Avroviziyadakı təmsilçimizin addımı siyasiləri də dilə gətirdi
Razi Nurullayev: “Hansısa usta əllər məqsədləri üçün iş başındadırlar”
13 May 2016 15:17 SosialBu günlərdə Azərbaycan cəmiyyətində ən çox müzakirə edilən mövzulardan biri də Avroviziya musiqi yarışması ərəfəsində baş verən proseslərdir. Özü də bu müzakirələr iki istiqamət üzrə cərəyan edir. Maraqlısı odur ki, hər iki istiqamət üzrə gedən müzakirələrdə əsas etibarilə tənqid elementləri özünü göstərir. Əslində elə tənqid də əsaslıdır. Birinci istiqamət odur ki, Ermənistan hər zaman olduğu kimi yenə də təxribatla məşğul olur və yarışmada separatçı Dağlıq Qarabağın "bayrağı"nı dalğalandırmağa səy göstərir. Heç şübhəsiz ki, Azərbaycan tərəfinin adekvat reaksiyası və müdaxiləsi nəticəsində erməni tərəfinin təxribat cəhdi demək olar ki, önlənilib. İkinci istiqamət üzrə müzakirələr isə bu yarışmadakı Azərbaycan təmsilçisi Səmra Rəhimli ilə bağlıdır. Daha doğrusu Səmranın səhnəyə açıq-saçıq çıxması ilə. Bəziləri bu hərəkətinə görə, Səmra Rəhimlini ciddi şəkildə tənqid etsə də, müəyyən qism ona bir növ haqq qazandırır. Məsələ kifayət qədər geniş müzakirə predmetinə çevrildiyindən siyasilər də Səmra Rəhimlinin atmış olduğu bu addıma münasibət sərgiləyiblər.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev də deyir ki, Səmra Rəhimlinin "Avroviziya" yarışması üçün getdiyi İsveçdə soydaşlarımızın qarşısında soyunması ölkənin gündəmini zəbt edib: "Qadınlar çömçəsini, kişilər yumruğunu büküb qızcığazın üzərinə hücum çəkirlər. Hücum o qədər güclüdür ki, Səmranın arxasında dayanan güclər belə onu müdafiə etməkdən qorxurlar. Çünki, Səmranın böyük bir hissəsi, çöldə qalmış sinəsi Dağlıq Qarabağ münaqişəsi barədə ciddi-ciddi müzakirələrin getdiyi vaxt gözlərə soxuldu. Bütün bunlara baxmayaraq, Səmra xanım yarışmanın qalibi olsa, hamı onun şəklini profil şəkli edəcək. Hər kəs onun soyunmasına haqq qazandıracaq. Allahdan arzu edirəm ki, Səmra qalib olsun, həm Azərbaycanı sevindirsin, həm də bu "ləkə"ni üzərindən silsin". Razi Nurullayev bildirir ki, Səmranın geyim seçiminin üzərindən səthi keçilmədi, halbuki keçmək mümkün idi: "Görünür, hansısa usta əllər məqsədləri üçün iş başındadırlar. Amma məsələ bu deyil ki, Qarabağ Səmranın dekoltesinin arxasında qaldı. Məsələ o idi ki, cəmiyyət yenə də beldən aşağı düşünür. Əlbəttə, burada böyük bir cəmiyyəti qınamaq da doğru kimi görünmə. Çünki, yarıçılpaq geyiminə görə, sosial şəbəkələrdə Səmranı tənqid edənlər çoxluq təşkil edirdi. Hərçənd ki, bir çoxu küyə düşərək, geri qalmamaq xatirinə düşünmədən bu qızcığazı az qala vətənə xəyanətdə günahlandırırdı. Səmranı ən çox o kəslər tənqid edirdilər ki, əlləri qadın əlinə belə dəyəndə qüsulunu pozulmuş hesab edirlər. Lakin, buna rəğmən gözəl bir qadından xoş söz eşitməmiş həmin şəxslər sırf nəzəri olaraq cinsi ehtiraslarını öldürmək üçün statuslarında "bud", "döş", "sinə", "ayaq", "dodaq" sözlərini işlədirlər. Bəlkə də, o şəxslər arasında elələri var ki, həyatlarında qadın sevgililəri olmayıb. Buna rəğmən küçədə, internet saytlarında gördükləri yarıçılpaq qadınlardan alət kimi istifadə ediblər. Səmranın paylaşılan sinəsi açıq fotoları da sırf nəzəri erotik işin tərkib hissəsidir. Bu görməmişlikdir, əlçatmazlığa üsyandır, xoş bir qadının sevgilisi ola bilməmək narazılığıdır bəlkə də". Razi Nurullayevin sözlərinə görə, cəmiyyətin mühafizəkar seqmentinə aid olan bu şəxslər hələ də Cenifer Lopezin ombalarını 1 milyon dollara