Veteranlara medallar təqdim olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Böyük Vətən müharibəsi illərində Ukraynanın azad olunmasında iştirak etmiş Azərbaycan Respublikasından olan müharibə veteranlarının "Ukraynanın faşist işğalçılarından azad edilməsinin 70-ci ildönümü" fərqlənmə medalları ilə təltif edilmələri münasibətilə təntənəli  tədbir keçirilib. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov, Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Dadaş Rzayev və digər qonaqlar iştirak ediblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Böyük Vətən müharibəsinin bəşər tarixində ən böyük və dəhşətli müharibə olduğunu, Azərbaycan xalqının rəşadət və qəhrəmanlıq nümayiş etdirərək qələbənin əldə olunmasında xidmətlər göstərdiyini, bununla Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya sübut etdiyini vurğulayıb. Qeyd edib ki, müharibə illərində 600 min nəfərdən artıq azərbaycanlı orduya gedib, onların yarıdan çoxu döyüşlərdə həlak olub. Tədbirin sonunda "Ukraynanın faşist işğalçılarından azad edilməsinin 70-ci ildönümü" fərqlənmə medalları veteranlara təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00