“Elm haqqında” qanundan möhlət hüququ çıxarıldı
Komitə sədri: “Azərbaycanda müharibə şəraiti bitənə qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər”
17 May 2016 15:18 SosialMilli Məclisin mayın 17-də keçirilən iclasında "Elm haqqında" qanun layihəsi II oxunuş üçün müzakirəyə çıxarılıb. Layihə haqqında məlumat verən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, "Təhsil haqqında" qanun qəbul edildikdən sonra "Elm haqqında" qanunun hazırlanmasına start verilib: "Bu müddət ərzində təcrübələr öyrənilib. Nəhayət 2013-2014-cü illərdə cəmiyyətin müxtəlif qurumlarında müzakirə aparılıb, sənəd 2015-ci ilə Milli Məclisin iclasında I oxunuşa çıxarılıb. Lakin "Elm haqqında" qanun layihəsinin hazırlanması və müzakirələrdən keçən dövr ərzində elmdə baş verən dəyişikliklər layihənin yenidən baxılması və dəyişdirilməsi zərurətini ortaya çıxarıb. Qanun layihəsi daha da təkmillləşdirilib. Ölkəmizdə elm yönümlü sənədlər, qəbul edilmiş qərarlar da layihəyə yenidən baxılması zərurətini aktuallaşdırıb. Bütün bunlara görə qanun layihəsi komitə daxilində mütəxxəsislər tərəfindən oxunub, müzakirə olunduqdan sonra parlamentin plenar iclasına təqdim edilib. "Elm haqqında" qanun layihəsində elm siyasəti önə çəkilərək, ideoloji bazanın daha da möhkəmləndirilməsinə fikir verilib". Komitə sədri qeyd edib ki, qanun layihəsinin strukturunda təkmilləşmə zamanı bəzi dəyişiklərin aparılması zəruri olub, bəzi maddələr tamamilə çıxarılıb, bəziləri birləşdirilib. Komitə sədri qeyd edib ki, I oxunuşda 8 fəsil 45 maddə qəbul edilən qanun layihəsi 7 fəsil 41 maddə ilə ikinci oxunuşa çıxarılıb: "Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti haqqında" ayrıca maddə əlavə edilib. Bu, son illərdə aparılan islahatların elmdəki əks-sədasından doğan reallıqları əhatə edən maddədir. "Elm haqqında" qanun layihəsi çərçivə sənədidir, gələcəkdə elmdə innovasiya və sahibkarlıq haqqında qanun hazırlana bilər. Fəlsəfə və elmlər doktorlarının elmi adı var, eyni zamanda professor və akademiklər alim kimi qeyd edilir. Amma akademiyanın həqiqi və müxbir üzvlərinin adlandırılması yox idi. Akademiyanın həqiqi və müxbiri üzvlərinin elmi rütbə adlandırılması məqsədəuyğun hesab edilib və ayrıca maddədə də qeyd edilib". İ.Həbibbəyli vurğulayıb ki, qanun layihəsində təhsil kreditləri məsələsinə də toxunulub: "Milli Məclisdə təhsil kreditləri barədə söhbət gedir. Təhsil qurumlarında təhsil kreditlərinin verilməsi, təhsil alanın əmək fəaliyyətinə başlayarkən həmin kreditləri ödəməsinin başlaması mexanizminin tapılması vacib olduğundan qanun layihəsində qeyd etmişik. Bu, bakalavr pilləsi ilə yanaşı, gələcəkdə magistratura və doktorantura üzrə də vacib ola bilər". Komitə sədri qeyd edib ki, magistrlərə hərbi xidmətdən möhlətin verilməsi "Elm haqqında" qanunun deyil, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun subyektidir. Hərbi vəziyyət normalaşarkən bu əlavə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna edilə bilər. İ. Həbibbəyli deyib ki, Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər. Bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər". Onun sözlərinə görə, "Elm haqqında" qanun layihəsinin bundan əvvəlki variantına görə, magistratura pilləsində təhsil peşəkar məqsədlər üçün ixtisas magistri və elmi fəaliyyətlə məşğul olmaq üçün tədqiqat magistri üzrə həyata keçirilir. Tədqiqat magistri dərəcəsinə malik olan şəxslərə elmi tədqiqat və elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq, doktoranturaya daxil olmaq üstünlüyü verilir. Qanun layihəsində Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması da təklif edilir. Layihəyə əsasən, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə, dövlət sifarişi ilə yaradılmış milli innovasiya məhsullarının zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsidir. "Son hadisələr göstərdi ki, biz peşəkar ordu ilə Qarabağı azad edəcəyik. Ona görə də gəncləri təhsildən ayıraraq hərbi xidmətə cəlb etməyi yanlış sayıram". Bu sözləri Milli Məclisin