Bakı Ali Neft Məktəbində imtahanları britaniyalı müəllimlər keçirir
17 May 2016 16:22 SosialBakı Ali Neft Məktəbində yaz imtahan sessiyasına start verilib. "OLAYLAR"-ın xəbərinə görə, BANM-nin "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə 2-ci, 3-cü və 4-cü kurslarda təhsil alan tələbələri Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və fərq nəzərə alınaraq eyni saatda keçirilir. Heriot-Vatt Universitetindən BANM-ə ezam edilmiş 6 nəfərdən ibarət müəllim və ekspert heyəti - universitetin Mühəndislik və fizika elmləri üzrə institutunun (MFEİ) direktor müavini professor Aleksandr Bel, MFEİ-nin tədris və təlim üzrə direktoru, professor Kevin Makkalax, MFEİ-nin professoru Qrem Vayt, müəllim və tədris üzrə menecer Patrisiya Dankan, inzibati işlər üzrə köməkçi İren Foks, universitetin Neft-qaz mühəndisliyi İnstitutunun tədris işləri üzrə direktoru Con Ford imtahanları Böyük Britaniyada tərtib olunmuş suallar əsasında təşkil edir və imtahanların gedişinə nəzarət edirlər. BANM Azərbaycanda yeganə ali məktəbdir ki, burada biliyin qiymətləndirilməsi xarici ölkə universiteti tərəfindən həyata keçirilir. Britaniyalı mütəxəssislər imtahandan sonra tələbələrin yazılı cavablarını sürətli poçt xidməti vasitəsilə qiymətləndirmə üçün Edinburqa, Heriot-Vatt Universitetinə göndərirlər. İmtahan prosesinin təşkili nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır. Statistika göstəricilərinə əsasən, BANM-nin tələblərinin imtahanlarda topladığı orta bal göstəriciləri indiyə qədər həmişə Heriot-Vatt tələbələri ilə müqayisədə daha yüksək olub.