Yüklərin həcminin artırılması müzakirə olunub

17 may 2016-cı ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində  Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya komitəsinin iclası keçiriləcək. SİA-nın məlumatına görə, Bakıda isə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Qazaxıstan Dəmir Yolları" SC-nin prezidenti Askar Mamin və "Gürcüstan Dəmir Yolları" SC-nin Baş direktoru Mamuka Baxtadze  arasında üçtərəfli görüş keçirilib.

Tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcminin artırılması və rəqabətədavamlı tarif dərəcələrinin müəyyən edilməsi, Aktau-Kurık-Ələt-Aktau-Kurık marşrutu üzrə bərə ötürməsinin təşkili və dəmir yolu nəqliyyatı üçün maşınqayırma məmulatlarının istehsalı, çatdırılması ilə bağlı əməkdaşlıq haqqında məsələləri müzakirə ediblər.

Eyni zamanda tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə, vaqon, həmçinin konteynerlə yükdaşıma həcminin artırılması məsələsinə baxıblar. Həmin ərazilərdən daşınan bəzi ixrac yüklərinə Qazaxıstan tərəfdən xüsusi tarif müəyyən edilib.

Danışıqlarda quru yolla yüklərin buraxılması üzrə tarif və təşkilati məsələlərin Rusiya dəmiryolçuları ilə müzakirə olunması  da vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00