Ramazanda necə qidalanmaq məsləhətdir?

Oruc tutanlar nələrə diqqət etməlidir?

Artıq 11 ayın sultanı Ramazan ayı yaxınlaşmaq ərəfəsindədir. İnanclı insanlar üçün özəl bir ay olan Ramazanda Allahın mömin, imanlı bəndələri bir qayda olaraq İslamın beş əsas şərtindən biri olan oruc tutar, bu ayı bir növ ibadətlə başa vurar.
Son illər Ramazan ayı bir qayda olaraq yay fəslinə təsadüf edir. Yayda isə oruc tutmaq bir qədər çətin olduğu üçün bu zaman qidalanmaya əsas diqqət yetirmək lazımdır. Ümumiyyətlə, Ramazan ayında oruc tutan mömin bəndələrin necə qidalana bilməsi əsas diqqət çəkən məsələlərdəndir. Bəzən oruc tutan insanlar düzgün qidalanmaya diqqət etmədikləri üçün qısa müddətdə onların səhhətində, mədə-bağırsaq sistemində ciddi fəsadlar yaranır. Bu da nəticə etibarilə orucun yarıda kəsilməsi kimi mənfi tendensiyaya gətirib çıxarır. Elə bu səbəbdəndir ki, Ramazanda oruc tutan insanların həkim məsləhəti almaları məsləhət görülür. Bəs görəsən Ramazanda tibbi nöqteyi nəzərdən necə qidalanmaq lazımdır.
Həkim, tibb üzrə mütəxəssis Füzuli Hüseynov deyir ki, bir qayda olaraq insan orqanizminə zərər verməyən ərzaq, yeyəcəklər qəbul etmək lazımdır. Onun sözlərinə görə, ilk növbədə imsakda necə qidalanmağa diqqət yetirilməlidir: " Birincisi, nəzərə almaq lazımdır ki, bu vaxtdakı oruc, yəni yay orucu həm müddəti uzun, həm də isti hava ilə müşayət olunur. Buna görə də, mütləq imsaka durmaq lazımdır. Səhər, yəni imsakda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmaq lazımdır. Kəpəkli çörək yeyilməlidir. Çünki kəpəkli çörək ağ çörəkdən 4 dəfə gec sorulur ki, bu da uzun zaman ac qalmaq üçün faydalıdır. Ağ çörək isə kəpəkli çörəkdən 4 dəfə tez sorulduğundan qanda şəkərin miqdarı yeməkdən sonra çox qalxır və tez də düşür". Həkim deyir ki, imsak zamanı yumurtaya üstünlük verilməlidir: "Suda qaynadılmış olsa daha yaxşı olar. Çünki yumurtanın tərkibində olan zülal orqanizmin enerji balansını qoruyur. Suda qaynadılmış parça ət də bu yöndən faydalıdır. Həmçinin imsak vaxtı 3-4 ədəd xurma yemək də faydalıdır. Çünki xurmada həm karbohidrat, həm zülal, həm də az miqdarda yağ var. Eyni zamanda kəpəkli makaron və yerli düyü çox faydalıdır. Duzsuz pendir, qaymaq, smetan yemək də məsləhətdir. Süddə bişmiş yulaf və ya müsli imsak zamanı məsləhətlidir". Füzuli Hüseynovun sözlərinə görə, Ramazan ayı yay fəslinə təsadüf etdiyindən bu zaman insan susuzluğa çətin dayanır. Ona görə də səhərlər bol- bol su içilməlidir: "Köp olmaması üçün razyana ilə çobanyastığı qarışıqlı çay içmək məsləhətlidir. Susuzluğun qarşısını almaq üçün limonlu çay və ya məkkəgülü ilə dəmlənmiş çay içmək də məqsəduyğundur. 1 xörək qaşığı məkkəgülü çiçəyi 3 stəkan suya tökülür və üzərinə 2 ədəd çubuq darçın, 2 ədəd alma və 2 xörək qaşığı bal və şəkər tozu əlavə edilib zəif odun üzərində 5 dəq qaynadılır. onra soyuducuya qoyulur və səhər imsak zamanı içilir. Bu içki həm dadlı, həm də susuzluğun qarşısını almaq üçün əla vasitədir". Füzuli Hüseynovun sözlərinə görə, iftarda da qidalanmaya ciddi diqqət yetirilməlidir: "İftar 2 hissəyə bölünməlidir. Birdən-birə mədəni çox yükləmək olmaz. Çünki aclıq zamanı metabolizma (maddələr mübadiləsi) zəifləyir, bu zaman köp sancılar və qəbizlik baş verə bilər. Yeməyə su ilə başlamaq, sonra sulu yeməklərə üstünlük vermək lazımdır. Çalışmaq lazımdır ki, süfrədə mövsümi meyvələr bol olsun. Qatıq, ayran, salat, göyərtinin də olması məsləhətdir. Mədəsində qıcqırma olanlar qatığı kəfirlə əvəzləyə bilər. Sulu yeməkdən sonra biraz istirahət edilməli. Bu zaman idman hərəkətləri çox faydalıdır və həzmə kömək edir". Həkim deyir ki, bundan sonra enerjili yeməklər yemək məsləhətdir: "Yenə də ağ çörək istifadə etməmək lazımdır. Lifli yeməklər, meyvələr və quru meyvələr yeyilməlidir. Yeməkdən sonra köpün, qəbizliyin və sancıların qarşısını almaq üçün yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkiləri ya tək-tək, ya da bir yerdə qarışdırıb çay şəklində dəmləyərək içmək faydalıdır. Bir sözlə iftarda yaxşı qidalanmaq lazımdır. Çünki ertəsi gün yenidən oruc tutulmalıdır".


Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00