Maddi imkanlar üzündən ali təhsilini buraxan gənclərin sayı artır

Deputat: “Amma təhsil kreditlərinı dair qanun qəbul olunarsa, həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar”

"Təhsil kreditləri haqqında" qanun təcili olaraq müzakirəyə çıxarılmalıdır". Bunu Milli Məclisin iclasında deputat Qənirə Paşayeva səsləndirib. O, deyib ki, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır.  "Elm haqqındda qanun" layihəsinin müzakirəsi zamanı millət vəkili bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər, imkansız ailələr ona müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər: "Amma təhsil kreditlərinı dair qanun qəbul olunarsa, həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Ucuz faizlərlə uzun müddətə kredit alaraq, təhsilini başa vurub çalışmağa başlayanda həmin vəsaiti qaytarmağa başlayarlar və bu təhsilin də, elmin də inkişafına öz töhfələrini verə bilər. Kəndlərdən, rayonlardan nə qədər imkansız ailələrin istedadlı uşaqları var. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq, təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək. Bu gün bəzi banklar təhsil kreditlərini qısa müddətə verir və yüksək faizlidir, onlar problemləri həll edə bilməz. Artıq yaz sessiyası başa çatır. Mən təklif edirəm ki, həmin qanun layihəsi müzakirəyə çıxarılsın. Çünki indi dərs ili başa çatır və yeni dərs ilinin başlanmasına qədər ailələr, gənclər bilmək istəyir ki, "təhsil kreditləri qanunu" olacaq ya yox. Onlar buna ümid edə bilərlər ya yox?..". Bəzi qonşu ölkələrdə də təhsil kreditlərinin geniş yayıldığını deyən Q.Paşayeva bildirib ki, bir müddət əvvəl millət vəkilləri Ə.Məsimli və V.Əhmədovun hazırladığı qanun layihəsi ilə bağlı müzakirələr çox vacibdir: "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitənin sədri İsa müəllim böyük narahatlıqla magisturaturadan elmə üz tutan gənclərin sayının getdikcə azaldığını vurğuladı. Bu, bizim hamımızı narahat edir. Çox yaxşı haldır ki, "Elm haqqında" qanun layihəsində doktorantura təhsili üçün təhsil kreditləri öz əksini tapır, amma bu, bütün ali təhsil pillələrini əhatə etməlidir ki, imkanları aşağı olan, amma istedada malik gənclər bakalavr təhsilini davam etdirib, magistraturaya, oradan da elm arxasınca gedə bilsinlər". Q.Paşayeva bildirib ki, elm dalınca gedən gənclərin sosial ipoteka vasitəsilə mənzil ala bilməsi məsələsinin qanun layihəsində konkret öz əksini tapması da çox vacibdir: "Hər bir kəs vətən qarşısında hərbi xidmətini yerinə yetirməlidir, amma davamlı təhsil istiqamətində yaxşı olardı ki, gənclər magistraturaya daxil olursa, onlar magistraturanı bitirənə qədər möhlət verilsin və magistratura təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollansınlar. Bu təhsilin keyfiyyəti ilə bərabər, elmin inkişafına dəstək istiqamətində də vacib olardı. Biz dövlətin dəstəyi ilə xarici ölkələrin tanınmış ali məktəblərinə gəncləri oxumağa göndəririk və ya bu cür addımları dəstəkləyirik. İmkan vermək lazımdır ki, gənclər magistratura təhsillərini başa vursunlar və ondan sonra oradan hərbi xidmətə yollansınlar".

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, prezidentin təhsilə, elmə olan qiyməti son nəticədə qanunvericilik istiqamətində yeniliklərin tətbiq olunması ilə bağlıdır. O, qeyd edib ki, gənclərimizin elmə gəlməsi üçün şərait yaratmalıyıq. "Çox təəssüf ki, bu gün elmimiz yaşlaşır, bütün dünyaya əks proses gedir. İsa müəllimdən xahişim var ki, elmi işçilərin vəzifələri maddəsində, kiçik elmi işçidən tutmuş baş elmi işçiyə qədər vəzifələr qeyd olunub. Gənc baş elmi işçiyə gələnə qədər 75 yaşı olacaq. Gəncləri müəyyən qədər stimullaşdırmalıyıq. Amma imkan yaradaq ki, insanın əlində şərait olsun. Bu məsələni dəfələrlə qaldmırşıq, Birinci oxunuşda da bildirmişik. Dünya elmində belə bölüm yoxdur. Çox xahiş edirəm bu nəzərə alınsın". Komitə sədri qanun layihəsində elmi fəaliyyətin Azərbaycan modelinin formalaşdırılması maddəsinə də toxunub: "Bu gün dünyada artıq sərhədlər yoxdur. Yaxşı olar ki, elmin Azərbaycan modelinin formalaşdırılması olsun. Amma reallıq onu göstərir ki, bu gün bu mümkün deyil. Ayrıca heç bir istiqamətdə bunu inkişaf etdirə bilmərik. Elmi işçilərin, xüsusilə gənclərin iş məsələsini qeyd etmək istəyirəm. Elmi işçi elmi müəssisədə çalışır. Bir reallıqları bilirik ki, bir dənə işlə bağlı elmi işçi, gənc özünü dolandıra bilmir. Burada deyirlər ki, büdcəni qaldıraq. Biz başa düşməliyik ki, elmə qoyulan vəsaitlər nə vaxtsa qayıtmalıdır. Hələki bu proses bu gün yoxdur. Reallıq ondan ibarətdir ki, büdcənin qaldırılması ilə nailiyyətlər əldə olunmalıdır. AMEA-da ciddi islahatlar olmalıdır. İnsitutların sayı elmi işçilərin sayından çoxdur". Deputat təhsilin davamlıq məsələsi barədə danışıb. O qeyd edib ki, biz müharibə şəraitində yaşayırıq: "Peşəkar orudunun yaranması vacibdir. Bilməliyik ki, gənclərimiz hərbi xidmətə hazırolmalıdır və müəyyən bacarıqları olmalıdır. Təklif edirəm ki, orta mətkəbi bitirdikdən sonra hamısı hərbi xidmətə getsin. Yoxsa ali məktəbə daxil olur, əsgərliyə gedir, təzədən gəlib magistraturanı davam etdirəcək. Elmin davamlılığı olmasa, nailiyyət olmayacaq. Biz bunu burda edə bilmiriksə, qayda olaraq tətbiq edək ki, orta mətkəbi bitirib əsgərliyə getsin. Eyni zamanda xarici ölkələrin elmi dərəcələrinin və adlarının tanınması barədə maddə də var. Bəs tanınmaması? Əgər biz hamısını tanıyırıqsa, bunu da yazmışıqsa, deməli bu proses hardasa pozula bilər. Yoxsa müxtəlif institutlardan elmi dərəcə alırlar və gəlib burada tələb edirlər ki, onları tanıyaq". 


Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00