sığortalamasının müzakirəsini edir: "Bu söhbətin üstündən 15-20 ilə yaxın vaxt keçir, amma Azərbaycan adamının danışdıqlarından belə çıxır ki, bu söhbət dünən olub. Və bu 15-20 il ərzində Cenifer ombalarına 100-dən çox həkim baxışı keçirib, bir neçə dəfə də selikon vurdurub. Bunu da bilmirlər. Və acı da olsa etiraf etməliyik ki, belə söhbətləri edənlərin, əfsuslar olsun ki, başları Ceniferin 1 milyonluq ombasından daha ucuzdur. Layiq olmasa da. Cəmiyyətin ön yarğılı, mühakiməsiz "məhkəmələrində" nə qədər qadınların "namus" üstündə qələmi qırılıb. Səmra da məhkəməsiz qurban edilənlərdəndir. Bizdə həmişə sənətlə, peşəkarlıqla şəxsi həyat qarışdırılması məsələsi var. Səmraya münasibətdə də bu belədir. Əlbəttə, Səmra göydən düşməyib, tənqid də etmək olar, yeri gəlsə təhqir də etmək olar. Amma bu adam susur, baş verənlərə etinasızdır. Çünki, bu onun qərarıdır, onun geyimidir, o belə düşünür. Çünki hər kəsin özünə cavabdeh olmasını bilir". AXCP sədri hesab edir ki, Səmranı "Qərb əxlaqsızlığı" ilə ittiham edənlər, şəxsinə ünvanladığı təhqir dolu statusları, fotoşopla bəzək-düzək verilmiş şəkillərini məhz həmin Avropa və Amerikanın beyin məhsulu olan sosial şəbəkələr, telefonlar, kompüterlər üzərindən paylaşırlar: "Özü də vicdan rahatlığıyla. İranın, Səudiyyənin və İslamın ən radikal məzhəblərinin hakim olduğu ölkələrin dini liderlərini özlərinə kumir seçmiş bu şəxslərin işıq gələn yerə barmaq dürtmələrini bu baxımdan başa düşmək olar. Amma, bura nə İrandır, nə Səudiyyədir, nə Qətərdir nə də Vatikan. Demirsiz, Səmra cəhənnəmlikdir? Olsun cəhənnəmlik. Lakin inandığınız Tanrı bunun üçün sizə səbrli olmağı tövsiyyə edir, axırını gözləyin. Məsələnin içində bu da var ki, Səmranı qır qazanına atan həmin şəxslər cənnətdə 4 gözəl - Şakira, Cenifer Lopez, Hadisə və Ancelina Coliylə müqayisə etdikləri hurilərlə keyf etməyə hazırlaşırlar. Dinin və adət-ənənələrin onlara vəd etdikləri cənnət səltənəti zehniyyətlərini də, beyinlərini də, gözlərini də kor edib. Uca Allahdan diləyim budur ki, insanların zehniyyətini və zəkasını qaranlıqlardan qurtarsın, onları Çinə belə elm dalınca göndərsin". Razi Nurullayev bildirib ki, Səmra əlində Azərbaycan bayrağıyla səhnəyə çıxır və bizi təmsil edir: "Bu da bir reallıqdır ki, Avropada başqa cür mümkün deyil. Oxumaq, yazmaq, bəstələmək istedad məsələsidir. Bu istedadlardan biri olan oxumaq da Səmra da var. Oxusun, bizi təmsil etsin. Elmin və texnologiyanın öz inkişafının pik həddində olduğu vaxt, cəhalətin hələ də qarabasma kimi aramazıda gəzməsi heç, yaxşı hal deyil. Səmranın dekoltesi ətrafında baş verənlər əsrlər boyu bəşəriyyətə zərərlər vermiş cəhalətin hələ də aramızda yaşadığının isbatıdır. Bununla belə oxumaqla, yeniliklərə açıq olmaqla onu ac qoyub öldürmək heç vaxt ağlımızın ucundan keçmədi. Əvəzində özümüzü yem edirik. Axundovdan bu yana heç nə dəyişməyib. Cəmiyyətimizin adamları hələ də dünyaya gülüş üçün Azərbaycandan tragi-komik obraz yaradırlar. Özümüz-özümüzü düşmənə, bu ölkəni məsxərəyə qoyub gülmək üçün kulisdə bir yalnışımızı görmək üçün gizlənmişlərə yem edirik. Ən xırda, ən qeyri-ciddi məsələləri lupa altına alıb böyüdürük. Lakin işığa kor baxan zehniyyət həmişə uçuruma aparıb. Səmranı dəstəkləyirəm. Onu müdafiə edirəm. O, Azərbacyanı təmsil edir. O, Azərbaycan torpağının qızıdır. Pisi də, yaxşısı da bizimdir. Hələ ki, yaxşısı ilə gündəmdədir, pisini görmək istəyənlər elə bunu istədikləri üçün belə görürlər".
Kamal