin regional nümayəndəlikləri, yerli icra hakimiyyətləri və onların gənclərlə iş üzrə şöbələri, müxtəlif gənclər təşkilatları ilə əməkdaşlıq ediləcək.
Alim