Əbülfəs Qarayev İranın İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının sədri ilə görüşüb
13 May 2016 16:23 SosialMayın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"a bildirilib ki, nazir Azərbaycan və İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, bu gün iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edir. Əbülfəs Qarayev əlaqələrin inkişaf etdirilməsinə bundan sonra da dəstək verəcəklərini diqqətə çatdırıb. İranın İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıda səfərdə olduqlarını vurğulayıb, səfər çərçivəsində bir sıra maraqlı görüşlər keçirdiklərini deyib. İranlı qonaq rəhbərlik etdiyi təşkilatın 60-dan çox ölkədə 83 mədəniyyət mərkəzinin olduğunu vurğulayıb. Bildirib ki, bu mərkəzlərdən biri də Azərbaycanda fəaliyyət göstərir: "Son illərdə Azərbaycanla münasibətlərdə böyük irəliləyiş müşahidə olunur. İran dövləti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün böyük maraq göstərir. İldən-ilə ölkələrimiz arasında mədəniyyət əlaqələri inkişaf edir, turist səfərlərinin sayı çoxalır. Məqsədimiz bu istiqamətdə müştərək əməkdaşlığı davam etdirməkdən ibarətdir".