Kirlənmiş yuvalar
16 May 2016 13:07 SosialBu gün Azərbaycanda təhsil sistemi Qərb təhsilinə inteqrasiya edib. Bu, həm təlimdə, həm tərbiyədə özünü göstərsə də, orta məktəblər hələ də bir sıra problemlərdən xali deyil. Belə problemlərdən biri müəllim-şagird münasibətləri və onun psixoloji tərəfləridi. Dərslərdə yeni texnologoyalardan istifadə edilsə də, tərbiyə prosesi məqsədəuyğun təşkil oluna bilmir. Bu günkü Qərb təhsil sistemində pedoqoji kollektivdən tələb olunur ki, müəllimlə şagird arasındakı pərdə götrülsün, onlar dost, həmdərd, sirdaş olsunlar. Şagirdə yetgin şəxsiyyət kimi yanaşılsın. Bu, əlbəttə, çox yaxşıdı. Çünki belədə müəllim şagirdini öz balası kimi sevəcək, ona qarşı daha diqqətli olacaq. Vaxti ilə rus pedaqoqu Aleksandr Makarenko deyirdi ki, uşaqları sevməyən, gülməyi və güldürməyi bacarmayandan müəllim olmaz.
Çox doğru deyilmiş fikirdi. Amma gəlin görək bu gün məktəb kollektivinin ümumi hazırlığından tutmuş dünyagörüşü, əqidəsi, pedoqoji biliyi, psixoloji səviyyəsi, eləcə də digər bacarıq və qabiliyyəti dövrün tələblərinə uyğundurmu? Pedaqoq öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirirmi? Bizim müəllimlər şagirdlərinə övladları kimi yanaşırmı? Yaxud onların arasındakı sevgi ata- qız, ana-oğul münasibətlərini özündə ehtiva edirmi? Qarşılıqlı münasibətlərdə yaş amili nəzərə alınırmı? Daha dəqiqi, məktəblinin yaş dövrlərindən asılı olaraq müəllim şagirdinə münasibətdə ən yüksək formada insani münasibət sərgiləyirmi? Sualların bir cavabı var: əksər hallarda yox. Bu gün orta məktəblərdə müəllim-şagird münasibəti müxtəlif formada öz tarazlığını itirib. Ona görə də təhsil ocağına, elm yuvasına yaraşmayan eybəcər hadisələr baş verir: oğurluq, narkotikadan istifadə halları, zorlama və digər əxlaqsız hərəkətlər.
Bu günlərdə Şamaxıda baş verən son hadisə isə eybəcərliyin, rüsvayçılığın pik nöqtəsidi. Orta məktəb müəllimi şagirdini zorlayıb. Doqquzuncu sinif şagirdi bu zorlamadan hamilə qalıb, qız qarnında yeddi aylıq uşaq gəzdirir. Yeri gəlmişkən deyim ki, Pirbəhli kənd məktəbində baş verən rüsvayçılıq ilk belə hadisə deyil. Bir müddət əvvəl də Bakının Nərimanov rayonundakı 57 saylı məktəbdə 16 yaşlı iki yuxarı sinif şagirdinin 8 yaşlı oğlan uşağını tualetdə zorlaması ilə bağlı xəbər gündəmdə idi. Məsələnin ən pis tərəfi odur ki, hər iki məktəbin rəhbərliyi baş vermiş əxlaqsızlığı ört-basdır etməyə çalışırlar. Ancaq əbəs yerə vaxt və zəhmət xərcləyirlər. Göz qabağında baş vermiş bu rusvayçılığın üstündən necə adlamaq olar? Hadisəyə başqa don geydirib ictimaiyyətin təpkisindən yayına bilməzlər. Mümkün deyil. Amma mümkün idi ki, vaxtında nəzarət olaydı, şagirdləri diqqətdən kənarda saxlayıb müəllimlərin məsuliyyətsizliyinə
etinasız qalmayaydılar. Müəllimi işə qəbul edəndə əxlaqı, davranışı, oturuşu, duruşu, cəmiyyətə baxışı, çevrəsindəkilərə münasibəti də test ediləydi. Təkcə dərs dediyi fənni nümunəvi, hərtərəfli tədris etmək hələ yetkin şəxsiyyət demək deyil.
