Gənclər şəhidlərimizin vətənpərvərlik və qəhrəmanlıqları ilə fəxr edir
16 May 2016 16:02 SosialAzərbaycanın ərazi bütövlüyünün qorunması, torpaqlarımızın müdafiəsində iştirak edərək şəhid olmuş həmvətənlərimizə olan ehtiram, onların adının hər zaman uca tutulması gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına müsbət təsir edən amillərdəndir. Elə bu səbəbdəndir ki, bu gün Azərbaycan gəncinin böyük əksəriyyəti özünü şəhid qəhrəmanlarımıza bənzədir, onlarla fəxr edir. Elə 2-5 aprel döyüşlərində şəhid olmuş qəhrəman oğullarımız da Azərbaycan gənclərinə bir nümunə olaraq onlar arasında vətənpərvərlik hisslərinin artmasına müsbət təsir göstərdi. Elə bu gün də aprel şəhidlərimiz böyük ehtiramla yad edilir. Bu günlərdə aprel döyüşlərində böyük şücaət göstərərək şəhid olmuş Vətən oğullarımızın 40 mərasimi də böyük ehtiramla anılıb.
Tərtər rayonunda aprel döyüşlərinin iştirakçısı, bu gün təkcə tərtərlilərin deyil, btün Azərbaycanın fəxri sayılan Nicat İsgəndərovun anım mərasimi keçirilib. Bütün tərtərlilər toplaşmışdılar şəhərin mərkəzi meydanına. Lələtəpə uğrunda gedən döyüşlərdə Nicat İsgəndərovun göstərdiyi igidliyə görə hər bir tərtərli qürrələnirdi. Şəhidin şəkli güllərlə bəzədilmişdir. Tədbirə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin nümayəndəsi, artıq bütün tərtərlilərin yaxşı tanıdığı və sevdiyi Polkovnik Abdulla Qurbani, təhsil, səhiyyə, mədəniyyət işçiləri, N saylı hərbi hissənin əsgərləri şəhid Nicat İsgəndərovun ailə üzvləri və döyüş yoldaşları da qatılmışdılar. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra rayon rəhbəri 1-5 aprel tarixlərində Milli Ordumuzun düşmənə layiqli cavab verməsindən, tərtərlilərin döyüş əzmkarlığından danışılıb. Bildirilib ki, həmin günlərdə Tərtər camaatı ordu ilə monolit birlik nümayiş etdirib. Düşmən bir daha şahidi oldu ki, Azərbaycanın güclü Milli Ordusu, qətiyyətli Ali Baş Komandanı var. Məhz, bu birliyin sayəsində strateji əhəmiyyətə malik bir neçə yüksəklik düşməndən azad edildi. Ordumuz mövqelərini möhkəmlətdi. Nicat da Lələtəpə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Bu gün hər kəs Nicatla qürur duyur. Çünki o, vətən uğrunda həlak olmuş, evdən deyil, eldən gedən oğullardandır. Müstəqim Məmmədov öz çıxışında tərtərlilərin bir gün də olsun yol, su-kanalizasiya çəkilişini, tikinti-abadlıq işlərini dayandırmadıqlarını, bununla düşmənə mənəvi zərbə vurduqlarını da qeyd edib. Rayon rəhbəri qələbə xəbərinin çox yaxında olduğunu vurğulayıb, İcra Hakimiyyətinin başçısı Azərbaycan əsgərlərinin yüksək döyüş əhval-ruhiyyəsində olduğunu, respublika Prezidentinin xanımı ilə birgə Tərtərə səfərindən, təmas xəttində yerləşən Qapanlı kəndində insanlarla görüşündən, dağılan evlərə baxış keçirməsindən də danışıb. Dövlət başçısının çətin günlərdə tərtərlilərə göstərdiyi diqqət və qayğını dilə gətirərək rayon sakinləri adından Ali Baş Komandana minnətdarlığını bildirib. Sonra Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani çıxış edərək Lələtəpə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Nicatdan, onun döyüş dostlarından danışıb. Onları Lələtəpə bayraqdarları, igid qartallar adlandırıb. Polkovnik şəhid atasına oğlunun ölümündən sonra "İgidliyə görə" medalını təqdim edib. Tədbirdə Nicatın yaralı döyüş yoldaşı Ruslan Ağayev, Vətən Müharibəsi Veteranlar Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, Nicatın məzunu olduğu şəhər 1 saylı tam orta məktəbin şagirdi Elmir Səfərov çıxış ediblər. Qeyd olunub ki, şəhid Nicat İsgəndərovun xatirəsi hər kəsin qəlbində daima yaşayacaq. Tədbirdə vətənpərvərlik mahnıları da səsləndirilib. Polkovnik Abdulla Qurbani lələtəpə qəhrəmanlarına həsr olunmuş mahnı diskini rayon rəhbərinə, rayon rəhbəri isə şəhid atasına hədiyyə edib.
Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin şiddətli döyüşlərdə dünyasını dəyişən 12 şəhidindən biri də Elnur Əliyevdir. Mayor Elnur Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü erməninin atdığı qumbaranın üstünə ataraq digər yoldaşlarını xilas edib və qəhrəmancasına şəhid olub. Elnur Əliyev Füzuli rayonunun Dədəli kəndində dəfn olunub. Məlumat üçün qeyd edək ki, Şəhid Elnur Əliyev tanınmış icmalçı, ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyevlə birgə təhsil alıb. Son bir ayda baş verən hərbi proseslərdən sonra Azər Verdiyev könüllü şəkildə cəbhə xəttinə gedib. Ən qaynar nöqtələrdə əsgərlərə dəstək olan Azər Verdiyev şəhid-mayor Elnur Əliyevin qırx mərasimində də iştirak edib. Şəhidin 40 mərasimində Izdiham, xalqın şəhid ailəsinə dəstəyi Elnurun əməyinin boşa getmədiyindən xəbər verir. Lələ Təpənin işğaldan azad etmək üçün döyüşdə iştirak etmiş əsgər və hərbiçilər Elnur Əliyevin necə mərd, qəhrəman bir hərbiçi, gözəl insan, Vətənini dəlicəsinə sevən bir oğul olduğunu vurğulayıblar, onu necə qəhrəmanlıq örnəyi qoyduğundan ürək dolusu danışıblar. Onun qəhrəmanlığı uşaqlarımızı öyrədilməli, KİV-lərimiz onun haqqında, qəhrəmanlığı haqqında daha çox yazılar hazırlamalı, sənədli filmlər çəkilməlidir.Çünki o qəhrəmanlığı ilə örnək bir Vətən övladıdır. Ömrü ön cəbhədə keçmişdi. Elnurun ən böyük arzusu Vətən torpaqlaırını, ata yurdunu, evini düşməndən azad etmək idi. Vətəni işğaldan azad etmək üçün Elnur Əliyev Lələ Təpədə qəhrəmanlıqla döyüşüb və əsgərlərini xilas etmək üçün canını qurban verib. Onunla bütün millətimiz qürur duyur. İnşallah qanları yerdı qalmayacaq və inanırıq ki, torpaqlarımız tamamilə işğaldan azad olunanda onların ruhu da sevinəcək. Elnur bu gün əsl qəhrəmanlıq simvoluna çevrilib. Bizim üzərimizə düşən ən böyük iş onun əziz xatirəsini yaşatmaq və gələcək nəslə ötürməkdən ibarətdir. Məlumat üçün qeyd edək ki, Elnur Əliyevə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli Vətənə Xidmətə görə orden verilib.
