Binəqədi rayonunda “Qarabağ həftəsi” layihəsinə start verilib

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə "Qarabağ həftəsi" layihəsinə start verilib. "OLAYLAR"-ın xəbərinə görə, Binəqədi rayonu 297 və 300 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə "Qarabağ həftəsi" layihəsinin ilk təqdimatında Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvanə Əliyeva, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, YAP rayon təşkilatının əməkdaşları, 297 və 300 saylı orta məktəbin rəhbərlik və kollektivi iştirak ediblər. 297 saylı orta məktəbdə keçirilən "Ağdərə harayı" adlı təqdimat Ağdərə rayonuna həsr olundu. İstedadlı şagirdlərin təqdimatında Ağdərə rayonunun tarixi, ərazisi, əhalisi, iqtisadiyyatı haqqında ətraflı məlumat verilib. Tədbirin sonunda çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova və 300 saylı orta məktəbin direktoru İradə Xəlilova "Qarabağ həftəsi" layihəsinin reallaşdırılmasının yüksək əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunması faktının geniş ictimaiyyətə çatdırılması məqsədilə həyata keçirilən layihə silsilə olaraq Binəqədi rayonunun 32 orta ümumtəhsil məktəbini əhatə edəcək. Layihə çərçivəsində məktəb şagirdlərinin təqdimatında erməni işğalı altında olan 12 rayonumuz haqqında müxtəlif məlumatlar, slaydlar, həmin rayonlara məxsus tarixi və mədəniyyət abidələri, həmin rayonların tarixi şəxsiyyətləri, musiqisi və s. haqqında dolğun məlumatlar müxtəlif fərqli təqdimatlar vasitəsilə çatdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31