Suraxanıda tibbi müayinə uğurla başa çatıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla yekunlaşıb. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədənkeçmə qrafiki tərtib olunub. Suraxanı rayonun 214400 nəfər əhalisinin və rayonda məskunlaşmış 20 mindən yuxarı məcburi köçkünün tibbi müayinədən keçirilməsi 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada həyata keçirilib. Rayonda 166 min 707 nəfər vətəndaş və 139 kollektiv tibbi müayinədən keçib. Bu da tibbi müayinədən keçməsi nəzərdə tutulanların 71,1%-ni təşkil edir. Tibbi müayinədən keçən 5116 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 235 nəfər stasionar müalicəyə cəlb edilib, 256 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00