Varşavanın Kral sarayında Azərbaycanın gənc rəssamlarının sərgisi təşkil olunacaq

Bu ilin may ayında Polşadakı Azərbaycan Səfirliyinin təşkilatçılığı ilə bu ölkədə Azərbaycan gənc rəssamlarının sərgisi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzindən daxil olub. Bildirilib ki, sərginin açılışı mayın 22-də Varşavanın Kral sarayında olacaq. Sərgi 28 May-Respublika Gününə həsr olunur. Sərgidə iştirak etmək üçün Azərbaycandan 18 nəfərdən ibarət nümayəndə heyəti 20- 27 may il tarixlərində Polşada səfərdə olacaqlar. Sərgidə nümayiş etdirmək üçün 8 rəssamın 35 əsəri seçilib. Sərgidə Aybəniz Zeynalovanın "Xalça dükanı", Aysun Həsənovanın "Pyero", Aynel Sarıyevanın "Güllərlə natürmort", Qəmər Ağazadənin "Samovar", Eleonora Fərəcovanın "Bakıda yaz", Nurəddin Yaqubovun "Pas", Kəmalə Cəfərzadənin "Suyun şəfqəti" və Vüsalə Abbasovanın "Qədim qəfədan" əsərləri nümayiş olunacaq. Səfər müddətində Azərbaycanın gənc rəssamları Polşanın görməli yerlərini ziyarət edəcək, Lublin və Torun şəhərlərinə bir günlük səfər edəcəklər. Sonda iştirakçı rəssamlara Səfirliyimiz tərəfindən sertifikatlar təqdim olunacaq.
Qeyd edık ki, "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi 2010-cu ildən etibarən Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği məqsədilə müxtəlif ölkələrdə gənc rəssamlarımızın əsərlərindən ibarət sərgilər keçirir. İndiyə qədər Xarici İşlər Nazirliyinin dəstəyilə Sofiya, Brüssel (iki dəfə), Vena, Paris, London, Roma, Bern, Milan, Budapeşt, Praqa və Vaterloo şəhərlərində bu ölkələrdəki səfirliklərimizin fəal iştirakı ilə sərgilər təşkil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00