Məktəbdə baş vermiş əxlaqsızlığın sonrakı təfərrüatına varmadan hadisənin kökündə duran bir məsələni qeyd etmək isrəyirəm. Bu, orta məktəblərdə kişi müəllimlərin sayının az olmasıdı. Bu gün ölkənin orta məktəblərində işləyən müəllimlərin 80 faizdən çoxu qadınlardı. Bu rəqəm Bakı şəhəri üzrə 90-dı. Zərif cinsin nümayəndələrinin çoxluq təşkil etməsi, kişi müəllimlərin azlığı təkcə oğlanların deyil, həm də qızların tərbiyəsində özünü mənfi tərəfdən büruzə verir. Qızlar məktəbdə qadın müəllimlərlə ünsiyyətdə daha çox olurlar. Evdə də atalarının üzünü axşamlar görürlər. Rayonlarda çox ailələrin kişisi qazanc üçün ya Bakıda, ya da Azərbaycandan kənarda işləyir. Ona görə də məktəbli qız evdə əsil kişi görməkdən məhrum olur. Məktəbdə də yuxarı sinfin qızları oğlanlarla, eləcə də kişi müəllimləri ilə ünsiyyətə girib normal münasibət qurmağı bacarmırlar. Bu halda mayasında əxlaqsızlıq, alçaqlıq, xislətində heyvani şəhvət hissi güclü olan kişi müəllim davranış etiketindən kasad olan belə qızları tez tora sala bilir. Bu gün ucqar kənd məktəblərində qızların azlıq təşkil etdiyini də söylədiyim bu faktora əlavə etsəm, hər şey gün kimi aydın olur: Şamaxı məktəblisi cahilliyin və şəhvətin qurbanı olub.
Məlumdur ki, hər bir uşaq etiket qaydalarını məktəbdə öyrənir. Məktəb bu qaydadan məhrum olandan sonra məktəblidən nəyi tələb etmək olar? Müəllimdə abır, həya olmayanda insanlar baş verən rüsvayçılığa söykənib çox rahatlıqla məktəbi əxlaqsızlıq yuvasına bənzədirlər. Bax, bu, çox qorxulu tendensiyadır. Belə hallar əsasən Avropada, Qərbdə daha çox baş verir. Onun buralara qədər gəlib çıxması cəmiyyətin nizamını pozub. Qərb təhsil sisteminin Azərbaycan kimi xüsusi, fərqli mentaliteti olan bir ölkəyə gətirilməsinə gərək yox idi. Hələ tez idi, bizim səlahiyyətlilər buna hazır deyildi, elə cəmiyyət üçün də gözlənilməz oldu. Bütün bu gərəksiz transferlərin, inteqrasiyaların nəticəsidir ki, orta məktəblərdə neqativ hallar gündən-günə çoxalır.
Bəs çıxış yolu nədi? Yenidən sovet təhsil sisteminəmi qayıtmaq? Yox, olmaz, sadəcə yaxşıların üstündən xətt çəkmək olmazdı. Halbuki sovetlər dönəmində fərqli təhsil sistemi mövcud idi. Burda müəllim-şagird münasibətləri elə qurulmuşdu ki, müəllim dərsdə həlledici sima idi. Şagird də onun tələb və təkliflərini dinməz-söyləməz yerinə yetirir, göstərişlərindən kənara çıxmırdı. İndi dönüb geriyə baxanda o münasibətlər bəzi məqamlarda qəbulolunmaz kimi görünərək avtoritar mövqe təsiri bağışlaya bilər. Amma bu faktor indiki kimi müəllimlə şagird arasında gərgin psixoloji münasibət yaradaraq konflikt səviyyəsinə yüksəlmirdi. Çünki müəllimin istər pedoqoji, istərsə də sosioloji və psixoloji hazırlığı tələb olunan səviyyədə olurdu. Tərəflər arasında bir-birinə hörmət və diqqət ən yüksək səviyyədə özünü büruzə verirdi. Bir-iki il əvvələ kimi müəllimlər valideynləri "zorlayırdılar": süpürgə, təbaşir, silgi pulu, bayram hədiyyələri ilə. (Ağrıyaraq deyim ki, bu hallar qismən aradan qaldırılsa da, hələ bir çox məktəblərdə var, bəzi məktəblərdə isə məbləğ artırılıb - birinci sinfə qəbul olunmaq üçün 150-200 manat həcmində. Bu, başqa yazının mövzusudu). İndi də müəllim şagirdlə intim əlaqəyə girib zorlayır. Buna bir son qoyan tapılacaqmı?
Əslində bütün günahı müəllimin, məktəbin adına yazmaq da bir az insafsızlıqdı. Ailədə bəzən qızlara doğru tərbiyə verilmir. Valideynlə övlad arasında qurulan körpü sağlam olmur, səmimiyyət kölgədə qalır. Qızın ilk həyat müəllimi onun anasıdı. Ana qızı ilə diz-dizə oturub mənəviyyatsızlıq aşılayan seriallara baxmamalıdır. Ana serial qəhrəmanlarının sevgi macəralarına, nakam məhəbbət nağıllarına diqqət kəsilib ağlamaq əvəzinə qızına təhsil almağı, ali məktəb qapısından girməyi öyrətməlidi. Nə yazıq ki, bir çox ailədə analar qızlarına dərs kitabında yazılanları izah etmək əvəzinə "ərə getməyin kitabını" öyrədirlər. Şamaxı rüsvayçılığında da, şübhəsiz, bu amil ön planda yer alıb. Məktəbli qız aylar əvvəl zorlanıb, yeddi aylıq hamilədi. Amma valideynlərin indi yadına düşür ki, qızlarının namusuna təcavüz olunub, əxlaqı tapdalanıb. Sual yaranır ki, valideynin məqsədi nə olub ki, yeddi ay əvvəl deyil, məhz indi məsələnin qabararaq ictimailəşməsinə meydan açıb? Atanın hərəkətləri şübhəli deyilmi? Cavabın nə olacağı yəqin ki, məhkəmədə bilinəcək.