Binəqədi rayonunun Binəqədi qəsəbəsində də 2-5 aprel döyüşlərində qəhrəmancasına şəhid olan Milli Ordumuzun əsgəri Emin Bağırovun 40 mərasimi keçirilib. Binəqədi rayon İcra Hakimiyyətin başçısı Xaləddin İskəndərov, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, aparat rəhbərləri, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərlərinin, millət vəkillərinin iştirak etdiyi mərasimdə böyük izdiham yaşanıb. Mərasim iştirakçıları şəhidin qəbrini ziyarət ediblər. Qeyd edək ki, qısa müddət ərzində xeyrxah insanların və Dövlətimizin dəstəyilə şəhidin məzarı üzərində böyük bir memorial ərsəyə gətirilib. Emin Bağırovun döyüş yoldaşları onun keçdiyi şərəfəfli həyat yolundan bəhs ediblər. Tədbir zamanı şəhidin ruhuna dualar oxunub. Sonra şəhidin qulluq etdiyi hərbi hissənin rəhbərliyi Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin imzası ilə Emin Bağırova təqdim edilən dövlət təltifini onun atasına təqdim edib. Hərbçilərimiz şəhidin məzarı üstündə onun qanının yerdə qalmayacağına dair müqəddəs and içiblər.
Masallı rayon Kalinovka kəndində isə Şəhid Nurlan Bayram oğlu Əsgərlinin 40 mərasimi keçirilib və şəhidin adına verilmiş küçənin açılışı olub.
Məkumat üçün qeyd edək ki, Nurlan Əsgərli 03 dekabr 1995-ci ildə Masallı rayonu Kalinovka kəndində anadan olub, 2014-cü ilin yanvar ayında Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Nurlan Əsgərli 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirib. 04 aprel 2016-cı il tarixdə cəbhənin Tərtər rayonundakı təmas xəttində gedən gərgin döyüş zamanı xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına Şəhid olub.
Şəhid Nurlan Əsgərlinin də toprağa tapşırılmasından 40 gün keçir.
Şəhid Nurlan Əsgərlinin adının əbədiləşdirilməsi məqsədi ilə kəndin mərkəzi küçəsinə onun adı verilib. Bu münasibətlə keçirilən tədbirdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatları, rayon ictimaiyyətinin, KİV əməkdaşları və minlərlə sakin iştirak edib.
Bərdədə Mərkəzi meydanda aprel ayında cəbhədə qəhrəmancasına şəhid olmuş çavuş Musayev Səbuhi Rəfayil oğluna "İgidliyə görə" və Baş leytenant Həsənov Ziya Niyazi oğlu "Hərbi xidmətdə fərqlənməyə görə" medallarının təqdimedilməsi tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak ediblər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev acıb. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon rəhbəri cıxış edərək 1-5 aprel tarixlərində düşmən təxribatına cavab verən Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun cəbhədə qazandığı qələbələrdən, döyüş əzmkarlığından danışıb. Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində bir neçə strateji əhəmiyyətli yüksəkliklərin düşmən işğalından azad edilməsini və Milli Ordumuzun mövqelərinin möhkəmləndirilməsini xüsusi qeyd edib. Bildirilib ki, bu döyüşlərdə Bərdə rayonun iki oğlu - baş leytenant Həsənov Ziya Niyazi oğlu və Musayev Səbuhi Rəfayil oğlu şəhid olublar. Bu gün bütün bərdəlilər, bütün Azərbaycan xalqı öz şəhid oğulları ilə qürur duyur. İcra başçısı Ali Baş Komandan cənab İlham Əliyevin həmin çətin günlərdə təmas xəttinə gəlməsindən, əsgərlərin yanında olmasında, mülki əhali ilə görüşlərindən, yaralılara baş çəkməsindən danışaraq bütün bərdəlilər adından ölkə Prezidentinə minnətdarlığını bildirib və əsl böyük qələbə gününün uzaqda olmadığına inamı ifadə edib. Sonra Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani çıxış edərək döyüşlərdə şəhidlik zirvəsinə ucalan Səbuhi və Ziyadan, onun döyüş dostlarından danışıb. Onları geri azad edilən yüksəkliklərin bayraqdarları, igid qartallar adlandırıb. Tədbirdə polkovnik Abdulla Qurbani və rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən şəhid çavuş Musayev Səbuhi Rəfayil oğlunun ölümündən sonar layiq görüldüyü "İgidliyə görə" medalı atası Rəfayil Musayevə, şəhid Baş leytenant Həsənov Ziya Niyazi oğlunun ölümündən sonar layiq görüldüyü " Hərbi qulluqda fərqlənməyə görə" medalı atası Niyazi Həsənova təqdim edilib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir