KİV ehtiyatlı olmalıdır

Azyaşlılar barədə qanunsuz məlumatlar yaymaq cinayət məsuliyyəti yarada bilər

Azərbaycan da daxil olmaqla bütün dünyada cinayət törədən uşaqların sayının artımı müşahidə olunmaqdadır. Ekspertlər bunun kökündə bir sıra amillərin olduğu qənaətindədirlər. Məlumata görə, uşaq cinayətlərinin sayının artmasında valideyinlərin və internetin təsirinin kifayət qədər olduğu bildirilir. Hələ bir müddət öncə UNİCEF və Ombudsman Aparatının Azərbaycanda apardıqları monitorinqlər zamanı bəlli olmuşdu ki, azyaşlıların cinayət törətmə səbəbləri sırasında öndə valideyn məsuliyyətsizliyi durur. Sonrakı yerlərdə mobil telefonlar, internet, sosial şəbəkələrin gəlir. Nə qədər açınacaqlı olsa da çinayət törətmiş uşaqlar özləri etiraf edirlər ki, oğurluq etməzdən əvvəl internetdən oğurluqla bağlı lazımi məlumatları əldə ediblər. Hətta sosial şəbəkələrdə tanışlıqdan da istifadə ediblər. Sonrakı yerdə isə hüquqi məsuliyyət amili dayanır. Uşaqlar hesab edirlər ki, cinayət törətsələr də uşaq olduqları üçün məsuliyyətə cəlb edilməyəcəklər. Məlumata görə, son illər Azərbaycanda uşaqlar tərəfindən törədiən cinayət hadisələrinin sayında ciddi artım qeydə alınmayıb. Lakin uşaqların iştirakı ilə törədilən cinayətlərin ağırlıq dərəcəsinin artması narahatçılıq doğurur. Məsələn, uşaqlar tərəfindən törədilən qəsdən sağlamlığa zərər vurma, zorlama faktlarının artımı cəmiyyətdə ciddi narahatçılıq yaradır. Onu da xatırladaq ki, bir il ərzində ölkədə təxminən uşaqların iştirakı ilə 250-300 cinayət qeydə alınır. Cinayət törətmiş 10 yaşlılar və ondan aşağı yaş qrupuna daxil olan uşaqlar Qubada yerləşən müəssisədə saxlanılır. Təhsil Nazirliyinin tabeliyində olan bu müəssisə cəzaçəkmə müəssisəsindən fərqlənmir. Yeri gəlmişkən onu da xatırladaq ki, arıq Azərbaycanda uşaqlarla bağlı çinayət işlərinə xüsusi təlimlər keçmiş hakim və dövlət ittihamçıları tərəfindən baxılır. Hələlik onların sayı məhdud olsa da, ölkədə yuvinal ədliyyə sistemi tətbiq olunduqdan sonra bütün məhkəmələrdə bu qayda tətbiq ediləcək. Məhz bu kimi amillər nəzərə alınaraq Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələri haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlara dəyişiklik edilib. Dəyişikliyə əsasən Azərbaycanda cinayət törətməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanlarla yanaşı, həm də yetkinlik yaşına çatmayan şübhəli və zərərçəkən şəxslərin də şəxsiyyəti barədə hər hansı məlumatların razılıq olmadan yayılması qadağan olunur. Sözügedən yeniliyin Azərbaycanda insan hüquqlarına hörmətin çərçivəsinin daha da artırılmasına xidmət edəcəyi bildirilir. Milli Məclisin mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov bildirib ki, bəzən mətbuatda hər hansı məlumat vaxtından əvvəl, şişirdilmiş formada ictimaiyyətə çatdırılır. Bu da nəticədə arzuolunmaz vəziyyətin yaranmasına səbəb olur: "Məqsədimiz bu kimi halların qarşısını almaqdır. Bu da təbii ki, bütün hallarda KİV-in işini məhdudlaşdırmaq demək deyil". Xatırladaq ki, KİV haqqında qanunun 11-ci maddəsinə (İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar) əlavə olunan bəndə görə, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və "İnformasiya əldə etmək haqqında" qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yayılmasına yol verilməyəcək. Maddənin 4-cü bəndi isə dəyişdirilərək belə verilir: "Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir". Buna baxmayaraq, reallıqda bəzi kütləvi informasiya vasitələri azyaşlılar tərəfindən törədilən cinayətlərin yayılması zamanı nəinki qanunvericiliyə əməl edir, əksinə bundan sensasiya yaratmaq istəyində bilinur. Hüquqşünas Ərşad Hüseynov hesab edir ki, KİV-lər