Bu və bu kimi digər oxşar rüsvayçılıqların ən pis nəticəsi odur ki, yeniyetmə oğlanların gözü qabağında baş verən belə hadisə onların hazırkı cəmiyyətdə, eləcə də gələcəkdə əsil kişi kimi mövqe tutmasında öz neqativ təsirini göstərək. Sabah onlar təmiz sevgi üzərində ailə qurmqda çətinlik çəkəcəklər, cəmiyyət içində, ictimaiyyətdə olan qızlara şübhə ilə yanaşacaqlar. Həmçinin də qızlar əks cinsin nümayəndələri ilə normal münasibət qurmaqdan çəkinəcəklər.
İki gün əvvəl facebook sosial şəbəkəsində bir videoçarxı izlədim - xarici ölkədə çəkilib. Məktəbə gecikən şagirdi sinfə girən kimi müəllim soruşmadan, bilmədən əlindəki çubuqla vurur. Şagird sonrakı gün də dərsə gecikir, müəllim tərəfindən eyni təpkini alır. Və davamlı olaraq döyülmə hadisəsi hər gün təkrarlanır. Bəs, səbəb nədi? Bu oğlan hər gün evdən qaça-qaça məktəbə yollansa da niyə dərsə gecikir? Demə iki qardaşın cəmi bir köynəyi varmış. Hər gün birinci növbə dərsdən çıxan böyük qardaş yoldaca köynəyini soyunub onu gözləyən balaca qardaşına verir. Ona görə də uşaq dərsə gecikir. Bir gün təsadüfən həmin yoldan öz avtomobili ilə keçən müəllim qardaşların köynəklərini dəyişdiyini görür və çox pis olur. Növbəti gün dərsə gecikən şagirdi müəllim tam fərqli qarşılayır, peşman halda ayağa qalxıb qarşısında diz çökərək dönə-dönə üzr istəyir, bağrına basır. Təsirli səhnədir təbii ki... Video müəllifi bununla cəmiyyətə mesaj ötürmək istəyib ki, müəllim şagirdi ilə davranarkən bir çox halda özünü haqlı saymamalıdır. Qarşısındakının dərdini öyrənməli, problemini həll etməyə çalışmalıdır. Nəinki gücsüz, zəif, köməksiz bir məktəblini zorlayıb həm onu ləkələməli, həm də elm ocağının istisini azaltmalıdır.
Cəmiyyətin özəyi müəllimlərdir. Onların atdığı hər səhv addım bu özəyi çürüdür. Halbuki müəllim sənəti bütün sənətlərin önündə yer alaraq vətəndaş mövqeyi sərgiləyib şagirdlərini Vətənə, torpağa məhəbbət ruhunda tərbiyə etməlidir. Müəllim yüksək mədəniyyət və mənəviyyat daşıyıcısı kimi uşaqlara nümunə olmalıdır. Üzeyir Hacıbəyov bir məqaləsində yazıb: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar". Valideynlər haqqında da eyni fikri söyləmək olar. Onlar da dünyaya gətirdikləri övladlarının tərbiyəsində özlərinin əxlaqı və digər insani davranışları ilə övlad qarşısında ən uca məqamda yer almalıdırlar. Amma adı çəkilən hadisənin "qəhrəmanları" bu ali dəyərlərdən məhrumdurlar. Nə məktəblini zorlayan müəllim normal ailə tərbiyəsi ala bilib, nə də zorlanan qız.
Orta məktəb qaranquş yuvasına bənzəyir. Hər il bu yuvadan yüzlərlə qaranquş balası pərvazlanıb müxtəlif istiqamətlərə yol alır. Ana qaranquşlar - müəllimlər isti və təmiz yuvalarından yola saldıqları balalarını - şagirdlərini bağırlarına basır, həyat məktəbində uğurlar diləyirlər. Elə də olur ki, həmin o bala qaranquşun bəzisi illər sonra müəllim olaraq öz yuvasına dönür. Bu, belə olub, belə də olacaq. Yazılmamış qanunauyğunluqdu - halqanın sıradan çıxmış bir bəndinin təzə biri ilə əvəz olunması kimi. Amma vay o gündən ki, bu yuvanı kirlədəsən, müqəddəsliyinə xələl gətirəsən. Bax, bu dəhşətli faciədi.
Şamaxı rayonunun Pirbəhli kənd məktəbində yeddi ay əvvəl faciə baş verib. Müqəddəs qaranquş yuvası kirlənib. Kirlənmiş yuva cəmiyyət üçün göz dağına çevrilib. Bu yuva tezliklə kirdən təmizlənməsə, hələ çox yuvalar kirlənəcək.
Kirlənmiş yuvaları təmizləmək lazımdı, özü də bu gün. Sabah gec olacaq...
Züleyxa Nadir