Xarici dövlətlərin yük avtomobilləri yol vergisindən azad edildi
17 May 2016 16:20 SosialDəmir yolu ilə daşınan yüklər Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə, digər dövlətə daşındıqda, 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 il müddətinə yol vergisindən azaddır. "Olaylar" xəbər verir ki, bu, Milli Məclisdə qəbul edilən Vergilər Məcəlləsinə dəyişikliklərdə əksini tapıb. Digər dəyişikliyə əsasən xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə, daşındıqda da 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 il müddətinə yol vergisindən azaddır.