Daşkənddə Azərbaycan mətbəxi təqdim edilib

Daşkənddə keçirilən "Xalqların adət-ənənələri və milli yeməkləri" mövzusunda xeyriyyə festivalında Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil ediblər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Özbəkistanda fəaliyyət göstərən 50-dən çox səfirlik və diplomatik nümayəndəliklərin iştirak etdiyi Festivalı Özbəkistanın Xarici İşlər Nazirliyi və onun Diplomatik Servis Xidməti tərəfindən təşkil edilib. Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Azərbaycan Səfirliyi, onun Mədəniyyət Mərkəzi, habelə Daşkənddəki azərbaycanlılar fəal iştirak ediblər. Azərbaycan tərəfi builki festivalda iştirakını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr ediblər. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan milli xörəklərimiz-dolma, plov, dovğa, kükü, müxtəlif kabablar, həmçinin şirniyyatlarımızdan şəkərbura, paxlava və s. qonaqlara təklif edilib. Azərbaycan yeməklərinə festivalda böyük maraq göstərilmiş və ən çox sifariş verilən təamlar olub. Azərbaycan üçün ayrılmış guşədə Azərbaycan mədəniyyətinə dair suvenirlər, xalçalarımız, milli geyimlər, milli musiqi alətləri, həmçinin milli məişət əşyaları nümayiş etdirilib. Guşədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, milli mətbəxi ilə əlaqədar nəşrlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar sərgilənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00