Cəmiyyətləri təhlükəyə aparan hər cür maddi və mənəvi təxribatın əsas səbəbi narkotiklərdir
Narkomanlar arasında ən geniş yayılmış xəstəlik isə hepatitdir
16 May 2016 13:01 SosialBəşəriyyət qarşısında duran mürəkkəb və arzuolunmaz neqativ nəticələrə gətirib çıxaran narkomanlıq Azərbaycanda da aktual olaraq qalır. Narkomaniyaya qarşı mübarizə tədbirləri nə qədər gücləndirilsə də o, yoluxucu xəstəlik kimi yayılmaqda davam edir. Qeyd edilməlidir ki, respublikamızda narkomaniya ilə mübarizə sahəsində heç də az iş görülməyib. lakin bununla qətiyyən kifayətlənmək və arxayınlaşmaq olmaz.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilir ki, cəmiyyətimizin, ayrı-ayrı ictimai birlik və təşkilatların ən müxtəlif dövlət strukturlarının, xüsusən də hüquq-mühafizə orqanlarının bu istiqamətdə səylərinin birləşdirilməsi və gücləndirilməsi əsas amildir. Çünki yerləşdiyi geosiyasi məkana görə narkobizneslər Azərbaycana daha çox meyillidirlər. Onlar ölkəmizi narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün münasib dəhliz hesab edirlər. Odur ki, bu cür cinayətkarlığa qarşı mübarizə gündən-günə daha təsirli, peşəkar aparılır. Hüquq-mühafizə orqanlarının keçirdikləri uğurlu əməliyyatlar daim ictimaiyyətə açıqlanır. Məlumat üçün qeyd edək ki, narkomanlığın tarixi çox qədimdir. Hələ çox-çox əvəl xaş-xaş qozasından alınan şirə tibbi məqsədlər üçün istifadə edilirdi. Fransada "Həşişçilər məclisi"nin üzvü şair Şarl Bodler (1821-1867) "Süni cənnət" əsərində yazırdı "Bilmirəm, həşişdən ölümcül zəhərlənmənin nəticələri ilə on illik təcrübədən keçmiş tiryəkçilərin süqutu arasında bərabərlik işarəsi qoymaq olar, ya yox. Lakin mən təsdiq edirəm ki, onların biri sakitcə tovlayan (həşiş), digəri isə əndazə bilməyən iblisdir". Yazıçı Lev Tolstoy isə deyirdi ki, mən dünyada iki böyük bədbəxtlik tanıyıram. Bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır. Yunanca yuxu mənasındakı "narke"dən gələn və ingilis dilinə "narkotik" olaraq keçən narkotik sözü, keyitmə xüsusiyyəti olan, keyidən, eşitməz hala gətirən deməkdir. Kimyəvi xüsusiyyətləri ilə canlı orqanizmlərin quruluşuna təsir edən, sui-istifadə halında isə cəmiyyət quruluşu üçün böyük ölçüdə təxribata səbəb olan bu maddələr həm də ictimai istiqamətdə iqtisadi və sosial çöküntü meydana gətirən maddələrdir. İlkin cəmiyyətlərdə, qəbilə ayinlərində, mərasimlərdə, meditasiya və dualarda psixo-aktiv maddələrdən geniş istifadə olunmuşdur. Hallusenogen maddələr ehtiva edən göbələklər, Astek, Mayya sivilizasiyalarında, Amanita Muskaria göbələkləri isə Asiya qitəsindəki şaman mərasimlərində istifadə edilmişdi. Kokain Cənubi Amerika yerliləri tərəfindən sərt təbiət şərtlərinə qarşı, uzun piyada səfərlərində aclığa və yorğunluğa qarşı istifadə olunub.
Siqaretdən başlayaraq, bütün narkotiklərin ən böyük zərəri və təxribatı onun birbaşa beyinə, mərkəzi sinir sisteminə təsir etməsidir. Narkotik insanı tarazlıqdan, normal yaşam və davranışlardan uzaqlaşdırır. Zəka və yaddaş pozğunluqlarına gətirib çıxarır. Zəhərlənmə halında isə yüksək dozaya meyilli hüceyrələr məhv olur. Narkotik asılılığı yaşayan insan ölü halına gəlir. İntiharların, cinayətlərin, anarxiyanın əsasında narkotik durur. Daxili və xarici düşmənlərin ən ağır silahı "narkotik" və narkotik xəstəliklərinin dağıdıcı gücü olan "narkotik mədəniyyətidir". Cəmiyyətləri təhlükəyə aparan hər cür maddi və mənəvi təxribatın əsas səbəbi narkotiklərdir. Narkomanlar arasında ən geniş yayılmış xəstəlik isə hepatitdir. Xəstəlik qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlarda tez-tez rast gəlinir. Narkomanlar çox vaxt kollektiv şəkildə "iynələnirlər". Onlar birlikdə narkotik alır və bundan pul qazanırlar. Bəzən ayrı, bəzən də eyni dozadan eyni şpirislə iynələnirlər. Aydındır ki, yanındakının xəstə olduğunu bilmirlər. Narkoman heç də həmişə təmiz narkotik əldə etmir. Qarışıq narkotik isə daha qorxuludur. Doza həddinin aşılması və zəhərli maddələrin qarışığı baş beyinə öldürücü təsir göstərir. Beyin qabığı yavaş-yavaş ölür. Narkoman natamam insana çevrilir. Bəzən hərəkət edə bilmir, heç bir reaksiya göstərmir, düşünmür. Onların beyinləri ancaq fizioloji prosesləri idarə edə bilir. Onları yedirtdikdə yeyir, danışa, əşyalardan istifadə edə bilmirlər. Beləcə illərlə ömür sürürlər. İnsanın bütün maraqları, ümidləri, qarşısına qoyduğu məqsədlər getdikcə sönür. Artıq "ağ ölüm" insanı heç edir.
Kamal