Xəzərdəki neft-qaz yataqlarında ekoloji monitorinq aparılır
17 May 2016 13:17 SosialSOCAR-ın Şurası tərəfindən təsdiq olunmuş 2016-cı il üzrə illik iş planına əsasən Ekologiya İdarəsi tərəfindən Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarında ekoloji monitorinqlərə start verilib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, bu məqsədlə Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən may ayında N.Nərimanov adına NQÇİ-nin istismarında olan "Səngəcal-Duvvanı-Xərə-Zirə" və "Ələt dəniz" yataqlarında "MPK-452" gəmisi vasitəsi ilə ətraf mühitin vəziyyətinin monitorinqi həyata keçirilib. Monitorinqlər zamanı seçilmiş stansiyalarda Niskin tipli batometr vasitəsilə su nümunələri götürülmüş, gəminin laboratoriyasında "Professional Plus" çoxrejimli analitik cihaz vasitəsi ilə su nümunələrində hidrogen ionlarının qatılığı (pH), oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperatur təyin olub. Alınmış fiziki-kimyəvi nəticələrin Xəzər dənizi üçün xarakterik göstəricilər həddində olduğu müəyyən edilib.
Hazırda ekoloji monitorinq işləri SOCAR-ın digər dəniz yataqlarında da davam etdirilir.