DMX regionlarda maarifləndirmə tədbirləri keçirir
16 May 2016 14:54 SosialXaçmaz regional miqrasiya idarəsinin əhatə etdiyi Xudatda maarifləndirmə tədbiri keçirilib. "OLAYLAR"-ın Dövlət Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə vurğulanıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində vətəndaşlara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin genişləndirilməsi və müraciət edənlərin məmnunluğunun təmin olunması üçün DMX aparatının, o cümlədən 8 regional miqrasiya idarəsinin fəaliyyəti tam təmin olunub. Tədbirdə miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə də geniş məlumat verilib. Bildirilib ki, Miqrasiya Məcəlləsində əksini tapmış müddəalara əsasən respublikamızda daimi yaşama icazəsi almaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələrinin, habelə dövlət dili ilə bağlı biliklərinin yoxlanılması əcnəbilərin cəmiyyətimizə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır. Daha sonra vətəndaşlıq məsələsi ilə bağlı Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisində yaşayan 14 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti dinlənilib və izahedici söhbət aparılıb.