Ölkəmiz beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir

Cari il mayın 10-13-də Çin Xalq Respublikasının Tiançin şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyanın 9-cu İllik tədbirləri keçirilib. Nazirlikdən verilən məlumata görə, konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.IAACA-nın tədbirləri onun rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası ilə başlanıb. Əsas təşkilati məsələlərin baxıldığı iclasda məruzə ilə F.Məmmədov çıxış edib və müvafiq qərar qəbul olunub. Antikorrupsiya qurumlarının fəaliyyətinə həsr olunmuş Konfransın əsas plenar sessiyasına Azərbaycanın ədliyyə naziri sədrlik edib. Nazir giriş nitqi ilə çıxış edərək antikorrupsiya orqanlarının inkişafı, rolu və əsas fəaliyyət istiqamətlərindən bəhs edib, Azərbaycanda bu sahədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan əhatəli institusional və praktiki tədbirlər, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin yaradılması, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun səlahiyyətlərinin genişləndirilməsi, kadr və maliyyə potensialının gücləndirilməsi barədə məlumat verib. Sonda sessiyaya yekun vuran F.Məmmədov antikorrupsiya qurumlarının gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə dair təkliflərlə çıxış edib. Konfransda dünyanın 70 dövlətindən 300-ə yaxın nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə, ixtisaslaşmış antikorrupsiya orqanlarının, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, tanınmış hüquqşünaslar iştirak ediblər. Mötəbər forumun açılışında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi və Hüquqi Məsələlər üzrə Komissiyasının rəhbəri Menq Çianju, IAACA-nın prezidenti və Çinin baş prokuroru Çao Cianminq, Tiançin partiya komitəsinin katibi və şəhərin meri Xuonq Ksinquo, BMT-nin və digər beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00