Metropoliten yay qrafikinin tətbiqinə başladı

Mayın 15-dən Bakı metropolitenində ventilyatorların iş rejimi ilə bağlı yay qrafikinin tətbiqinə başlanılıb. Bu barədə məlumat "OLAYLAR"-a qurumun mətbuat xidmətindən daxil olub. Bildirilib ki, qrafik metropolitendə havalandırma sisteminin səmərəli təşkili məqsədilə tərtib olunur.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC rəhbərliyinin tapşırığı ilə ventilyatorların iş prinsiplərinin monitorinqi aparılıb. Yoxlamaların keyfiyyətini təmin etmək məqsədilə yeni ölçü cihazları alınıb və müvafiq iş planı hazırlanıb. Monitorinq zamanı stansiya və tunellərdə oksigen və karbon qazının miqdarı, rütubət, hava kütləsinin axın istiqamətləri və sürəti, ventilyatorların işçi vəziyyəti öyrənilərək təhlil edilib. Ölçmələr hər stansiyanın 15-dək nöqtəsində aparılıb. Bura keçidlər, vestibüllər, avtomat buraxılış-nəzarət məntəqələri, eskalatorların və pilləkənlərin giriş və çıxış sahələri, stansiyalarda ventilyatorların yerləşdiyi əraziyə ən yaxın və ən uzaq nöqtələr və s. daxil idi. Ventilyatorların yay iş rejimi noyabr ayının 15-ə qədər etibarlı olacaq. Həmin gün qış qrafikinin tətbiqinə başlanılacaq. Metropolitendə artan sərnişin axınının tələbatı, həmçinin mənəvi cəhətdən köhnəlmiş ventilyatorların daha güclü, müasir və effektli analoqları ilə əvəzlənməsi prosesi davam edir. Təsdiq olunmuş illik tədbirlər planına uyğun olaraq, 6 yeni havalandırma qurğusunun müasir analoqları ilə əvəzlənməsi aparılır. İki belə avadanlıq artıq istismara hazırdır. Daha 6 ventilyatorun isə modernləşdirilərək, əsaslı yenidən qurulması da uğurla aparılır. Müasir standartlara cavab verən üç belə avadanlıq da istismara verilib. Digər havalandırma qurğularının fəal quraşdırma və ilkin hazırlıq işləri isə davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00