bundan sonra çox diqqətli olmalıdırlar. Çünki, əvvəllər yalnız 18 yaşına çatmayan uşaqlar təqsirləndirilən şəxs olanda onlar haqqında məlumat yalnız valideynlərin razılığı ilə yayıla bilərdi. İndi isə yetkinlik yaşına çatmayan şəxslər hətta zərərkəçəkən şəxs olduqda belə, onlar haqqında məlumatlar valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı olmadan yayıla bilməz. Onun sözlərinə görə, belə məlumatların yayılması bəzən həmin media orqanı üçün cinayət məsuliyyəti də yarada bilər: "Məsələn, bəzi KİV-lər bu günlərdə özünü "İŞİD"çi kimi təqdim edən şəxs tərəfindən girov götürülən 8 yaşlı uşağı danışdırmağa çalışırdı. Bu düzgün deyil. Qanunda edilən dəyişiklik də artıq bunu qadağan edir. Mövcud qanunvericiliyə əsasən, konkret olaraq Cinayət Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər belə bir məlumatın yayılmaması barədə xəbərdarlıq olunubsa, lakin yayılıbsa və o, istintaqın gedişinə və ya yetkinlik yaşına çatmayan şəxsə maddi və ya mənəvi ziyan vurarsa, bu zaman həmin KİV-ə qarşı cinayət işi başlana bilər. Amma bunu müəyyən etmək də asan məsələ deyil". Ekspert qanunda edilmiş digər bir dəyişikliyə də aydınlıq gətirib: "İstintaq məlumatları hər əlinə keçən şəxs tərəfindən yayılmamalıdır. İstintaq orqanı, yəni vergi orqanı, polis, prokurorluq istintaq məlumatlarının yayılmasına nəzarət eməlidir ki, onlar istintaqın gedişinə ziyan vurmasın. Əvvəla, KİV-də yalnız yayılmasına icazə verilən məlumatlar verilməlidir. İkincisi, xüsusi vurğulanır ki, isintaq zamanı hər hansı şəxsin ifadəsi başdan-ayağa, olduğu kimi yayıla bilməz. Oradan yalnız müəyyən epizodlar ümumi informasiya şəklində KİV-də verilə bilər". Konstitusiya Məhkəməsində hesab edirlər ki, yeniyetmələrin cinayət məsuliyyətinə cəlb edilməsində tələsmək olmaz. Çünki yeniyetmələrin, uşaqların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə alimlər və hüquqşünaslar arasında fərqli yanaşmalar var. Bir qismi hesab edir ki, qanunun qüvvəsi cinayət törətmiş uşaqlara qarşı yönələrsə, bu, müsbət nəticə verər. Bir qismi isə düşünür ki, əksinə, bu, yeniyetmələri cinayətə daha da sövq edə bilər, onların bir şəxsiyyət kimi formalaşmasına, psixologiyasına mənfi təsir edə bilər. Odur ki, Azərbaycanda uşaqların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsində milli xüsusiyyətlər də nəzərə alınmalıdır. Uşaqların tərbiyəsi, onların şəxsiyyətinin formalaşması baxımından bu, aktual bir problemdir. Gələcəkdə yuvinal ədliyyə ilə bağlı qanun qəbul ediləndə bu məsələyə çox ehtiyatla yanaşılmalıdır. Uşaqlar arasında cinayətkarlığın vəziyyəti, statistika öyrənilməlidir. Uşaqları cinayət məsuliyyətinə cəlb etməkdə tələskənliyə yol vermək olmaz. Xatırladaq ki, Azərbaycan Cinayət Məcəlləsinin 20-ci maddəsinə görə bütün hallarda 16 yaşına çatmış uşaqlar cinayət məsuliyyətinə cəlb edilə bilərlər.16 yaşına çatmamış uşaqlar isə 18 adda cinayət törətdiyi halda cinayət məsuliyyətinə cəlb edilirlər. Bu cinayətlər sırasına qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır və ağır dərəcəli zərər vurma, zorlama, soyğunçuluq, quldurluq, adam oğurlama, seksual xarakterli zorakılıq hərəkətləri, hədə-qorxu ilə tələb etmə, talama məqsədilə qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, terrorçuluq, adamları girov götürmə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etmə və ya zədələmə, ağırlaşdırıcı hallarda xuliqanlıq, odlu silah, döyüş sursatı, partlayıcı qurğuları talama və ya hədə qorxu ilə tələb etmə, narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu yolu ilə tələb etmə, nəqliyyat vasitələrini və ya yolları yararsız hala salma daxildir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00