Aprel şəhidləri Moskvada anılıb
16 May 2016 11:51 SosialRusiyanın paytaxtı Moskva şəhərində gənclər tərəfindən Dağlıq Qarabağda baş verən son hərbi əməliyyatlarda vətən uğrunda şəhid olanların 40 mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, anım mərasimi Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunu, eləcə də Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi tərəfindən təşkil edilib. Anım mərasimində Rusiyadakı Azərbaycan diasporunun gənc nümayəndələri iştirak ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dualar oxunub. Mərasimdə çıxış edən Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva bölməsinin rəhbəri Şamil Tağıyev bildirib ki, son döyüşlərdə həlak olan oğullarımız öz qəhrəmanlıqları ilə Azərbaycan xalqının şanlı tarixində yeni səhifə açmış oldular: "Azərbaycan öz qəhrəmanları ilə qürur duyur və onların xatirəsi əbədi olaraq könüllərdə yaşayacaq".