Elçin Hüseynbəyli yazır... Bir-birinə oxşayan körpələr...

Elçin Hüseynbəyli

Bir-birinə oxşayan körpələr...

Yaşıl ağacların arası ilə gedir və yazın şərəfinə nəğmə oxuyan quşları dinləyirdim. Birdən yolumun üstündə balaca bir sərçə gördüm, tullana-tullana gedirdi. Uçmaq istəyirdi, amma yerdən bir neçə santimetr ancaq aralana bilirdi. Ana və erkək sərçə tut ağacının başında dayanıb qışqırırdılar: görünür, balalarını ruhlandırırdılar: ya sərçəni yuvadan uçurmaq istəyəndə yerə salmışdılar, ya da özü ehtiyatsızlıqdan yuvadan aşmışdı.

Sərçəni əlimə almaq istədim. Fikrim vardı ki, onu daha hündür yerə qoyam, onda bəlkə uçdu. Uşaqlıqda biz bu fəndlərdən çox istifadə etmişdik. Ancaq körpəni əlimə almağa macal tapmamış ana və erkək sərçə elə haray-həşir, elə qara qışqırıq saldılar ki, bu fikrimdən vaz keçdim. Amma çox uzağa getmədim, yaxınlıqdakı oturacaqda əyləşib, bu işlin nə ilə qurtaracağını bilmək istədim. Həm də ətrafda gəzən pişiklərdən onu qorumaq niyyətindəydim. Pişiklər biz tərəflərdə saysız-hesabsızdı. Mənim onlarla öz-haqq hesablm var, ta uşaqlıqdan indiyə kimi bir-birimizi görməyə gözümüz yoxdu. Onlar daim nəsə oğurlamaq istəyir, amma atdığım daşların qorxusundan aralıdan keçməyi üstün tuturlar.

Məndən bir az aralıdakı sözxanada (besedkada) cavan bir ana öz körpə oğlu ilə oynayırdı. Uşaq təzə ayaq açmışdı. Zorla yeriyirdi. "Aha, gəl qucuma görüm" - deyə ana onu ürəkləndirirdi. Uşaq bir-iki addım atmışdı ki, yıxıldı. Anası yüyürüb onu qaldırdı. Yenidən oyunlarına başladılar. Birdən fikir verdim ki, bayaqkı balaca sərçə onların yanında dayanıb, ana və balanın oyununa tamaşa edir, yuxarıda isə ana və erkək sərçə özünü öldürür ki, adamlardan uzaq olsun. Bu zaman körpə uşaq bala sərçəni gördü və sevinə-sevinə ona tərəf getdi. Uşağın gəldiyini görən sərçə pırıldayıb yuxarı qalxdı, amma tez də yerə düşdü və tullana-tullana getdi. Bu dəfə fikir verdim ki, o, bayaqkından yaxşı uçur. Uşaq isə anasının yıxılmaq barədə xəbərdarlığına baxmayaraq, sevinə-sevinə, zəif və zərif addımlarla sərçənin dalınca gedir və bayaqkından da inamlı yeriyirdi...

Qəribəydi ki, indi nə ana və erkək sərçə, nə də körpə uşağın anası balacaların bu qaçdı-tutdusundan narahat olmurdular...

May 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00