''Formula-1'' yarışları haqqında təqdimat keçirilib

Bakı Ali Neft Məktəbində 17-19 iyun tarixlərində Azərbaycanda keçiriləcək ''Avropa Qran Pri Bakı'' (Formula 1, Grand Prix of Europe) yarışları haqqında təqdimat keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və "Formula-1" yarışlarının Bakı Fan Klubunun təmsilçiləri iştirak ediblər. BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı qonaqları salamlayaraq Azərbaycanın son illər bir sıra mötəbər yarışlara və müsabiqələrə uğurla ev sahibliyi etməsini ölkəmizin tanınması və beynəlxalq arenada müsbət imicinin möhkəmlənməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. "Formula-1" yarışlarının rəhbəri, f-1.az saytının qurucusu Rəhim Əliyev yarışlar haqqında ətraflı məlumat verib, Bakıda keçiriləcək yarışın öz unikallığı ilə seçiləcəyini qeyd edib. Yarış boyu avtomobillər dənizkənarı bulvar boyunca, paytaxtımızın qədim incisi olan İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. "Formula-1" yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı olduğunu və yarış müddətində fanatların diqqətinin Bakıya yönələcəyini bildirən R.Əliyev həmin günlər paytaxtın dünyanın diqqət mərkəzində olacağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00