plenar iclasında "Elm haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib. O, təhsildə fasiləsizliyin təmin edilməsi ilə bağlı müddəanın qanun layihəsinə əlavə olunmasını təklif edib: "Fasiləsiz təhsil olduqca vacibdir, biz onsuz da peşəkar ordu qurmadan Qarabağı azad edə bilməyəcəyik, əlbəttə hamı əsgərliyə getməlidir, ancaq təhsili tamamlamağa mütləq imkan verilməlidir ki, istedadlı övladlarımız elmi sferada öz töfhələrini verə bilsinler. Təəssüf ki, möhleət imkanı bu qanunla tanınmır və bunun ciddi fəsadları olacaq". Deputat Qüdrət Həsənquliyev də qeyd edib ki, təhsildə olduğu kimi elmdə də fasiləsizlik təmin olunmalı və magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməlidir. "Dövlətin əsas vəzifələrindən biri də bu olmalıdır ki, təhsildə olduğu kimi elmi fəaliyyətdə də fasiləsizlik təmin olsun. Magsitrlərə hərbi xidmətdən möhlət verilməldir. 700 bal toplamış azərbaycanlı gənci aprel döyüşlərində həlak olub. Vətəni qorumaq hər bir azərbaycanlının borcudur. Vətəni təkcə səngərdə deyil, öz sahəsində də müdafiə etmək mümkündür. Düşünürəm ki, o, gənc elmi sahədə böyük töhfələr verərdi. Təklif edirəm ki, elmi fəaliyyətin davam etdirilməsi üçün magistratura və doktoranturaya qəbul olmuş şəxslər hərbi vəzifədən azad olunmalı, fəlsəfə doktorları isə orduya çağırılmamalıdır. Ermənilərə üstün gəlməyimizin bir yolu da elmin üstün olmasından gedir". Deputat elm üçün ayrılmış vəsaitin və elmi işçilərin maaşlarının artırılmasına da toxunub. "İqtisadiyyat kreditləşməsə, iqtisadiyyatın inkişafından söhbət gedə bilmədiyi kimi elm üçün vəsait ayrılmasa onun inkişafından da söhbət gedə bilməz. Elmi işçilərin əmək haqqısı artırılmalıdır. Gənc alimlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. Buna görə ehtiyacı olan işçilərə sosial ipotekanın tətbiq edilməsi yaxşı olardı". Deputat Zahid Oruc Azərbaycanda alimlərin sayının 10 min nəfərə yaxın olduğunu, hər 100 min nəfərə düşən göstəriciyə görə Azərbaycanın Ermənistandan geri qaldığını söyləyən Z. Oruc deyib ki, alimin maaşı əsas kriteriya olmalıdır: "Elə universitetlər var ki, onların dövlət sifarişində yer alması anlaşılmazdır. Anti-reklam olmaması üçün onların adını çəkmirəm". Millət vəkili həmçinin bildirib ki, uşaq baxçalarının Bağçaların Bakı şəhər İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur: "Bağçaların Bakı şəhər İcra Hakimiyyətinə nə aidiyyəti var? Bağçada soskaya göz dikib, bunu qazanc yerinə çevirənlər bu addımlarını gələcəkdə nəyə hesabladıqlarını bilirlər". Millət vəkili Qənirə Paşayeva bildirib ki, magistraturadan elmə gələn gənclərin sayının azalması ciddi problemdir. O, bunun səbəblərindən birinin təhsil krediti ilə bağlı olduğunu söyləyib: "Ali təhsil pilləsində hər 3 gəncdən 2-si ödənişli təhsil alır. Ona görə də yoxsul, kəndlərdən, rayonlardan gələn istedadlı gənclərin təhsillərini davam etməsi üçün təhsil kreditlərinin verilməsi qanunvericilikdə əksini tapmalıdır. Digər tərəfdən, Müdafiə Nazirliyi ilə Təhsil Nazirliyi magistrlərə möhlət verilib-verilməməsini yenidən müzakirə etsə, yaxşı olar". AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva da təhsilini yarımçıq qoyan gənclərin sayının artdığını qeyd edib: "Heç olmasa, əlavələrin həcmini artırmasaq, gəncləri elmə cəlb etmək çətin olacaq". Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının kənardan hansı həcmdə vəsait cəlb etməsinin də diqqət mərkəzində olduğunu söyləyib: "Magistrlərə möhlət hüququnun verilməsi, hərbi xidmətdən azad edilmə "Elm haqqında" qanunun deyil, hərbi səfərbərliklə bağlı qanunvericiliyin predmetidir. Digər tərəfdən, 40 yaşdan aşağı şəxslər ödəniş əsasında hərbi xidmətə qəbul edilə bilərlər. Ona görə də magistrlərlə bağlı belə təkliflər aktuallığını itirir". Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə bildirib ki, hazırda elmi işçilərin maddi və sosial durumu onların məhsuldar işləməsinə imkan vermir: "Ona görə də gənc elmi işçilər başqa ölkələrə üz tutur, elmi işçilərin qocalması müşahidə edilir".
Alim