Evlərin qiymətini maklerlər “şişirdir”
Deputat: “Təkrar mənzil bazarında qiymətinin qalxmasında maklerlərin rolu var”
18 May 2016 13:52 SosialCari ilin əvvəlindən başlayan qiymət artımı sonrakı aylar üçün də xarakterik olub. Alıcıların tədricən bazara qayıtmaları son nəticədə alqı-satqı əqdlərin sayında və qiymətlərdə özünü büruzə verib. Artım həm qiymət, həm də bağlanan əqdlərin dinamikasında müşahidə edilib. "Əmlak Bazarı İştirakçıları" İB-dən verilən məlumata görə, mövsümi amillərin bu faktorda böyük rolu olsa da, tikinti şirkətlərinin qiymətləri stabil saxlamağa çalışması, mənzillərin satışında kredit portfelinin həcminin artması aktivliyin müsbətə doğru inkişafına təsirsiz ötüşməyib. Paytaxt ərazisində gedən infrastruktur dəyişiklikləri hesabına alıcılıq qabiliyyəti yüksələn tendensiya ilə davam edib. Nəticədə bağlanan əqdlərin sayında artım müşahidə edilib. "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib ki, Azərbaycan daşınmaz əmlak bazarında qiymətlər apreldə martla müqayisədə biraz azalıb. Manatla qiymətlər 3.59 faiz, ABŞ dolları üzrə isə 0,52 faiz azalma müşahidə olunur. Onun sözlərinə görə, yeni mənzillərin manatla qiyməti orta hesabla 2.24 faiz azalıb. Təkrar mənzil bazarında manatla qiymətlər 1,57 fazi düşüb. Fevral ayı ilə müqayisədə martda kommersiya obyektləri bazarında manatla qiymətlər 8.55 faiz düşüb, dollarla isə - 6.23 faiz enib. Beləliklə, Bаkı şəhəri üzrə ilkin yaşayış mənzil bаzаrında аrаşdırılmаyа məruz qаlаn çoxmənzilli yaşayış binаlаrının sаyı 400-ə ətrafında olub. Əvvəlki aylarda olduğu kimi, son mərtəbələrə hələ də tələbatın aşağı olması bir çox yeni tikilinin tam satılaraq satışdan çıxmasına mane olub. Millət vəkili Əli Məsimli bildirib ki, bu gün Azərbaycanda evlərin qiymətlərinin dünya ölkələri ilə müqayisədə baha olmasının bir neçə səbəbi var. Bunlardan ən birincisi isə bina tikilməyə başlayandan bitənə qədər qeyri-adi, xoşagəlməz halların yaşanmasıdır. O qeyd edib ki, əgər evlərin qiymətini təkcə maklerlə bağlasaq, onda məsləyə birtərəfli, yarımçıq yanaşmış olarıq: "Bina tikmə prosesinə başlayan adam torpağı alanda əlavə nəsə verir, hansısa prosesdən keçəndə, bina təhvil veriləndə nəsə ödəyir. Bu "nəsə verirlər" evin maya dəyərinin üzərinə yığılır, beləliklə evin qiyməti artıq olur. İkinci məsələ: pulunu qoymağa yer tapa bilməyən adamlar tikinti prosesinə girişəndə onları tikdikləri binanın nə vaxt satılacağı maraqlandırmır. Onlar hansısa sahələri götürür və orada istədikləri səviyyədə bina tikir, qiymət qoyurlar". Deputat deyir ki, əgər Azərbaycanda orta əmək haqqı 500 manatın altındadırsa, bu əmək haqqına işləyən vətəndaş nəinki ev ala bilər, heç ipoteka kreditindən də faydalana bilməz: "Çünki ipoteka kreditindən faydalanmaq üçün insanın gəlirləri 700-800 manat olmalıdır. Amma orta statistik azərbaycanlı əgər ev ala bilmirsə, ipotekadan faydalana bilmirsə, onda təbii ki, mənzil bazarında bahalaşma süni sürətdə özünü göstərməyə davam edəcək". Deputat vurğulayıb ki, dünya iqtisadiyyatında gedən proseləsr, devalvasiya evlərin qiymətinə qismən təsir göstərir. "Ona görə ki, maşın, ev dollarla hesablanır. Manata nisbətdə artım, dollara nisbətdə isə müəyyən enmələr olur. Enmələr ona görə yetərincə deyil ki, o sahədə normal bazar münasibətləri işləmir. Maklerlər də öz maraqlarından çıxış edərək proseslərə müəyyən dərəcədə təsir göstərə bilərlər. Amma makler Azərbaycanda evlərin qiymətlərinin insafcızcasına olmasının səbəbi deyil". Ə.Məsimli təkrar mənzil bazarında evlərin baha olmasını isə maklerlərlə əlaqələndirib: "Qubadan gətirilən alma bazara qədər bir neçə əldən keçir və hərə öz payını qoyur, nəticədə alma Qubadakı qiymətdən xeyli baha satılır. Təkrar mənzil bazarında isə maklerlərin qiymətinin qaxlamasında rolu var". İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, aprel ayında Bakıda mənzillərin qiyməti əvvəlki ayla müqayisədə 4 faiz aşağı düşüb: "Maraqlıdır ki, süni tələb yaratmaq üçün bu ilin əvvəlində 2016-cı ildə kəskin qiymət artımlarının olacağını söyləyənlər var idi. Öncədə proqnozlaşdırdığımız kimi qiymət azalmları gözlənilən idi. Amma yenə də mənzillərin mövcud qiyməti real qiymət deyil. Ölkə üzrə orta aylıq əmək haqqı və gəlirlik səviyyəsini nəzərə alsaq qiymətlər indikidən xeyli aşağı olmalıdır. Orta aylıq əmək haqqı ilə nəinki Bakının mərkəzində, hətta mərkəzə yaxın ərazilərdə belə bir kvadratmetr mənzil sahəsi almaq mümkün deyil. Təəssüf ki, əmlak bazarındakı himayə olunan "makler-biznesmənlər" kəskin qiymət azalmalarına imkan vermilər. Məhz bunu nəticəsidir ki, bazara çıxarılan əmlakın əksəriyyətinin satışı maklerlər tərəfindən idarə edilir. Buna görə də, qiymət azalmalarına baxmayaraq qiymət mənzilin mövcud alıcılıq qabiliyyətinə əsasən formalaşmalı olan real bazar dəyərindən daha yüksək təklif edilir. Bu baxımdan, düşünürəm ki, əmlak bazarında maklerlərin fəaliyyətini məhdudlaşdıran rəsmi qaydaların qəbul edilməsi və tətbiq olunmasına ehtiyac var".
Nurlan